Nazirlər Kabinetinin 2012-ci il 16 noyabr tarixli 263 nömrəli qərarı ilə "Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası" təsdiq edilib.
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə sözügedən təşkilatların baş mühasibləri və ya illik maliyyə hesabatlarını tərtib edən əməkdaşları üçün 3 gün ərzində treninq keçiriləcək.
Bu barədə AZXEBER.COM-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Analoji addım «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası»nın ilkin tətbiqi zamanı da atılıb. Beləki, qeyri-hökumət təşkilatlarının hesabatların tərtibi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün həmin təşkilatlara Maliyyə Nazirliyinin xüsusi hazırladığı təlimçilər tərəfindən müvafiq təlimlər keçirilib.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyasi partiyalar üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Maliyyə Nazirliyinə təqdim edilməlidir.