Reportyorların Təhlükəsizlik və Azadlıq İnstitutunun (RATİ) saxlanılan fotoreportyoru Mehman Hüseynovun qardaşı Emin Hüseynov bu gün mətbuat konfransı keçirib.APA-nın məlumatına görə, tədbirdə çıxış edən E. Hüseynov qardaşının saxlanılmasının əsas səbəblərinə aydınlıq gətirib: “İyunun 6-da Mehman ölkə xaricində olanda polis idarəsindən onun adına çağırış vərəqəsi gəlib. Biz də bildirmişik ki, o hazırda Bakıda deyil. Mehman Bakıya qayıdan kimi polis idarəsinə gedib ifadəsini verib. Əgər onun istintaqdan yayınmaq fikri olsaydı, getdiyi ölkədə qala bilərdi. Lakin Mehman bildirdi ki, özünü qətiyyən təqsirli bilmir və onun əməlində hər hansı cinayət tərkibi yoxdur”. E. Hüseynov qardaşının həbsinin sifarişli olduğunu iddia edib: “Əgər Mehmanı həbs edənlər fikirləşirlərsə ki, mən susacağam və mübarizə aparmayacağam yanılırlar. Mən və digər əməkdaşlarımız mübarizəni davam etdirəcəyik”. Mehman Hüseynovun vəkili Elçin Sadıqov isə müdafiə etdiyi şəxsin iyunun 12-də saxlanıldığını bildirib: “O, Çevik Polis Alayının xüsusi təyinatlı dəstəsinin birinci manqa komandirinə güc tətbiq etməkdə təqsirləndirilir. Barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda həbsdədir. Biz onun azadlığa buraxılması üçün əlimizdən gələnləri edəcəyik”. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə APA-nın sorğusuna cavab olaraq bildirib ki, M. Hüseynov ictimai qaydanı kobud surətdə pozaraq, eləcə də cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edərək polis əməkdaşlarının ünvanına nalayiq sözlər işlədib, onlara qarşı müqavimət göstərdiyinə və qərəzli xuliqanlıq hərəkətlərinə yol verdiyinə görə Səbayel Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb: “O, dünən Səbayel Rayon Polis İdarəsinə gələrək ifadə verib, sonra şübhəli şəxs qismində tutulub”. Mehman Hüseynovun tutulmasını onun peşə fəaliyyəti ilə əlaqələndirilməsinə gəldikdə isə O. Mansurzadə kimliyindən, tutduğu vəzifədən, sosial və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin qanun qarşısında bərabər olduğunu, cinayətə görə cəzanın labüdlüyü prinsipinin hər kəsə şamil edildiyini, M. Hüseynovun da konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunduğunu diqqətə çatdırıb: “Bu məsələyə hüquq müstəvisindən kənar baxılması yanlış mövqedir”.