Media Hüququ İnstitutu Nərimanov Məhkəməsinin “Xural” qəzetinin üzərinə 50 000 AZN təzminat ödəmək vəzifəsi qoyan qərarını pisləyir. Media Hüququ İnstutundan AZXEBER.COM-a verilən məlumata görə, medianin üzərinə onların ödəmək iqtidarında olmadıqları məbləğdə təzminat yükü qoyan belə qərarlar tənqidçi jurnalistləri özünüsenzuraya vadar edir, onların gözünün qorxudulmasına xidmət edir.“Xural” qəzeti Azərbaycanda pivə istehsalı sahəsində monopol durumda olan “Baltika-Bakı” MMC-nın baş direktoru Adam Tlexurayın iddiası əsasında cərimə olunub. “Xural” 2011-ci ildə həmin müəsisənin rəhbərinin 20 Yanvar hadisələrinin şəhidlərini təhqir edən ifadələr işlətdiyini, “Baltika-Bakı”da bəzən keyfiyyətsiz pivə istehsal olunduğunu, bu üzdən müəssisədə yoxlamalar aparıldığını yazıb. Məlumatı müəsisə rəsmiləri də təsdiqləsə də, müəsisənin rəhbəri həmin məqalənin onun şərəf və ləyaqətini aşağıladığını əsas göstərərək məhkəməyə müraciət edib. İddiaçı qəzetin 150 min AZN təzminat ödəməsini tələb edirdi. Nərimanov Məhkəməsi həmin iddianı cavabdeh tərəfə müdafiə haqqı tanımdan, qismən təmin edib. Məhkəmə prosesi barədə “Xural”ın vəkillərinə bilgi verilməyib, onların məhkəmədə iştirakı təmin olunmayıb.MHİ hesab edir ki, mübahisəyə səbəb olan məqalə bir qədər sərt olsa da, xidmət sektorunda inhisarçı mövqedə dayanan müəssisədə işlərin vəziyyəti ilə bağlı ictimai debatlar konteksti çərçivəsindən qırağa çıxmayıb. Demokratik ölkələrdə belə fikirlərin həmin müəssisənin rəhbərinin şərəf və ləyaqətini ləkələdiyini iddia etmək ifadə azadlığı konsepsiyası ilə bir araya sığmır. MHİ yuxarı məhkəmələrin bu qanunsuz qərarı ləğv edəcəyinə ümid edir.“Xural” qəzeti hökuməti sərt tənqid edən mövqeyi ilə seçilir. Belə mövqeyinə görə davamlı olaraq basqı altında olub. 2011-ci ilin sentyabr ayınadək həftədə bir dəfə nəşr olunan qəzetə qarşı basqılar gündəlik nəşrə keçdikdən sonra daha da artıb. Media Hüququ İnstitutu son 6 ay ərzində “Xural” qəzetinə və qəzetin baş redaktoruna qarşı məhkəmə davalarının qısa icmalını təqdim edir:- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Xural” qəzetini 10 000 AZN cərimələtdirib; - Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qəzetə qarşı mülki iddia qaldıraraq 10 000 AZN təzminat tələb edib, məhkəmə iddianı qismən təmin edib;- Sabiq baş prokuror İxtiyar Şirinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və baş redaktorun müavini Məlahət Zeynallının həbs olunmasını istəyib;- Millət vəkili Etibar Hüseynov qəzeti mülki qaydada məhkəməyə verib, 10 000 AZN təzminat istəyib;- Nərimanov məhkəməsi “Xural” qəzetini 100 AZN məbləğində cəriməni ödəyə bilmədiyinə görə 3000 AZN cərimə edib;- Xural qəzetinin bölgə əməkdaşı Aydın Canıyev xuliqanlıq ittihamıyla həbs olunub;- Oktyabrın 19-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və Prezident yanında KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərlinin iddiası əsasında “Xural”ın bütün əmlakı müsadirə edilib;- Oktyabrın 25-də Ədliyyə Nazirliyi məhkəmə qərarlarını icra etmədiyinə görə Əvəz Zeynallıya cinayət işi açıldığını bəyan edib;- Oktyabrın 28-də “Xural”ın baş redaktoru Əvəz Zeynallı Nəsimi Məhkəməsinin hökmü ilə 3 aylığa həbs edilib.