Mehriban Əliyeva: “Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır”

Mehriban Əliyeva: “Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır”
Bütün Xəbərlər
02:26 18.09.2011
1565
“Azərbaycan hələ 150 il öncə sənaye üsulu ilə neft hasil edən ilk ölkə olub. 1901-ci ildə dünya neftinin 50 faizi bizim ölkədə hasil edilirdi. İlk neft bumu digər əsas iştirakçılarla yanaşı, Nobel qardaşları, Şell-Transport və Rotşild Banking House şirkətlərinin iştirakı ilə baş tutdu. İkinci Dünya müharibəsində Azərbaycan Sovet İttifaqının neft təchizatının ümumi həcminin 70 faizdən çoxunu təkbaşına təmin edirdi və bu, faşizm üzərində Qələbəyə böyük töhfə oldu”. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Parlamentinin Parisdəki ofisində “Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş” mövzusunda Beynəlxalq konfransdakı çıxışında deyib. Onun sözlərinə görə, iyirminci əsrin axırlarında müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan elə bir investisiya mühiti yaradıb ki, dünyanın bir çox aparıcı enerji şirkətləri neft və qaz sektorumuza sərmayə qoymağa başlayıblar. Mehriban Əliyevan deyib ki, 1994-cü ildə dünyanın aparıcı neft şirkətlərindən ibarət konsorsiumla “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizinin resurslarını beynəlxalq aləmə açıb: “Həmin vaxtdan etibarən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 20 müxtəlif ölkəni təmsil edən 53 beynəlxalq enerji şirkəti ilə 32 Pay Bölgüsü Sazişini imzalayıb. Xarici şirkətlərin Azərbaycanın neft və qaz sektoruna yatırdığı sərmayələrin ümumi həcmi 44 milyard ABŞ dollarına çatır. Hazırda Azərbaycan gün ərzində təxminən 1 milyon barrel neft və ildə 30 milyard kubmetrə yaxın qaz hasil edir”. Azərbaycanın birinci xanımının sözlərinə görə, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdən artıqdır: “ Bu, gələn onilliklər ərzində ölkəmizə beynəlxalq bazarlarda qazın mühüm təchizatçısı olmaq imkanını yaradacaq. Azərbaycan, həmçinin enerji nəqli infrastrukturuna sərmayə qoyub. Prioritetlərimizdən biri təchizat marşrutlarının şaxələndirilməsidir. Bu gün 7 neft və qaz kəməri resurslarımızı müxtəlif təchizat marşrutları ilə dünya bazarlarına çıxarır. Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir”. Mehriban Əliyeva bildirib ki, Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri Bakı-Tiflis-Ceyhan boru kəmərinin tikilməsi idi: “O, tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizlərini birləşdirdi. Biz, həmçinin Xəzərin şərq sahilindən Avropa və beynəlxalq bazarlara neft təchizatçıları üçün çıxışın təmin edilməsində tranzit ölkə kimi öz rolumuzu oynayırıq. Biz təchizatda olduğu kimi, tranzitdə də etibarlı ölkəyik. Digər tarixi nailiyyət qazımızın ixracı üçün dəhliz açmış Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi oldu”. “Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin enerji fəlsəfəsidir”, - Heydər Əliyev Fondunun prezidenti deyib.
OXŞAR XƏBƏRLƏR