Magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməyəcək – Təhsil Nazirliyi

Magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməyəcək –  Təhsil Nazirliyi
Bütün Xəbərlər
12:43 08.01.2015
1947
2014-cü ilin son günlərində parlamentdə keçirilən müzakirələrdə magistr təhsili alan tələbələrə hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı millət vəkili Qənirə Paşayeva tərəfindən təklif irəli sürülüb. Bu məsələ artıq xeyli zamandır ki, müzakirə mövzusudur. Minlərlə gənci maraqlandıran və bu səbəbdən də aktual olan məsələ ilə əlaqədar Təhsil Nazirliyinə rəsmi sorğu ilə müraciət etdik.
AZXEBER.COM-un rəsmi sorğusu nazirliyin aidiyyəti idarələrinin yetkililəri tərəfindən cavablandırılıb.
- Magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədar Təhsil Nazirliyinə müvafiq qurumlardan müraciətlər daxil olubmu və qurumda sözügedən məsələ ilə əlaqədar hansı işlər görülür?
Nazirliyin mətbuat xidmətindən sorğumuza verilən cavabda bildirilir ki, bu məsələ ilə bağlı ali təhsil müəssisələrindən Təhsil Nazirliyinə bu günədək heç bir rəsmi müraciət daxil olmayıb, lakin təhsilin fasiləsizliyinin təmin edilməsinin zəruri olduğu dəfələrlə qeyd edilib.
- Magistrlərın hərbi xidmətinin müvəqqəti dondurulması – onlara möhlət verilməsi - məsələsi bu gün gündəmdədirmi? Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı yaxın gələcəkdə hansısa addımların atılması nəzərdə tutulurmu?
“Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununa əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Magistratura səviyyəsində təhsil alanlara möhlət verilməsi məsələsi yalnız Qanuna müvafiq dəyişiklik edildiyi halda mümkündür”.
Magistratura pilləsinə daxil olmaq istəyən və magistr adını qazanan oğlan tələbələrə hərbi xidmətdən möhlət hüququ verilmir və Təhsil Nazirliyi də bizə vermiş olduğu açıqlamasında yaxın dönəmlərdə bu məsələyə yanaşmada hər hansı dəyişiklik edilməyəcəyini bildirdi. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycanda magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı məsələdə yeniliyin tətbiq olunacağı, bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcəyi ilə əlaqədar yeniliklər gözlənilmir. Hətta bu məsələ gündəmdə də deyil. Bu barədə Təhsil Nazirliyindən bizə verilən cavabda bildirilir.
Mətanət
OXŞAR XƏBƏRLƏR