Mədəniyyət və Turizm Nazirliyi məlumatları təkzib edir

Mədəniyyət və Turizm Nazirliyi məlumatları təkzib edir
Bütün Xəbərlər
07:57 06.10.2011
1204
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi İranın “Fars” xəbər agentliyi və “Tehran Tayms” kütləvi informasiya vasitələrində getmiş yalnış məlumatlarla bağlı bəyanat yayıb. AZXEBER.COM xəbər portalının məlumatına görə, bəyanat nazirliyin internet saytına yerləşdirilib. Bəyanatda deyilir ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan tarixi dostluq və qarşılıqlı hörmət ənənələri bu gün hər iki tərəfdən dövlət siyasəti səviyyəsində inkişaf etdirilir: “Təbii ki, mövcud şərait mədəniyyət sahəsində əməkdaşlığın da genişlənməsinə imkan yaradır. Təsadüfi deyil ki, ötən il İranda böyük uğurla Azərbaycan mədəniyyəti günləri keçirilib, dövlətlərarası mədəniyyət proqramlarının davamı olaraq 2011-ci ilin oktyabr ayının 3-dən Azərbaycanda İran İslam Respublikasının mədəniyyət həftəsi öz işinə başlayıb. Maraqlı sərgilərin, bədii kino nümayişlərinin, ədəbi-elmi görüşlərin uğurla davam etdiyi günlərdə təəssüf ki, İran İslam Respublikasının “Fars” xəbər agentliyi və “Tehran Tayms” kimi informasiya vasitələri bu əhəmiyyətli mədəniyyət hadisəsini işıqlandırarkən ədəbiyyat və mədəniyyət tarixindən bütün dünyaya məlum olan gerçək faktları təhrif etməyə cəhd göstəriblər. “Tehran Tayms” Nizami Gəncəvinin Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb-yaratdığını, vəfat etdiyini, mavzoleyinin orada yerləşdiyini yazsa da, dahi azərbaycanlını İran şairi kimi təqdim edib”. “Fars Xəbər Agentliyi” də eyni kobud yanlışlığa yol verib”. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, İranın mətbuat orqanlarına yol tapmış yanlış məlumatlara qarşı qəti etirazını və dərin təəssüf hissini bildirir, bütün tarixi, ədəbi məxəzlərin, dünya ictimaiyyətinin, Nizamişünaslıq elminin təkzibolunmaz dəlillərinə əsasən Nizami Gəncəvinin İran şairi deyil, Azərbaycan şairi olduğunu, Azərbaycanın qədim şəhəri Gəncədə doğulub yaşadığını, orada əbədiyyətə qovuşduğunu bəyan edir: “9 əsr ərzində Nizami Gəncəvi adı, onun ölməz irsi həmişə Azərbaycana məxsus olmuş, dahi şairi dünya sivilizasiyasına Azərbaycan xalqı bəxş etmişdir. Dövrün ədəbi qaydalarına uyğun olaraq bir çox digər Azərbaycan şairləri kimi, Nizami Gəncəvinin də öz əsərlərini fars dilində yaratması onun milli mənsubiyyətini təyinetmə mövzusu olmayıb və ola da bilməz”.
OXŞAR XƏBƏRLƏR