"Mədəniyyətimiz bazar olub, kim nə istəyir, satır" - Xalq artisti

"Mədəniyyətimiz bazar olub, kim nə istəyir, satır" - Xalq artisti
MAQAZİN
12:49 17.06.2026
203
"İndi mədəniyyətimiz sanki bazardır. Hərə öz malını satmaq üçün piştaxtaya çıxardır. İzləyici də nəyi istəyir, onu alır. Bir musiqi ilə ki, rəqs edirsən, o musiqiyə qiymət qoyulmur".

AZXEBER.COM xəbər verir ki, bu sözləri dünya şöhrətli Xalq artisti Alim Qasımov deyib.

Sənətkar bildirib ki, müasir dövrdə musiqi bazar kimi formalaşıb və buna görə də bayağılığın qarşısını almaq çətinləşib:

"İndi mədəniyyətimiz, musiqimiz elə bir həddə çatıb ki, meydana çıxan mahnıların qarşısını təəssüf ki, almaq olmur. Sanki mədəniyyətimiz bir bazardır və hər kəs öz malını satmağa çalışır. Dinləyici də zövqünə uyğun nəyi istəyir, onu alır, dinləyir. Təəssüf ki, biz bunun qarşısında aciz qalmışıq. Zövqlər müxtəlif olduğu üçün mən bu məsələyə qiymət vermək istəmirəm. İndi zəmanə dəyişib, dövran gənclərindir, cavanlarındır. Əsas məsələ budur ki, insanlığı və mənəviyyatlarını unutmasınlar".

Alim Qasımovun sözlərinə görə, mədəniyyətimizdə yaranan bayağılıq sosial şəbəkələrdən gəlir:

"Bu kimi halların yayılmasında səbəb internetin yaranması və sosial şəbəkələr oldu. Orada çox vaxt keçirən insanlar həvəssiz və hövsələsiz oldular. Heç kəs sakit oturub 20-30 dəqiqə muğama qulaq asmaq istəmir. Qaçırlar 2-3 dəqiqəlik əyləncəli mahnılara. Bu səbəbdən toylarımızda da bu kimi bayağı musiqilər var. Təbii ki, bu bizim üçün bayağı sayılır, bunun da sevəni, dinləyəni, rəqs edəni var. Bir musiqi ilə ki, rəqs edirsən, o musiqiyə qiymət qoyulmur. Onu dinləmək, anlamaq, qulaq asmaq lazımdır, oynamaq yox".
 
///primetime.az
OXŞAR XƏBƏRLƏR