AZXEBER.COM “AzərTac”a istinadən xəbər verir ki, Parisdə “Odlar yurdu Azərbaycanın müasir əsərləri” sərgisi açılıb. Sərginin açıldığı tarixi “Vandom” meydanındakı “Eğvö” hotelində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frederik Mitteran ilə görüşüb. Mehriban Əliyevanı yenidən Parisdə görməkdən məmnun olduğunu deyən Frederik Mitteran ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu deyib. O, bu ilin fevralında Parisdə Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunan mərasimi xatırlayaraq tədbirin böyük uğurla keçdiyini bildirib. F.Mitteran qeyd edib ki, Fransa tərəfi Azərbaycanda özünün mədəni irsinin nümayiş etdirilməsi təşəbbüsü ilə çıxış edir. Fransaya məxsus 100 mədəniyyət nümunəsinin Azərbaycanda müxtəlif sərgilərdə nümayiş etdirilməsi nəzərdə tutulub.
Mehriban xanım Əliyeva bu təşəbbüsə Azərbaycan hökumətinin dəstək verdiyini bildirib. O, Heydər Əliyev Fondunun prezidenti kimi bu tədbirin uğurla keçməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib. Azərbaycanın birinci xanımı Fransanın mədəniyyət nazirini Azərbaycana səfərə dəvət edib.
Görüş başa çatdıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Fransanın mədəniyyət naziri Frederik Mitteran ölkəmizin 18 modern rəssamının 33 əsərinin nümayiş olunduğu “Odlar yurdu Azərbaycanın müasir əsərləri” adlı sərgiyə baxıblar. Sərgidə Azərbaycan rəssamlarından Əşrəf Murad, Darvin və Rəşad Vəlibəyovlar, Rasim və Rəşad Babayevlər, Məmməd Mustafayev, Mirnadir Zeynalov, Altay Sadıqzadə kimi tanınmış fırça ustalarının əsərləri nümayiş olunur.
Sonda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından sərgi iştirakçılarına ziyafət verilib.
Mehriban Əliyeva aprelin 19-da YUNESKO-nun mənzil qərargahında qurumun baş direktoru İrina Bokova ilə görüşüb. Görüşdə YUNESKO-nun baş direktoru bu yaxınlarda Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun böyük uğur qazandığını bildirib. Qeyd edib ki, Bakı artıq mədəniyyətlərarası dialoq sahəsində ənənəvi yer tutur. İrina Bokova Mehriban Əliyevanı bu ilin sentyabrında keçiriləcək YUNESKO-nun xoşməramlı səfirlərinin illik toplantısına dəvət edib.
Dəvətə görə YUNESKO-nun baş direktoruna minnətdarlığını bildirən Mehriban Əliyeva Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna verdiyi dəstəyə görə İrina Bokovaya təşəkkürünü bildirib. Mehriban xanım Əliyeva bu forumda qəbul edilən mühüm qərarların kağız üzərində deyil, həyatda reallaşmasının vacibliyini xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan-YUNESKO əməkdaşlığının inkişaf etdiyi, YUNESKO-da baş tutan budəfəki mədəniyyət mərasiminin də bunun bariz nümunəsi olduğu bildirilib.
Sonra YUNESKO-da Azərbaycan xalçalarının sərgisi açılıb.
Daha sonra Azərbaycanın gənc istedadları YUNESKO-da möhtəşəm konsert proqramı ilə çıxış ediblər.