Məktəblərdə TikTok qadağası müəllimlərə də şamil edilə bilər? – Ekspertdən açıqlama

Məktəblərdə TikTok qadağası müəllimlərə də şamil edilə bilər? – Ekspertdən açıqlama
SOSİAL
17:14 26.10.2026
177
Göygöl rayonunda musiqi müəlliminin məktəb daxilində canlı yayım açması və pedaqoji etika normalarına zidd davranışları səbəbindən əmək müqaviləsinə xitam verilməsi təhsil müəssisələrində sosial şəbəkələrdən istifadə məsələsini yenidən gündəmə gətirib.

Son dövrlərdə bəzi müəllimlərin məktəb daxilində, hətta şagirdlərin iştirakı ilə TikTok və digər sosial platformalar üçün videolar çəkməsi müzakirələrə səbəb olur. Bu isə təhsil mühitində sosial şəbəkələrdən istifadənin hansı çərçivədə tənzimlənməli olduğu ilə bağlı suallar yaradır.

Bəs məktəblərdə şagirdlərin TikTok istifadəsinə tətbiq edilən məhdudiyyətlər müəllimlərə də şamil oluna bilərmi?

Təhsil eksperti Məzahir Məmmədli AZXEBER.COM-a açıqlamasında bildirib ki, məktəb ərazilərində sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılması həm müəllimləri, həm də şagirdləri əhatə edir:

"Ümumiyyətlə, məktəb ərazilərində həm müəllimlər, həm də şagirdlər üçün təkcə TikTok deyil, digər sosial şəbəkələrdən istifadənin də məhdudlaşdırılması qanuniləşdirilib. Yəni artıq məktəb ərazisində və həyətində müəyyən sosial şəbəkələrdən istifadə imkanları məhdudlaşdırılıb. Lakin bu məhdudiyyətlərin məktəblərdə nə dərəcədə real şəkildə həyata keçirilməsi bir qədər mübahisəlidir. Çünki həm müəllimlərin, həm də şagirdlərin sosial şəbəkələrdən istifadə edə biləcəyi digər vasitələr mövcuddur. Ona görə də bu kimi halların məktəblərdən və məktəb ərazilərindən kənarlaşdırılması üçün daha geniş imkanlara ehtiyac var. Bütün bunların qarşısını almaq isə təkcə Elm və Təhsil Nazirliyinin imkanları daxilində deyil”.

Ekspert qeyd edib ki, təhsil mühitində müzakirələrə səbəb olan sosial şəbəkə paylaşımlarının və çəkilişlərin qarşısını almaq üçün daha ciddi tədbirlərə ehtiyac var:

"Hazırda müəyyən qaydaların tətbiqi ilə bu hallara qismən təsir göstərmək imkanları yaranıb. Ancaq bunun qarşısını tam almaq mexanizmi təkcə Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil. Bu, daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həlli mümkün olan məsələdir. Yeniyetmələrin, o cümlədən məktəb şagirdlərinin sosial şəbəkələrdə qeydiyyatı zamanı yaş senzinin tətbiq edilməsi ilə bağlı həmin platformaların rəhbərliyi qarşısında məsələ qaldırılmalıdır. Lakin hazırda, xüsusilə TikTok sosial şəbəkəsində istənilən şagird yaşından asılı olmayaraq qeydiyyatdan keçə və özünə belə bir tribuna yarada bilir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR