"Real Madrid”in fransalı ulduzu Kilian Mbappe illər sonra "Liverpul”a transferi ilə bağlı diqqətçəkən açıqlama verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Mbappe "Monako”da çıxış etdiyi vaxt "Liverpul”a keçməyə çox yaxın olduğunu deyib.
"The Athletic”ə danışan futbolçu həmin dönəmdə "Liverpul”un baş məşqçisi olan Yurgen Kloppla görüşdüyünü bildirib. Mbappenin sözlərinə görə, anası onun İngiltərə klubuna transfer olmasını xüsusilə istəyib.
"Anam mənim "Liverpul”a imza atmağımı çox istəyirdi. "Monako”da oynadığım vaxt qərar verməli idim və "Liverpul”a çox yaxın idim. Çünki anam möhtəşəm məşqçi olan Kloppun "Liverpul”unun böyük fanatı idi”, – Mbappe deyib.
Fransalı hücumçu Kloppla görüşünü də xatırlayıb:
"Onunla tanış olmuşdum. Aramızda inanılmaz münasibət və ona qarşı böyük hörmətim var. Təyyarədə uçarkən o, mənə layihəsindən danışırdı. Mən isə ona belə deyirdim: "Məni inandırmağa ehtiyac yoxdur. Sən Yurgen Kloppsan, bura "Liverpul”dur, bura böyük klubdur”.”
Qeyd edək ki, Mbappe həmin vaxt "Liverpul”a transfer olmayıb və karyerasını "Monako”dan sonra əvvəlcə PSJ-də, daha sonra isə "Real Madrid”də davam etdirib.
Gülay











































