Mehriban Əliyeva: “Ölkəmizin ərazi bütövlüyü yaxın gələcəkdə bərpa olunacaq”
Bütün Xəbərlər
14:22 01.12.2011
1597
“1991-ci ildə müstəqilliyini bərpa edərək Azərbaycan xalqı nəhayət ki, öz torpaqlarına, öz ölkəsinə sahib çıxdı. Bu 20 il ərzində biz bir çox nailiyyətlər əldə etmişik”. Bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikanda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk illərində çox ciddi problemlərlə üzləşib: “İyirmi ildən çox sürən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Azərbaycanın ərazisinin beşdə bir hissəsi işğal altındadır, ölkədə bir milyon qaçqın və məcburi köçkün mövcuddur. Zəbt olunmuş torpaqlarımızdakı mədəni irsimiz işğalçıların hədəfinə çevrilib. Çoxsaylı mədəni və tarixi abidələr yer üzündən həmişəlik silinib, ibadət yerləri və qəbiristanlıqlar dağıdılıb. Buna baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarıdır. Mən ümidvaram ki, ölkəmizin ərazi bütövlüyü yaxın gələcəkdə bərpa olunacaq və hər bir qaçqın, hər bir köçkün öz doğma yurduna qayıda biləcək”.Azərbaycanın birinci xanımı deyib ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan bu gün dünya xəritəsində öz yerini təsdiqləyib və sürətlə inkişaf edən bir dövlətdir. Onun sözlərinə görə, Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi bu gün Azərbaycanın payına düşür və regiondakı bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, çox zaman Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir: “Ölkəmizdə sosial problemlər ardıcıl olaraq öz həllini tapır. Təkcə onu demək kifayətdir ki, son 8 il ərzində yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə enib, ölkədə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox məktəb yenidən inşa olunub, yenidən qurulub. Sabit inkişaf edən iqtisadiyyatımız bizə həqiqətən müstəqil xarici siyasət aparmağa imkan verir. Bu gün Azərbaycan beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dünyamiqyaslı proseslərdə fəal iştirak edir və bir sıra məsələlərdə Avropa və Qərb Azərbaycanı strateji tərəfdaş kimi tanıyır”.Mehriban Əliyeva bəyan edib ki, əsrlər boyu Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin təmas və ünsiyyət qovşağı rolunu oynayıb: “Hələ eramızdan əvvəl 2-ci minillikdə Azərbaycanın ərazisindən Böyük İpək Yolu keçib. Məlumdur ki, mədəniyyətlərin və sivilizasiyaların qovuşmasında, elmi və fəlsəfi biliklərin yayılmasında Böyük İpək yolu müstəsna rol oynayıb. Bu proseslər ölkəmizdən də yan keçməyib. Azərbaycan Qərb və Şərq, Şimal və Cənub arasında körpü rolunu oynayıb və bu gün də oynamaqdadır. 2002-ci ilin may ayında ölkəmizə tarixi səfəri zamanı Roma papası II İoann Pavel qeyd edib ki, Azərbaycan Qərblə Şərq arasında qapıdır. O, nəinki çox vacib strateji əhəmiyyət kəsb edir, həmçinin açıqlıq və müdafiə rəmzidir. Əsrlər boyu formalaşmış dini dözümlülük, tolerantlıq, bütün dünya mədəniyyətlərinə hörmət Azərbaycan xalqının ən əsas və ən gözəl xüsusiyyətlərindən biridir”.“Azərbaycanda bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq şəraitində bir ailə kimi yaşayıblar. İndi də çoxkonfessiyalı, çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir. Bu, bizim ən böyük sərvətlərimizdən biridir”, - Azərbaycanın birinci xanımı deyib.Mehriban Əliyeva bildirib ki, bu gün Azərbaycan təkcə neft və qaz ehtiyatlarına malik olan ölkə kimi yox, dünyada öz zəngin mədəni irsi ilə tanınan dövlətə çevrilib: “Azərbaycanın qədim xalçaçılıq məktəbi, bənzərsiz muğamı, tarixi və memarlıq abidələri, poeziyası, incəsənəti xalqımızın ən böyük sərvətidir. Biz əsrlər boyu müxtəlif imperiyaların tərkibində olmuşuq. Lakin biz öz dilimizi, dinimizi, mədəni irsimizi, ənənələrimizi yaşadıb inkişaf etdirərək özümüzü bir millət, bir xalq kimi qoruyub saxlamışıq”.