"Müstəqilliyə gedən yolda"

GƏNCLİK
19:01 18.01.2011
2693

Dəyirmi masa Azərbaycan Dövlət himninin səslənməsi ilə başlayıb. Ardınca 20 yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözüylə məktəbin tarix müəllimi Rəhilə Heydərova açıb. O, qeyd edib ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının həyatında böyük dönüş nöqtəsi oldu: “O müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, çağdaş milli-azadlıq hərəkatının qəhrəmanlıq günü kimi daxil olub. Həmin gün yüzlərlə qəhrəman oğul və qızlarımız təpədən-dırnağa qədər silahlanmış 35 min nəfərdən ibarət sovet ordusunun qarşısına əliyalın çıxmağa qadir olduğunu dünyaya sübut etdi. Biz fəxr etməliyik ki, müstəqilliyimiz 20 Yanvardan keçir. Ulu Öndərimiz Heydər Əliyev 20 Yanvar hadisələrinin əsl qiymətini verib. Bu gün şagirdlərimiz şəhidlərimizin şücaət salnaməsini öyrənməli, onları hər an hörmət və ehtiramla yad etməlidirlər. Bu, bizim vətəndaşlıq borcumuzdur”.

Sonra şagirdlər ədəbi-bədii, musiqili kompozisiya ilə çıxış ediblər. Şəhidlərə həsr olunmuş şeirlər, mahnılar ifa edilib. Milli musiqimizin sədaları altında şəhidlərimiz yad edilib. Şagirdlər öz çıxışlarıyla sübut ediblər ki, vətənimiz, torpağımız üçün öz canlarından keçən övladlarımız heç vaxt yaddaşlardan silinməyəcək, onlar hər zaman anılacaqlar. Məktəbin ədəbiyyat müəllimi Həcər Mahmudovanın hazırladığı bu kompozisiyalar şagirdlər tərəfindən maraqla qarşılanıb. Tədbirdə xüsusi vurğulanıb ki, ümummilli lider Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bura yığışmış xarici jurnalistlər və azərbaycanlılar qarşısında çıxış edib, imperiya siyasətini, M.Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa edib.

Sonda söz 283 nömrəli məktəbin direktoru Şüküfə Axundovaya verilib. O da öz növbəsində ağır günlərdə xalqımızın nümayiş etdirdiyi birlikdən, qəhrəmanlıqdan söhbət açıb. Xalqımızın çətin illərdə Ümummilli lider Heydər Əliyevin ətrafında birləşdiyini xüsusi vurğulayıb. Şüküfə xanım qeyd edib ki, bu gün Azərbaycanda minlərlə qəhrəman övladlar yetişir. O, şagirdlərə layiqli Azərbaycan vətəndaşı olmağı arzulayıb. Tədbirdə Milli Qəhrəman Mübariz İbrahimov da yad edilib. Qeyd edilib ki, bu gün ordumuzda minlərlə Mübariz kimi oğullar var, onlar Ali Baş Kamandanın əmrini gözləyirlər. Həmçinin o da qeyd edilib ki, şəhidlərin əziz xatirəsi və onların ailələrinə qayğı daim prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dəyirmi Masa 20 Yanvar hadisələrini əks etdirən filmin nümayişi ilə yekunlaşıb.


Hacıbəy HEYDƏRLİ, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbəsi, 525-ci qəzet

OXŞAR XƏBƏRLƏR