Məktəblərdə dərs bölgüsü qalmaqalı – “Bəzi direktorlar intriqalara əl atır”

Məktəblərdə dərs bölgüsü qalmaqalı – “Bəzi direktorlar intriqalara əl atır”
SOSİAL
14:48 01.10.2026
195
Xəbər verdiyimiz kimi, Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. 

Belə ki, sözügedən məktəbin ibtidai sinif müəllimi P. Məmmədova müəllim yoldaşı S. Əhmədova ilə məktəbdə dərs bölgüsü üstündə mübahisə edib. Zərərçəkən P. Məmmədovanın sözlərinə görə, onu məktəbdə müəllim yoldaşı olan S. Əhmədova döyərək xəsarət yetirib. 

Qeyd edək ki, məktəblərdə dərs bölgüsü müəllimlərin iş yükünün və dərs saatlarının müəyyənləşdirilməsi baxımından mühüm proses hesab olunur. Lakin bəzi hallarda dərs saatlarının bölüşdürülməsi müəllimlər arasında narazılıq və fikir ayrılığına səbəb olur. 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, məktəblərdə dərs bölgüsü ilə bağlı müvafiq təlimatlar mövcuddur: 

"Dərs bölgüsü ilə bağlı Elm və Təhsil Nazirliyinin xüsusi təlimatları var. Bunun daha təkmilləşmiş forması ilə bağlı Məktəblər və Təhsil üzrə Dövlət Agentliyi tərəfindən də məktəblərə müvafiq təlimatlar göndərilib. Məsələ ondadır ki, bəzi məktəblərdə rəhbər şəxslər, xüsusilə direktorlar və dərs cədvəlini hazırlayan müavinlər kollektiv daxilində müəyyən narazılıqlara və intriqalara səbəb olan addımlar atırlar. Belə halların bir qismi məktəb daxilində yaranan qruplaşmalar və şəxsi münasibətlərlə bağlı olur. Məsələn, rəhbər şəxs özünə yaxın olan şəxsləri fərqləndirirsə, bu, digər müəllimlərdə haqlı narazılıq yarada bilər".

Ekspertin sözlərinə görə, dərs bölgüsünün müvafiq təlimatlara uyğun aparılması məktəbdə yarana biləcək narazılıqların qarşısının alınmasında mühüm rol oynayır: 

"Əgər dərs bölgüsü müvafiq təlimatlara uyğun aparılarsa, bu zaman məktəbdə gərginliyin yaranması üçün əsas da azalır. Lakin bəzi hallarda təlimatların tələblərindən sui-istifadə edildiyi hallara rast gəlinir.  Məsələn, məktəb direktorları və ya direktor müavinləri üçün nəzərdə tutulan dərs saatlarının həcmindən artıq dərs saatlarının özlərinə ayrılması ilə bağlı hallar müşahidə olunur. Bəzi hallarda isə digər müəllimlərin tədris etdiyi dərs saatlarının müqabilində əldə olunan vəsaitin mənimsənilməsi kimi iddialar da səslənir. Təəssüf ki, bu cür hallar da mövcuddur". 

M. Məmmədli hesab edir ki, məktəbdə düzgün idarəetmənin qurulması müəllimlər arasında yarana biləcək narazılıqların azalmasına təsir edir:

"Düşünürəm ki, dərs bölgüsünə ciddi nəzarət edilən və məktəb direktorunun kollektiv idarəetməsi, liderlik və təşkilatçılıq bacarığı yüksək olan təhsil müəssisələrində bu cür problemlərin yaranma ehtimalı daha azdır". 

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR