'Maliyyə Planlaması' layihəsinin açılış mərasimi keçirilib

GƏNCLİK
16:10 23.04.2013
2574

21 aprel tarixində “World Business Centre”də “Maliyyə Planlaması” layihəsinin açılış mərasimi keçirilib.

AZXEBER.COM-un məlumatına görə, açılış mərasimində “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, “Yukor” MMC-nin təsisçisi Orxan Əmrahov, “Yukor” MMC-nin direktoru Aqşin Abdulla, “Modern Marketing Group” şirkətinin təsisçisi Yusif Vəliyev, “İRƏLİ” İqtisad Mərkəzinin rəhbəri Bəhman Hüseynli və layihə iştirakçıları iştirak ediblər.

“İRƏLİ” sədri Rauf Mərdiyev çıxış edərək layihənin önəmliliyini vurğulayıb. İştirakçıları layihədən maksimum yararlanmağı tövsiyyə edib və onların layihədə əldə etdikləri təcrübənin gələcək karyeralarında müsbət təsirini verəcəyini qeyd edib. Sonda iştirakçıları təbrik edərək, uğurlar arzu edib.

“Yukor” MMC-nin təsisçisi Orxan Əmrahov və şirkətin direktoru Aqşin Abdulla layihənin gedişatı barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, layihə 2 mərhələdə aparılacaq. Birinci mərhələdə nəzəri hissənin tədrisi, ikinci mərhələ isə təcrübə mərhələsi olacaq. Layihə zamanı özünün doğruldan iştirakçılar ikinci mərhələyə keçərək “Yukor” MMC-də təcrübə keçmək şansı əldə edəcəklər.

"Maliyyə Planlaması" layihəsinə dəstək olanlar arasında "Bakcell" şirkətinin nümayəndəsi Rəşid İsayev da açılışda iştirak edib. Rəşid İsayev iştirakçılara şirkətin hədiyyə paketlərini təqdim edib və onlara uğurlar arzulayıb.

“İRƏLİ” İqtisad Mərkəzinin rəhbəri Bəhman Hüseynli mərkəzin bu müddət ərzində keçirdiyi layihələri haqda ətraflı məlumat verib və “Maliyyə Planlaması” layihəsinin də digər layihələr kimi uğurlu olacağını qeyd edib.

Xatırladaq ki, “Maliyyə Planlaması” layihəsi “İRƏLİ” İqtisad Mərkəzi və “Yukor” MMC-nin birgə əməkdaşlığı ilə keçirilir. Təlimlər “Yukor” MMC-nin əməkdaşları tərəfindən aparılacaq. Layihə müddətində mühasibat uçotunun əsasları, mühasibat işlərinin Microsoft Excell proqramında tətbiqi, şəxsi maliyyə planlaması kimi əhəmiyyətli təlimlər keçiriləcək.

OXŞAR XƏBƏRLƏR