Mehriban Əliyeva: 'Azərbaycan qadınları fəal surətdə ölkə həyatının müxtəlif sahələrində fəaliyyət göstərir'
Bütün Xəbərlər
10:10 30.06.2012
1421
“Mən qadın olaraq siyasi və iqtisadi azadlıqlara üstünlük verirəm. Bu, qadınlara imkan verəcəkdir ki, onlar ölkənin bütün həyatında, bütün siyasi-iqtisadi sahələrində fəal iştirak edə bilsinlər. Bununla da onlar öz azadlıqlarını bərqərar etmiş olacaqlar. Qadınların iqtisadi azadlığı kişilərlə bərabərlikdə onlara əmək azadlığı və digər azadlıqları vermiş olacaq”. Bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclasdakı çıxışında deyib. Onun sözlərinə görə, qadınlar uzun müddət tarixdə öz haqları uğrunda mübarizə aparmışlar: “Məsələn, 1983-cü ildə Hollandiyada qadınların hərəkatı hamının yadındadır. Bundan başqa, Şərqdə ilk dəfə səsvermə hüququnun qadınlar tərəfindən qazanıldığı hamının gözəl yadındadır. Həmçinin qadınlar get-gedə dövlət dairələrində daha yüksək yerlər tuturlar”. Mehriban Əliyeva bildirib ki, qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması sahəsində Azərbaycan çox nadir təcrübəyə malikdir: “Bu, Azərbaycanda qadınlar üçün təhsil imkanlarının daha da genişləndirilməsi sahəsində özünü göstərib. Şərq dünyasında qadınlar üçün ilk dünyəvi məktəb Azərbaycanda açılıb. Şərqdə ilk demokratik parlament respublikası Azərbaycanda yaradılıb. Bu respublika qadınlara əksər Avropa ölkələrindən daha əvvəl seçib-seçilmək hüququ vermiş və qadınların kişilərlə bərabər hüquqlara malik olmasını müəyyən edib. Azərbaycan 20 il bundan əvvəl öz müstəqilliyini yenidən qazanıb. Açıq cəmiyyət, demokratiya və inkişaf yolunu tutan ölkəmiz dövlətçiliyin qurulması sahəsində çoxlu çətinliklərlə üzləşib. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bunun nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu rəqəmlərin arxasında yüz minlərlə qadının, qızın öz evlərini itirməsi, talelərinin qırılması problemləri durur”. “Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan bu gün çox sürətlə inkişaf edən ölkədir. Bizim sürətli iqtisadi inkişafımız dünyanın rekordlarını vurub. Sürətli iqtisadi inkişafımız Azərbaycan qadınları üçün yeni imkanlar açıb. Azərbaycan qadınları fəal surətdə ölkə həyatının müxtəlif sahələrində fəaliyyət göstərir, dövlət qulluqçuları, parlament üzvləri, vətəndaş cəmiyyətinin fəalları kimi çalışırlar. Bundan başqa, qadınlar arasında çox bacarıqlı tələbələr, müəllimlər, professorlar var. Həmçinin qadınlarımız prioritet məsələlərdə çox fəaldırlar”, - Azərbaycanın birinci xanımı deyib.