Əksər hallarda insanlar məhkəməyə müraciət etməzdən əvvəl, məhkəməyə müraciət etmələri üçün hansı xərclərlə qarşılaşacaqlarını bilmirlər. Bəzi şəxslər isə, dövlət rüsumlarının böyük məbləğdə olduğunu düşünərək, ümumiyyətlə məhkəməyə müraciət etməkdən çəkinirlər.
Təbii ki, imkan daxilində, yaranan mübahisələri ilk növbədə danışıq yolu ilə həll edilməsinə çalışmaq lazımdır. Bu həm məhkəmə yükünü azaldar, həm də mübahisə edən şəxsləri uzun sürən məhkəmə çəkişmələrindən kənar edər. Mübahisəni danışıq yolu ilə həll etmək mümkün olmadıqda, mübahisə məhkəmədə həll olunmalıdır.
Hüquqi yardımla bağlı xərclər necə müəyyən edilir?
Hüquqi yardımla bağlı ödəniləcək məbləğ tərəflərin razılığı əsasında müəyyən edilir. Bu qayda həm vəkillərə, həm də nümayəndələrə aiddir. Vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Vəkilin prosesdə məcburi iştirakı tələb olunan hallar müvafiq qanunvericiliklə müəyyən edilib (ali məhkəməyə kassasiya şikayətinin hazırlanması, əlavə kassasiya şikayətinin hazırlanması, ali məhkəmədə təmsil edilməsi və sair).
Məhkəməyə müraciət etmək üçün dövlət rüsumu hansı qaydada ödənilir?
Qanunvericilikdə dövlət rüsumunun milli valyutada nəğd, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsi və köçürmə yolu ilə dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulub. Təcrübədə daha çox nəğd ödənişlərdən istifadə edilir. Ödənişdən dərhal sonra bank tərəfindən müvafiq qəbz təqdim edilir və həmin qəbz iddia ərizəsinə əlavə edilməlir.
Dövlət Rüsumu Haqqında Qanunun 6.2.-ci maddəsinə əsasən, dövlət rüsumunun məbləğləri barədə məlumat müvafiq xidmət göstərən dövlət orqanının olduğu binanın (otağın) görünən yerində lövhədə yerləşdirilməlidir.
Məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş dövlət rüsumu hansı məbləğdədir?
İlk olaraq onu bildirmək istəyirəm ki, Dövlət Rüsumu Haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş dövlət rüsumları sırasında ən aşağı rüsum 10, ən yüksək isə 40 manat miqdarındadır. Yəni, məhkəmədə qaldırılacaq iddialanın predmetindən asılı olaraq, dövlət rüsumunun məbləği də fərqli olur (rüsumların tam siyahısı məqalənin sonunda əks olunub).
Dövlət rüsumu apellyasiya və kassasiya şikayətləri verilərkən də ödənilməlidir.
Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu geri tələb edilə bilər. Bunun üçün ödəniş tarixindən 45 gün müddətində ərizə ilə müraciət etmək lazımdır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması ilə bağlı 5 il ərzində iddia verilə bilər.
Məhkəməyə müraciət etmək üçün ödənilən dövlət rüsumunun məbləği bəzi hallarda iddia məbləğindən asılıdır.
Bəzi hallarda dövlət rüsumunun məbləği iddianın məbləğindən asılı olur. Belə ki, iddia qiyməti 500 manatadək olduqda – 20 manat, 500 manatdan çox olduqda – 30 manat dövlət rüsumu ödənilməlidir. Misal : Vətəndaşın əmlakına maddi ziyan vurulub. Vətəndaş həmin zərərin aradan qaldırılması üçün 300 manatın cavabdehdən tutulması üçün məhkəməyə müraciət edir. Belə olan halda, iddia qiyməti 300 manat olduğu üçün (500 manatdan az) iddiaçı məhkəməyə 20 manat rüsum ödəməlidir. Əgər ziyanın ödənilməsi üçün tələb 500 manatdan artıq olsaydı, iddiaçı məhkəməyə 30 manat ödəməli olacaqdır.
Müəyyən kateqoriya işlər üzrə dövlət rüsumu ödənilmir.
Alimentin alınması, əməyin ödənilməsi, şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar və qanunla müəyyən edilmiş bir sıra digər hallarda dövlət rüsumu ödənilmir (rüsumun ödənilməsindən azad edilən iddiaların tam siyahısı məqalənin sonunda yerləşdirilib).
Məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş dövlət rüsumu ödənilmədikdə, məhkəmə iddia ərizəsinə baxa bilərmi?
Qanunvericiliyə əsasən, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyi halda, məhkəmə həmin sənədləri geri qaytarır. Dövlət rüsumu ödənildikdən sonra yenidən məhkəməyə müraciət etmək olar.
Vicdansızcasına əsassız iddia qaldırmış şəxsdən məhkəmə tərəfindən müəyyən həcmdə məbləğ tutula bilər.
Qanunvericiliyə əsasən, hüquqdan sui-istifadə qadağandır. Bu baxımdan da vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş şəxsdən, iş vaxtının itirilməsinə görə digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tutula bilər. Bu məbləğ məhkəmə tərəfindən müəyyən edilir. Təcrübədə bu qaydanın tətbiqinə nadir hallarda rast gəlinir.
Vəkilə və ya nümayəndəyə ödənilmiş məbləğ qarşı tərəfdən tələb edilə bilər.
Mülki-Prosessual məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndəyə və ya vəkilə ödənilmiş xərci ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Maddənin məzmunundan göründüyü kimi, vəkilə və ya nümayəndəyə ödənilmiş xərclər yalnız ağlabatan məbləğdə qarşı tərəfdən tutula bilər. Bununla yanaşı, ödənişi təsdiq edən sənəd də məhkəməyə təqdim edilməlidir.
Məhkəmə xərclərinin tərəflərdən tutulması.
Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
Məhkəməyə müraciət edərkən dövlət rüsumunu ödəməkdən aşağıdakılar azaddırlar :
1. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;
2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar;
3. şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar;
4. müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar;
5. müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar;
6. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar;
7. zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət və ya pensiya məbləğinin zərər vurandan tutulması barədə reqres iddialar üzrə - sosial sığorta orqanları və əhalinin sosial müdafiə mərkəzləri;
8. sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları;
9. borcludan tutulmalı olan, lakin borc tutan şəxsin hesabına keçirilməyən məbləğə görə iddialar üzrə - iddiaçılar;
10. cinayət nəticəsində dövlətə vurulmuş maddi zərərin ödənilməsi barədə prokuror tərəfindən verilən iddialar üzrə – iddiaçılar;
11. aliment verməkdən, şikəst etmə və ya səhəti sair şəkildə zədələnmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyanı ödəməkdən, vergilərin və digər məcburi ödəmələrin tutulmasından boyun qaçıran şəxslərin axtarışı ilə əlaqədar xərclərin tələb olunması üzrə – polis orqanları;
12. cinayət işləri və aliment işləri ilə əlaqədar olaraq vətəndaşlara, müəssisələrə və təşkilatlara sənədlər (arayışlar) verilməsi üçün – vətəndaş, müəssisə, idarə və təşkilatlar;
13. inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər;
14. qanunsuz olaraq qəti imkann tədbiri kimi həbsə alınmaqla, yaxud həbs və ya islah işləri növündə qanunsuz olaraq inzibati tənbeh verilməsi ilə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mübahisələr üzrə - tərəflər;
15. məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları,bələdiyyələr;
16. başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə - dövlət orqanları;
17. öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə – yetkinlik yaşına çatmayanlar;
18. məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər;
19. qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci instansiya məhkəmələrinə verilən ərizələr üzrə - tərəflər;
20. yeni açılmış hallara görə qanuni qüvvəye minmiş məhkəmə aktlarına yenidən baxılması üçün verilmiş ərizələr üzrə - tərəflər;
21. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
22. Hüquqi şəxsin təqsiri üzündən icra sənədi üzrə borcludan tutulmalı olan məbləğin tutulmamasına görə ona qarşı iddialar üzrə – tələbkar;
23. İcra üzrə icraat zamanı borclunun və ya onun əmlakının tapılması ilə əlaqədar elan olunmuş axtarış üzrə xərcləri ödəməkdən borclu imtina etdikdə və ya yayındıqda, tələbkar tərəfindən çəkilmiş xərclərin əvəzinin ödənilməsi barədə iddialar üzrə – tələbkar.Dövlət rüsumunun mələği :
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
8.1. Məhkəməyə verilən iddia ərizələrindən: | |
8.1.1. iddia qiyməti 500 manatadək olduqda | 20 manat |
8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda | 30 manat |
8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən: | |
8.2.1. iddia qiyməti ilə bağlı olduqda | bu qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumu |
8.2.2. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən | 10 manat |
8.3. Məhkəmə əmri haqqında ərizələrdən | 20 manat |
8.4. Apellyasiya və kassasiya şikayətlərindən: | |
8.4.1. birinci instansiya məhkəməsinə müraciət edilərkən; | bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi |
8.4.2. iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən | 20 manat |
8.4.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən | 10 manat |
8.4.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanları tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən | 40 manat |
8.4.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla, mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən | 10 manat |
8.4.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən | 10 manat |
8.4.7. vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən | 10 manat |
8.4.8. məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə | 10 manat |
8.4.9. nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən | 20 manat |
8.4.10. nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə | 40 manat |
8.4.11. yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən | 10 manat |
8.4.12. müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən | 10 manat |
8.4.13. qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən | 20 manat |
8.4.14. ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin mühafizəsi ilə bağlı ərizə və şikayətlərdən | 30 manat[i] |