Xəbər verdiyimiz kimi, iyunun 27-də Fransanın Nanter şəhərində polis əməkdaşının yol hərəkətinə nəzarət zamanı 17 yaşlı əlcəzairli sürücünü güllələyərək öldürməsi ölkədə kütləvi narazılığa səbəb olub. Etiraz aksiyasında 719 nəfər saxlanılıb. Fransa prezidenti Emmanuel Makron hökumətə ölkədə asayişi bərpa etmək üçün tapşırıq verib.
Fransada baş verən etirazlar prezident Emmanuel Makronun istefasına gətirib çıxara bilərmi?
Bununla bağlı politoloq İlyas Hüseynov AZXEBER.COM-a açıqlama verib.
Politoloq bildirib ki, Fransada polisin zorakı metodlarla yanaşması təəssüf doğurur:
"Fransada qeyri-bərabər münasibət uzun illərdir ki, hökm sürür. Xüsusilə ərəb ölkələrindən, Afrika ölkələrindən gələn şəxslərə bu dözümsüzlük irqi, milli, dini ayrıseçkilik özünü qabarıq şəkildə göstərir. Bu gün Fransada ixtişaşlar geniş xarakter alıb. Dövlət, hakimiyyət, polis bu ixtişaşların qarşısını almaqda acizdir. Emmanuel Makron təcili müşavirə keçirsə də yenidən hadisələr genişlənib. Mənə elə gəlir, ixtişaşlar qalıcı xarakter daşıyacaq.
Makronun dövründə etirazlar sarı jiletlilərin üsyanı, pensiya islahatları ilə bağlı ictimai çağırışların ardınca 17 yaşlı gəncin güllələnməsi ilə daha da geniş vüsət alıb. Makronun daxili və xarici siyasətdə buraxdığı səhvlər, ermənipərəst mövqeyin nümayiş olunması göz qabağında idi. Maraqlıdır ki, Fransada ixtişaşlar alovlandıqdan sonra Marseldə erməni nümayəndələri ilə görüş keçirilib”.
![](https://azxeber.com/file/pic/xeber/2023-07/1688469742_-ca0daec6159464103711134031410374124.jpg)
İlyas Hüseynov vurğulayıb ki, E.Makron dünyanın ayrı-ayrı coğrafi bölgələrinə müdaxil edir. Lakin bu da uğursuzluqla nəticələnir:
"Fransa prezidenti öz həyat yoldaşı ilə birlikdə Elton Conun konsertinə qatılır, əylənir. Dövlətin idarə edilməsi sadə bir iş deyil. Lakin Fransa prezidenti bu vəzifənin öhdəsindən gələ bilmir. Müstəmləkəçi zehniyyətini ortaya qoyur. Ancaq bu gün beynəlxalq münasibətlər sisteminin çağırışları tamamən başqa yanaşmanı diqtə edir”.
Politoloq hesab edir ki E. Makron Fransa tarixinin ən təcrübəsiz, bacarıqsız rəhbəri kimi tarixə düşəcək:
"Fransada prezidentin istefa verməsi də bir nəticə verməyəcək. Çünki Makron ölkəyə çoxsaylı zərbələr vurub. Bu problemlərin öhdəsindən gəlmək isə çətindir. Makron Fransa tarixinin ən təcrübəsiz, bacarıqsız rəhbəri kimi tarixə düşəcək".
Şəbnəm Zahir