Mehriban Əliyeva: “Azərbaycan bu gün bölgənin aparıcı dövlətidir”
Bütün Xəbərlər
13:15 04.10.2011
1328
“Azərbaycan 1991-ci ildən dünya birliyinə - azadlıq, demokratiya və aşkarlıq məkanına inteqrasiya etməyə başlayıb. Biz müstəqil ölkə kimi çox gəncik. Lakin Azərbaycanın tarixi kökləri qədimlərə gedib çatır”. ANS PRESS-in AzərTAc dövlət agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Almaniya Federativ Respublikasının paytaxtı Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda - Xəzər dənizinin sahillərində ilk dövlətlər hələ eramızdan əvvəl II-I minilliklərdə yaradılıb. Azərbaycanın birinci xanımı bildirib ki, Şərqin ən qədim sivilizasiyalarından biri məhz Azərbaycanın ərazisində formalaşıb: “Tarixi İpək Yolu üzərində, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkanda yerləşən Azərbaycan əsrlər boyu Qərb və Şərq mədəniyyətinin təsiri altında formalaşıb. Baxmayaraq ki, müxtəlif dövrlərdə Azərbaycan müxtəlif imperiyaların tərkib hissəsi olub, xalqımız tarixini, mədəniyyətini, dilini qoruyub saxlayaraq milli mənliyini itirməyib”.Mehriban Əliyevanın sözlərinə görə, hələ 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqinin ilk demokratik parlament respublikası olub: “O dövrdə Azərbaycan müsəlman dünyası üçün, müsəlman Şərqi üçün əsl mayaka çevrilmişdi. Müsəlman qızları üçün ilk dünyəvi məktəb açılıb, Azərbaycan qadınları səsvermə hüququnu qazanıblar, ölkədə çoxpartiyalı parlament fəaliyyət göstərirdi, Şərqin ilk opera və baleti yazılmışdı. Əfsuslar olsun ki, Xalq Cümhuriyyətinin ömrü çox qısa oldu. Gənc respublika ciddi geosiyasi problemlərlə üzləşdi və bu amillərin, bu problemlərin arasında Bakı neftinə olan marağın artması da mühüm rol oynadı. Nəticədə hərbi intervensiya yolu ilə ölkəmizdə sovet hakimiyyəti quruldu, Azərbaycan müstəqilliyini itirdi. Yetmiş ildən çox xalqımız sovet rejiminin sərt qanunları ilə üzləşib. Lakin eyni zamanda, bu dövrdə Azərbaycanın iqtisadi potensialı formalaşdı, təhsil şəbəkəsi yarandı, orta və ali məktəblər açıldı, Milli Elmlər Akademiyası fəaliyyətə başladı”.Azərbaycanın birinci xanımı qeyd edib ki, nəhayət, 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdi və Azərbaycan xalqı öz torpağına, öz ölkəsinə, öz taleyinə sahib oldu: “Bu 20 il ərzində biz böyük nailiyyətlər əldə etmişik. Biz tamamilə yeni siyasi və iqtisadi sistem qurub sürətlə inkişaf edirik. Azərbaycan bu gün bölgənin aparıcı dövlətidir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Bölgədə həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə reallaşır. Son illər iqtisadi templərin artımına görə Azərbaycan dünyanın lider ölkələri sırasındadır. Avropa İttifaqı bu gün Azərbaycanı enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaş kimi tanıyır. Azərbaycan Avropanın neft və qaz ilə təminatında öz rolunu oynamağa hazırdır”.“Bizim ən böyük sərvətimiz mədəni irsimizdir, Azərbaycanın xalçaçılıq məktəbi, təsviri sənəti, ədəbiyyatı, musiqisi, tarixi və memarlıq abidələridir”, - deyən Mehriban Əliyeva məlumat verib ki, bu gün ölkədə xüsusi Dövlət Proqramına əsasən teatrlar və muzeylər bərpa olunur, yeni mədəniyyət mərkəzləri açılır, abidələr dövlət tərəfindən qorunur: “Azərbaycanda bu gün sosialyönümlü siyasət aparılır. 2003-cü ildən bu günədək ölkəmizdə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb binası inşa olunub, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enib”.Mehriban Əliyeva xüsusi vurğulayıb ki, bütün bu nailiyyətləri ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi uzun sürən və hələ də həllini tapmayan ağır problemin mövcudluğu şəraitində əldə edib: “Bu gün ölkəmizdə 1 milyon məcburi köçkün və qaçqın var və torpaqlarımızın 20 faizi işğal altındadır. Ümidvarıq ki, yaxın gələcəkdə bu münaqişə ədalətli, sülh yolu ilə həllini tapacaq və hər bir qaçqın, hər bir məcburi köçkün doğma yurduna qayıdacaq”.Birinci xanım qeyd edib ki, bu gün Azərbaycan Avropa İttifaqı ilə, onun üzvü olan ölkələrlə əməkdaşlığını genişləndirir və möhkəmləndirir.