Xəbər verdiyimiz kimi, mayın 30-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Qlobal informasiya mühiti və media trendləri” konfransı – "MEDİAFEST-2025” keçirilib.
Konfrans Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbu orqanı olan "Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə baş tutub.
"MEDİAFEST-2025” konfransında iştirak edən Manşet.az xəbər portalının baş redaktoru Əli Vəliyev konfrans haqda fikirlərini AZXEBER.COM əməkdaşı ilə bölüşüb. Baş redaktor Naxçıvanda təşkil olunan konfransın yüksək səviyyədə keçirildiyini, tədbirin öz təntənəsi ilə yadda qaldığını deyib:
"Naxçıvanda keçirilən 'Qlobal informasiya mühiti və media trendləri' – 'MediaFest-2025' konfransı çox yüksək səviyyədə keçirildi. Medianın 150 illiyi ilə bağlı keçirilən bu tədbir doğrudan da öz təntənəsi ilə yadda qaldı. Xüsusilə medianın 150 illiyi ərəfəsində, məhz həmin gün bütün media insanlarının, media kapitanlarının iştirak etdiyi tədbirdə Naxçıvan Dövlət Televiziyasının peyk yayımına başlaması böyük və əlamətdar hadisədir. Bu hadisənin medianın 150 illiyi ilə eyni vaxta təsadüf etməsi çox sevindiricidir".
Baş redaktor onları təəccübləndirən əsas məqamlardan birinin Naxçıvanda məktəbli qəzetinin buraxılması olduğunu qeyd edib:
"Bununla bərabər, onu deyə bilərəm ki, Naxçıvan həqiqətən də medianın 150 illiyi və xüsusilə az öncə adını çəkdiyim mövzu ilə bağlı çox gözəl hazırlaşmışdı. Bunun nəticəsi olaraq muxtar respublikada çox maraqlı tədbirlər keçirildi. Xüsusilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli media nümayəndələrinə qarşı çox nəcib davranaraq onları qəbul etdi, suallarını dinlədi. Daha sonra biz 'Şərq qapısı' qəzetinin tarixini əks etdirən bir çox stendlərlə tanış olduq. Eyni zamanda bizi orada ən çox təəccübləndirən və maraq doğuran məqamlardan biri məktəbli qəzetinin buraxılması oldu. Ümumilikdə deyə bilərəm ki, Naxçıvanda keçirilən tədbirlər çox gözəl təşkil olunmuşdu. Tədbirdə Azərbaycanın ən önəmli media nümayəndələri, televiziya rəhbərləri, dövlətin rəsmi şəxsləri, qəzet və sayt rəhbərləri iştirak edirdilər. Bu, çox sevindirici haldır. Blokada şəraitində olan Naxçıvanda belə möhtəşəm bir tədbirin keçirilməsini alqışlayıram və bir daha tədbirin təşkilatçılarına – həm Mətbuat Şurasına, həm də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin nümayəndəliyinə, "Şərq Qapısı” qəzetinin rəhbəri Sara xanıma təşəkkür edirəm".
Səfər zamanı Naxçıvanın ən gözəl yerlərindən olan Əshabi-Kəhf ziyarətində və "Göycə" festivalında iştirak etdiklərini deyən Əli Vəliyev Naxçıvan səfərini yüksək qiymətləndirib:
"Günün sonuna yaxın Naxçıvanın ənənəsinə uyğun olaraq "Göycə” festivalı keçirildi. Biz də media nümayəndələri olaraq orada iştirak etdik. Daha sonra Əshabi-Kəhf ziyarətində olduq. Naxçıvanın bir sıra önəmli yerlərini rəsmi tədbirlərdən sonra gəzdik. Ümumiyyətlə, Naxçıvanda keçirilən bu tədbiri çox yüksək qiymətləndirirəm".
"Bayraqdar" medianın baş redaktoru Azər Həsrət də Naxçıvanda keçirilən "Qlobal informasiya mühiti və media trendləri” konfransı – "MEDİAFEST-2025” tədbiri haqqında AZXEBER.COM-a açıqlama verərək, tədbir barədə yalnız xoş sözlər deyilə biləcəyini xüsusi vurğulayıb:
"Bu möhtəşəm tədbir haqqında yalnız xoş sözlər demək olar, çünki həqiqətən də Azərbaycan mediasının aparıcı nümayəndələrinin qonaq qismində qatıldığı bu tədbir doğrudan da möhtəşəm idi. Təşkilatçılıq yüksək səviyyədə idi, göstərilən diqqət və qayğı yüksək səviyyədə idi. Prezidentin Naxçıvan üzrə nümayəndəsi şəxsən tədbirlərdə iştirak etdi, qonaqları qəbul etdi, fikir mübadiləsi aparıldı. Təbii ki, tədbirlərin istirahət hissəsi də oldu. Yəni, hər şey mükəmməl idi".
Azər Həsrət həmçinin, bir zamanlar xüsusi məhdudiyyətləri ilə tanınan Naxçıvanda belə bir təşkilatçılığın müşahidə olunmasının sevindirici olduğunu bildirib:
"Naxçıvanda belə bir təşkilatçılığı görmək məni şəxsən çox sevindirdi. Çünki bilirsiniz ki, bir müddət Naxçıvan məhdudiyyətləri ilə tanınırdı. Amma indi görünür ki, Naxçıvan yavaş-yavaş özünə gəlir, dirçəlir və Azərbaycanın digər bölgələrindəki irəliləyişlər burada da müşahidə olunur. İnsan haqları, demokratiya, dövlət quruculuğu sahələrindəki inkişaf burada da hiss olunur. Nizam-intizam, təmiz və səliqəli mühit, insanların üzündəki təbəssüm və xoş aura – hər şey mükəmməl idi. Əlbəttə ki, mediaya dair çıxışlar, fikirlər, müzakirələr də aparıldı. Düşünürəm ki, Azərbaycan mətbuatının 150 illik yubileyi çərçivəsində belə möhtəşəm bir tədbirin Naxçıvanda keçirilməsi çox xoş oldu".
Günel Hüseynli
Yazı Medianın İnkişafı Agentliyinin "fikir, söz və məlumat azadlığının plüralizmin inkişaf etdirilməsi"mövzusunda dərc edilib.