Masallıda yeni ATS quraşdırıldı

Bütün Xəbərlər
16:48 09.02.2011
1746

ANS PRESS-in məlumatına görə, günün sonuna qədər 6 min abonentin 2 mini ilə rabitə əlaqəsi bərpa ediləcək. Hazırda rayonda Telekommunikasiya Qovşağının binasında baş verən çökmədən sonra rabitə xidmətlərində yaranan problemlərin aradan qaldırılmasi istiqamətində iş aparılır. Bərpa işlərinə “Aztelekom” İstehsalat Birliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparıcı mütəxəssisləri nəzarət edir. Eləcə də cənub bölgəsinin bütün rayonlarından rabitəçilər köməyə gəlib.

Dağıntının baş verdiyi ərazidə təmizləmə işləri əllə aparılır ki, bütün detalları araşdırmaq mümkün olsun. Rəsmilər hələlik hadisənin baş verməsi ilə bağlı dəqiq versiya bildirmirlər.

Xəsarət alanlara gəlincə, onlardan 3-nün vəziyyəti normallaşdığından artıq evə buraxılıblar. Yalnız bir nəfər, 54 yaşlı İbadət Abusət oğlu Quliyevin vəziyyəti orta ağır olduğundan xəstəxanada qalıb.

Xatırladaq ki, fevralın 7-də saat 14:40 radələrində Masallı rayon Telekommunikasiya Qovşağının binasında güclü partlayış baş verib. Partlayışın təsirindən dördmərtəbəli binanın bir hissəsi tamamilə dağılıb. Nəticədə iki nəfər ölüb, 5 nəfər yaralanıb.

Qeyd edək ki, bina 1988-ci ildə inşa edilib. Hadisənin qaz sızmasından baş verdiyi ehtimalı təkzib edilib. Çünki binada ümümiyyətlə qaz sistemi olmayıb.

 

OXŞAR XƏBƏRLƏR