Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?

Macarıstan Türk dünyasından uzaqlaşır? - Niyə Ankara görüşündə iştirak etmədilər?
SOSİAL
15:31 02.11.2026
248
Macarıstanda Viktor Orbanın 16 illik hakimiyyətinin başa çatması ölkənin xarici siyasətində mümkün dəyişiklikləri, xüsusilə Türk dünyası ilə münasibətlərinin gələcəyini yenidən gündəmə gətirib.

Macarıstanın Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə görüşündə təmsil olunmaması da bu baxımdan diqqət çəkib. 
Yeni hökumətin Macarıstanın TDT çərçivəsindəki mövqeyini qoruyub-qorumayacağı müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Tural İsmayılov bildirib ki, Macarıstanın bir zirvə görüşündə iştirak etməməsini Türk dünyasından siyasi uzaqlaşma kimi qiymətləndirmək düzgün olmazdı:

"Macarıstanın Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının XIII Zirvə görüşündə təmsil olunmaması ilk baxışdan diqqətçəkən diplomatik məqamdır. Xüsusilə Viktor Orban hökumətinin son illərdə Türk dünyası ilə münasibətlərə verdiyi önəm, Macarıstanın TDT-də müşahidəçi statusu və 2025-ci ildə Budapeştdə təşkilatın qeyri-rəsmi sammitinə ev sahibliyi etməsi bu yoxluğu daha maraqlı edir.

Bununla belə, bir zirvədə iştirak etməməyi Macarıstanın Türk dünyasından uzaqlaşması kimi qiymətləndirmək üçün kifayət qədər əsas yoxdur. Macarıstan 2018-ci ildən TDT-də müşahidəçi statusuna malikdir, 2019-cu ildə Budapeştdə təşkilatın Avropa nümayəndəliyinin açılmasına ev sahibliyi edib, 2025-ci ildə isə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünü qəbul edib. Bu faktlar Macarıstanın Türk dünyası ilə əlaqələrinin epizodik xarakter daşımadığını göstərir”.

Politoloqun sözlərinə görə, Viktor Orbanın hakimiyyətdən getməsindən sonra Macarıstanın xarici siyasətində müəyyən dəyişikliklər mümkündür, lakin bu, bütün tərəfdaşlarla münasibətlərin yenidən qurulacağı demək deyil:

"Macarıstanın xarici siyasətində əsas xüsusiyyətlərdən biri müxtəlif geosiyasi mərkəzlərlə paralel münasibətlər qurmaqdır. Rəsmi Budapeşt Avropa İttifaqının üzvü kimi Brüssellə institusional münasibətlərini davam etdirir, eyni zamanda Türkiyə, Mərkəzi Asiya ölkələri və digər regional aktorlarla əlaqələrini genişləndirir. Bu siyasət Macarıstana alternativ iqtisadi və diplomatik imkanlar qazandırır.

Yeni hökumətin xarici siyasət prioritetlərində dəyişikliklər baş verə bilər. Xüsusilə Avropa İttifaqı ilə münasibətlərin yenidən tənzimlənməsi Macarıstanın beynəlxalq mövqeyinə təsir göstərə bilər. Lakin Türk dünyası ilə əməkdaşlıq Budapeşt üçün yalnız siyasi deyil, həm də iqtisadi və strateji əhəmiyyət daşıyır. Buna görə də bu əlaqələrin tamamilə arxa plana keçəcəyini düşünmürəm”.
 
 

Tural İsmayılov hesab edir ki, Avropa İttifaqı ilə münasibətlər də Macarıstanın TDT çərçivəsindəki siyasətinə təsir göstərə biləcək amillərdəndir:

"Avropa İttifaqının TDT ilə bağlı bəzi məsələlərə, xüsusilə Şimali Kipr Türk Cümhuriyyətinin təşkilatda müşahidəçi statusuna münasibəti nəzərə alınmalıdır. Brüssel 2024-cü ildə Viktor Orbanın Şuşada keçirilən qeyri-rəsmi sammitdə iştirakına dair xüsusi mövqe bildirmiş, Macarıstanın bu platformada iştirakının Avropa İttifaqı adından həyata keçirilmədiyini vurğulamışdı.
Bu yanaşma göstərir ki, Macarıstanın TDT ilə münasibətləri Avropa diplomatiyasında həssas mövzulardan biridir. Yeni hökumətin Brüssellə münasibətləri normallaşdırmaq istiqamətində atacağı addımlar Budapeştin bəzi diplomatik qərarlarına təsir edə bilər. Bununla belə, Avropa İttifaqı ilə münasibətlərin yaxşılaşdırılması Türk dünyası ilə əməkdaşlıqdan imtina edilməsini zəruri etmir”.

Politoloq Macarıstanın Türk dünyası ilə əməkdaşlığının iqtisadi və nəqliyyat maraqları baxımından da əhəmiyyətli olduğunu vurğulayıb:

"Macarıstanın Türk dünyası ilə əməkdaşlığı sırf mədəni və tarixi yaxınlıqla məhdudlaşmır. Orta Dəhliz, enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanları, ticarət və investisiya əlaqələri Budapeşt üçün praktik əhəmiyyət daşıyır. Avropanın mərkəzində yerləşən Macarıstan Şərq-Qərb nəqliyyat əlaqələrinin inkişafında özünü mühüm tərəfdaş kimi mövqeləndirməyə çalışır.

Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin genişlənməsi də bu strategiyanın tərkib hissəsidir. Belə bir şəraitdə TDT ilə əməkdaşlıqdan imtina etmək Macarıstanın öz iqtisadi və diplomatik maraqları ilə uzlaşmazdı. Bu səbəbdən hesab edirəm ki, yeni siyasi hakimiyyət dövründə də iqtisadi əməkdaşlığın qorunması Budapeşt üçün prioritet olaraq qala bilər. Müşahidəçi statusu təşkilatın bütün tədbirlərində mütləq iştirak öhdəliyi yaratmır. Diplomatik təmsilçilik səviyyəsi müxtəlif səbəblərdən dəyişə bilər. Lakin Macarıstanın builki zirvədə heç bir səviyyədə təmsil olunmaması diqqətəlayiqdir. Hazırda Budapeştin bu qərarı ilə bağlı ictimaiyyətə açıqlanmış konkret rəsmi izah yoxdur.

Azərbaycan baxımından isə əsas məsələ Macarıstanın bir zirvədə iştirak edib-etməməsindən daha geniş məzmun daşıyır. Türk Dövlətləri Təşkilatı artıq Avropa ilə Asiya arasında iqtisadi, nəqliyyat və siyasi əməkdaşlıq imkanları yaradan mühüm platformadır. Macarıstanın bu prosesdə iştirakı Türk dünyasının coğrafi və diplomatik əlaqələrinin genişlənməsi baxımından əhəmiyyətlidir”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR