Məktəb direktorları Təhsil nazirinin 8 martla bağlı göstərişinə əhəmiyyət vermir

GƏNCLİK
05:54 07.03.2011
2096

Məlum olduğu kimi, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, hər kəs öz müəlliməsini arzu və istəyinə uyğun olaraq bu və ya digər şəkildə təbrik edə, hədiyyə ala bilər: “Mən məktəblərdə hər hansı ad altında şagirdlərdən, valideynlərdən pul yığılmasının əleyhinəyəm. Bununla belə, kimsə öz müəllimini təbrik etmək istəyirsə, burada da qəbahət yoxdur.

Yəni belə hallar təhsilin, müəllimin, məktəbin nüfuzuna xələl gətirməməlidir”. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə qəzetimizə açıqlamasında bildirmişdi ki, müəllimə bir dəstə gül və yaxud da ətir alarlar. Amma kimsə direktor üçün, hansısa məsul şəxs üçün şagirdlərdən pul yığırsa, bu, əlbəttə ki, yolverilməzdir. Ümumiyyətlə, müəllimi təbrik etmək üçün pul yığmaq tərbiyəsizlik və əxlaq normalarına sığmayan haldır". 
Nazirliyin bu tapşırıqlarına baxmayaraq məktəblərdə yenə də pul yığımı başlayıb. Ötən gün redaksiyamıza zəng edən valideynlər məktəblərdəki pul yığımından şikayətləndilər. 
Adının açıqlanmasını istəməyən valideyn övladının Xətai rayonu Zakir Əhmədov adına 64 saylı orta məktəbdə oxuduğunu dedi. Onun sözlərinə görə, məktəbdə aşağı siniflərdən 20-30 manat, yuxarı siniflərdən isə 40-50 manat civarında pul yığılır: “Məktəbin direktoru Rəfail müəllimdir. Onun işlərini yönəldən şəxs isə Gülayə, Arzu, Zərnişan adlı müəllimələrdi. Adı çəkilən müəllimlər şəxsən göstəriş veriblər ki, pul yığılsın. Qızım 8-də oxuyur. Məktəbdə müəllimlərin özləri birbaşa şagirdlərdən pulu tələb edirlər. Şəxsən mən borc alıb göndərmişəm. Bu məktəb şəhid adınadı. Mən təəssüflənirəm ki, o cür oğlanlar getdi şəhid oldular. İndi adlarını daşıyan məktəblər korrupsiya yuvasına çevrilib. Bundan əlavə, hər ay məktəbdə 5 manat fond pulu, 1 manat isə süpürgə pulu yığırlar. Yazıq süpürgəçilər, ayda 80-100 manat civarında maaş alırlar”.
2 nömrəli Füzuli rayon qaçqın məktəbində də ibtidai siniflərdən 10 manatdan yığılır. Valideynin sözlərinə görə, pulu məktəbin valideynlər komitəsinin sədri yığır: “Gedib şikayət etdim ki, nazir pul yığımına qadağa qoyub. Dedilər nazir qadağa qoyub deyə müəllimləri təbrik etməyəcəyik?! Həm də deyirlər hədiyyə almaqdansa pul yığmaq sərf edir”. 
Binəqədi rayon 211 nömrəli məktəbdə də pul yığılır. Redaksiyamıza zəng edən valideynin sözlərinə görə, yuxarı siniflərdən 20, aşağı siniflərdən isə 10 manatdan yığılır: “Övladımın biri doqquzuncu sinifdə oxuyur. Digəri isə 4-cü sinifdə oxuyur. İndi ikisinə birlikdə 30 manat pul göndərmişəm. Nazir məktəblərdə pul yığımına qadağa qoyduğuna görə bu il pulun miqdarını aşağı salıblar. Əvvəllər yuxarı siniflərdən 50 manat, aşağılardan isə 30 manatdan yığırdılar. Nazir dedi pul yığımına qadağa qoyulsun, demədi ki, miqdarı azaldılsın. Bir dəfəlik pul yığımına son qoyulmalıdır. Adam pulu verəndə də əsəbiləşir, verməyəndə də. Neçə dəfə olub pul verməmişəm deyə müəlliməsi uşağı dərs danışmağa da qaldırmayıb. Ona görə məcbur qalıb verirəm ki, uşaq utanmasın”.

//Musavat qəzeti

 

OXŞAR XƏBƏRLƏR