Son illərdə sağlamlıq mövzularında ən çox müzakirə olunan minerallardan biri də maqneziumdur. Xüsusilə yuxu, stress, əzələ problemləri və ümumi sağlamlıqla bağlı maqnezium əlavələrinə maraq artıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Sağlamlıq Elmləri Universitetinin müəllimi, farmakologiya üzrə mütəxəssis Dos. Dr. Mehmet Evren Okur bildirib ki, maqnezium orqanizmdə 300-dən çox ferment prosesində iştirak edir.
Bu mineral əzələ fəaliyyəti, qan şəkərinin tənzimlənməsi, ürək ritminin qorunması, sümük sağlamlığı və sinir sisteminin fəaliyyətində mühüm rol oynayır.
Maqnezium ehtiyacı bəzi hallarda daha çox yarana bilər. Xüsusilə Kron xəstəliyi, 2-ci tip diabet, insulin müqaviməti olan şəxslərdə, yaşlı insanlarda, eləcə də uzun müddət bəzi dərmanlardan istifadə edənlərdə maqnezium səviyyəsi azala bilər.
Çatışmazlıq zamanı əzələ qıcolmaları, keyimə, qarıncalanma və yorğunluq kimi əlamətlər müşahidə oluna bilər.
Lakin mütəxəssis xəbərdarlıq edir ki, maqneziumu həkim məsləhəti olmadan qəbul etmək düzgün deyil. İnsanın yaşı, cinsi, sağlamlıq vəziyyəti və istifadə etdiyi dərmanlar nəzərə alınmalıdır.
Maqneziumun artıq qəbulu da orqanizm üçün problem yarada bilər. Tövsiyə edilən dozadan çox istifadə nadir hallarda zəhərlənməyə səbəb ola bilər. Bu zaman ishal, baş ağrısı və digər narahatlıqlar ortaya çıxa bilər.
Xüsusilə böyrək xəstələri maqnezium qəbulunda diqqətli olmalıdır. Çünki mineral əsasən böyrəklər vasitəsilə xaric olunur və böyrək çatışmazlığı olan insanlarda bədəndə toplanaraq sağlamlıq riskləri yarada bilər.
Mütəxəssislər maqnezium preparatlarının təsadüfi şəkildə deyil, həkim və ya əczaçı məsləhəti ilə seçilməsini, məhsulların isə etibarlı mənbələrdən alınmasını tövsiyə edir.
Şahanə











































