Addımbaşı geyim mağazalarının əksəriyyətində "endirim" yazılan çağırışlara demək olar ki, ilin hər fəsilində rast gəlirik. Əslində burada təəccüblənməli bir şey yoxdur. Dünyanın hər yerində mövsümün axırı yaxud əvvəli endirim kampaniyaları keçirilir. Alıcılar da bundan yararlanır. Bizdə isə bu “endirim kampaniyaları”nın məqsədi müəyyən qədər fərqlidir. Əslində alıcıların əksəriyyəti, endirimin sadəcə sözdə olduğunu başa düşür. Kampaniyaların maraqlı tərəflərindən biri də odur ki, endirimə qoyulan malların əvvəlki qiyməti yazılmır. Deməli, bu faizlər də əslində bizim üçün “aldadıcı kampaniyadır”. Daha doğrusunu desək bir-iki il vitrinlərdə qalıb satılmayan geyimlər 50-70 faiz endirimə qoyulmaqla alıcılara yeni model kimi təqdim edilir.
Ekspertlər isə normal ticarətdə qiymətin maya dəyərindən ən çox 10% baha olmalı olduğunu qeyd edir. Yəni, hər hansı ticarət şəbəkəsi malı 20 manata alıbsa, onu ən yaxşı halda 21 manata sata bilər. Lakin magazalarda mövsüm əvvəli və mövsüm sonu 100 manata satılan mal, indi 35 manata alıcılara təqdim olunur. Bu isə iqtisadi nəzəriyyəyə, normal iqtisadi münasibətlər sisteminə tamamilə ziddir. Yəni əslində bu malın maya dəyəri 100 manat yox məhz 30 manatdır. Onu 35 manata satan ticarət şəbəkəsi isə hər bir halda qazanır. Aldadıcı məqamlardan biri də magazalarda vitrinlərdə öz qiymətinə (məs: 28AZN)- ə satışa qoyulan malın bir müddət sonra endirim mövsümündə də eyni qiymətə ( 28AZN) satılmasıdır. Amma di gəl ki, bunu satıcıya sübut etmək olmur o , həmin malın 50% endirimdə olduğunu israrla təkrar edir. Biz alıcılar isə çıxılmaz vəziyyətdə qalıb məcburən həmin paltarı elə o qiymətə də alırıq.
Sözügedən məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov endirimlərin təkcə Azərbaycanda yox, bir sıra ölkələrdə də istehlakçıları aldadan məsələ olduğunu deyib. Onun sözlərinə görə endirimlər qanunla tənzimlənmir lakin "İstehlakçının hüquqlarının müdafiəsi haqqında qanun"da da göstərildiyi kimi istehlakçı malın bütün sənədlərini, keçmiş və indiki rəsmi qiymət sənədlərini tələb edə bilər. Bundan sonra alıcı aydınlaşdıra bilər ki, həmin malın qiymətində endirim edilib ya yox. İstehlak hüquqlarının sözün əsl mənasında qorunduğu ölkələrdə endirim olunan malın əvvəlki qiymətindən başlayaraq, rəqəmlər sıra ilə göstərilir. Lakin Azərbaycanda əksər hallarda yalançı endirimlər müşayiət olunur. Alıcını aldadan tərəf də məsuliyyət daşıyır. Bu zaman dövlət orqanlarına müraciət etmək lazımdır. Çünki istehlakçını aldadan tərəf maddi məsuliyyət daşıyır. Sonda bir dahaxatırladaq ki, , mal alarkən aldanmamaq üçün hüquqlarınızdan istifadə edin. Malın keçmiş və indiki rəsmi qiymət sənədlərini tələb edin, digər mağazalarda olan mallarla qiymət tutuşdurması aparın.
Qumru, AZXEBER.COM