“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir

“MediaLAB”: İnformasiya müharibəsinə qarşı maarifləndirmə daha da gücləndirilməlidir
MEDIA
17:25 21.10.2026
411
AzTV-nin "MediaLAB” proqramında informasiya müharibələrinin təhlükəli həddə çatması, yeni elementlərlə müşayiət olunması və Azərbaycana qarşı həyata keçirilən dezinformasiya kampaniyaları müzakirə edilib.

Əməkdar jurnalist Müşfiq Ələsgərli sosial şəbəkədəki paylaşımında informasiya hücumlarının yaratdığı təhlükələrə diqqət çəkib. O bildirib ki, Azərbaycana qarşı son günlərdə həyata keçirilən informasiya hücumları, eləcə də bu hücumların bəzən gözlənilməz mənbələrdən qaynaqlanması informasiya manipulyasiyalarına qarşı maarifləndirmə işlərinin daha da sürətləndirilməsinin vacibliyini göstərir.

Qeyd olunub ki, cəmiyyətin informasiya savadlılığının artırılması, insanların manipulyativ məzmunu vaxtında müəyyənləşdirmək və saxta məlumatları həqiqətdən ayırmaq bacarığının formalaşdırılması informasiya müharibəsinə qarşı mübarizənin əsas istiqamətlərindəndir.

Artıq üçüncü efir həyatını yaşayan "MediaLAB” proqramı müasir dövrün aktual çağırışlarını əhatə edir. Verilişdə informasiya müharibələri, Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyalarına qarşı mübarizə, süni intellekt texnologiyalarının köməyi ilə hazırlanan saxta məlumatlar, kibertəhdidlər, kiberdələduzluqlarla mübarizə və informasiya təhlükəsizliyi məsələləri geniş şəkildə işıqlandırılır.

Tanınmış jurnalist Ülfət Rəhim tərəfindən müəllifi olduğu və aparıcılığı ilə təqdim edilən proqram informasiya məkanında baş verən proseslərin təhlili, cəmiyyətin maarifləndirilməsi və müasir informasiya təhdidlərinə qarşı mübarizə baxımından əhəmiyyət daşıyır.

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, süni intellekt vasitəsilə saxta foto, video və audio materialların hazırlanmasının asanlaşdığı bir dövrdə informasiya təhlükəsizliyinin qorunması xüsusi aktuallıq kəsb edir. Belə şəraitdə vətəndaşların məlumatları paylaşmazdan əvvəl onların mənbəyini yoxlaması, şübhəli məzmunu təhlil etməsi və dezinformasiyanın yayılmasına şərait yaratmaması mühüm əhəmiyyət daşıyır.

"MediaLAB” kimi maarifləndirici layihələr məhz bu çağırışların ictimai müzakirəsinə, informasiya təhdidlərinin mahiyyətinin izahına və cəmiyyətdə düzgün informasiya istehlakı vərdişlərinin formalaşdırılmasına xidmət edir.

Azərbaycana qarşı informasiya hücumlarının müxtəlif forma və mənbələrlə müşayiət olunduğu bir vaxtda informasiya savadlılığının artırılması, milli informasiya təhlükəsizliyinin qorunması və dezinformasiyaya qarşı sistemli mübarizənin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

OXŞAR XƏBƏRLƏR