Bəs görəsən, dövlət bu sahədə vəziyyəti düzəltmək üçün hansı addımları ata bilər? Turzim sahəsində qiymətlərin yüksək olması monopoliya elementləri ilə bağlı deyil ki? Bu və ya başqa suallara cavab almaq üçün Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbliyə müraciət etdik.
- Hadi müəllim, hökumət turizm sahəsinin inkişafı üçün nə etməlidir və nələri edib?
- Azərbaycanda turizmin inkişafı böyük potensial mövcuddur. Ölkəmizdə bu sahənin inkişafı ilə bağlı kifayət qədər mükəmməl hüquqi baza formalaşıb. Həm dövlət başçısının sərəncamları, həm də Milli Məclisin qəbul etdiyi qanunlar turizmin inkişafının hüquqi əsaslarını təşkil edir.
Hesab edirəm ki, turizm sahəsi qeyri-neft sektorunda aparıcı yerlərdən birini tutur. Azərbaycanda son illər turizm obyektlərinin sayı artmaqdadır. Bu sahədə beynəlxalq təcrübə öyrənilir, dövlətə əhəmiyyətli dərəcədə gəlir gətirə bilən sahə kimi mütəxəssislərin yetişdirilməsinə ciddi fikir verilir. Eyni zamanda, qiymət məsələsində də müvafiq strukturlar lazımi addımlar atmaqdadırlar. Hesab edirəm ki, görülən işlər Azərbaycanı turizm məkanı kimi dünyaya daha yaxşı tanıdacaq.
- Qiymət məsələsindən söz düşmükşən, Azərbaycanda turizm, istirahət məkanlarındakı bahaçılıq nə ilə bağlıdır?
- Bu, ciddi problemdir. Ərzaq təhlükəsizliyi haqqında dövlət başçısının müvafiq sərəncamı var. Bu o deməkdir ki, xaricdən ərzaq məhsullarının idxalından daha çox yerli məhsullarımızın istifadəsinə lazımi şərait yaradılmalıdır. Yəni, biz nəyə görə külli miqdarda vəsaitimizi xaricə tökək. Məgər özümüz-özümüzü yerli ərzaq məhsulları ilə təmin edə bilmərik? Yerli ərzaq məhsulları istehsal etmək olmaz? Həmçinin bizdə niyə turizm, turizm xidmətləri, burada istifadə olunan ərzaq məhsulları baha başa gəlir? Azərbaycanda olan turizm məkanlarında həm iaşə xidməti, həm ərzaq məhsullarının keyfiyyəti, həm təbiət və s. görə xaricdəkilərdən qat-qat yaxşıdır. Məsələn, mən özüm Antalyada olmuşam, dənizə girirsən daş sanki adamın ayağını dağıdır. Hətta Antalyada olarkən dostlarımdan biri dənizə girər-girməz daş ayağını kəsib-doğradı. Oradakı çimərlik də o qədər ürəkaçan vəziyyətdə deyildi. Yeməklər də, demək olar ki, süni idi. Amma bu gün Lənkəranda dəniz sahilində yerləşən «Palıdlı sahil» istirahət məkanında vəziyyət və şərait çox yüksək səviyyədədir. Ancaq gəlin görək Azərbaycandakı turizm məkanlarında bahaçılığın kökündə dayanan səbəb nədir? Nəyə görə Antalyada ucuzluqdur, bizdə bahaçılıq? Antalyada turizm mövsümü, turizm biznesi beş ay müddəti əhatə edir, bizdə isə cəmi iki ay, iki ayyarım olur.
- Təkcə səbəb budurmu?
- Xeyr, bizdə təşkilatlanma, dəstək məsələsi də zəifdir. Mən həmişə deyirəm, həmkarlar təşkilatlarına elə şərait yaradılmalıdır ki, onlar təkcə xəstəlik kağızı verməsin, həm də sağlamlıq kağızı versin. Putyovka versin xəstə gedib öz sağlamlığını qorusun, qazansın. Belə olarsa, bizdə turizm, istirahət məkanlarına üz tutanlar daha çox olar. Bizdə putyovkalar əsasən iyul-avqust aylarında satılır, verilir. Niyə may ayında, iyun ayında və yaxud sentyabr ayında satılmasın? Hesab edirəm ki, bu istiqamətdə də ciddi düşünülməli və müvafiq addımlar atılmalıdır.
Bu gün Qəbələdə, Qubada, İsmayıllıda, Lerikdə, Lənkəranda və digər bölgələrimizdə olan turizm, istirahət məkanlarının şəraiti, servis xidmətinin keyfiyyəti, heç də xaricdəkilərdən geri qalmır. Bu gün Antalyada və digər xarici turizm məkanlarında nisbətən ona görə ucuzluqdur ki, orada turizm biznesinə embarqo qoyulmur, əksinə imkan yaradılır ki, kimin nəyi varsa, gətirib ora qoysun, həm özü qazansın, həm də turizmi inkişaf etdirsin. Orada turizm məkanlarını çox zaman vergilərdən azad edirlər, digər səviyyələrdə dəstək verirlər. Ona görə düşünürəm ki, bizdə də bu məsələlər reallaşdırılmalıdır, müvafiq qurumlar bu işə dəstək verməlidirlər. İlk gündən onları sıxmamalıdırlar, boğmamalıdırlar, onların sinəsinə çökməməlidirlər, belə demək mümkünsə, “atalarını yandırmamalı”, “bellərini qırmamalı”dırlar. Burada, sadəcə, hesablama aparmaq lazımdır, görək, xaricdə nə qədər azərbaycanlı turist var, xaricə nə qədər pulumuz havayı yerə sərf olunur. Bunun on faizini Azərbaycanda saxlasaq, görün, nə olar.
- Bu sahədə monopoliya amilinin də olduğu bildirilir…
- Yoxdur. Mədəniyyət və Turizm Nazirliyi demək olar ki, bu sahədə rüşvətin qarşısını alıb. Nazirlik bu sahənin inkişafına mane olmur, lakin tam şəkildə dəstək də ola bilmir. Ortalıqda icra hakimiyyətləri, o var, bu var və s.