“Məktəbli forması diqqətin təhsilə və biliyə yönəlməsinə kömək edir”

“Məktəbli forması diqqətin təhsilə və biliyə yönəlməsinə kömək edir”
SOSİAL
15:33 12.10.2026
209
"Məktəbli forması ilk növbədə təhsil müəssisəsində nizam-intizamın təmin olunmasına və vahid məktəb mühitinin formalaşmasına xidmət edir. Məktəbdə hər bir şagirdin eyni geyim qaydalarına əməl etməsi onların sosial vəziyyətindən, ailəsinin maddi imkanlarından asılı olmayaraq, bərabər mühitdə təhsil almasına şərait yaradır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova bildirib.

O qeyd edib ki, vahid məktəbli forması şagirdlər arasında zahiri fərqlərin ön plana çıxmasının qarşısını alır:

"Fikrimcə, bu, şagirdlər arasında zahiri fərqlərin ön plana çıxmasının qarşısını almaqla diqqətin daha çox təhsilə, biliyə və şəxsi inkişafa yönəlməsinə kömək edir. Düşünürəm ki, məktəbli formasına riayət etmək yalnız müəyyən edilmiş qaydanı yerinə yetirmək deyil, həm də məsuliyyət hissinin formalaşması baxımından əhəmiyyətlidir. Şagird məktəbin daxili qaydalarına əməl etməklə kollektivin bir üzvü olduğunu, ümumi prinsiplərə hörmətlə yanaşmağın vacibliyini dərk edir. Bu vərdişlər gələcəkdə onun cəmiyyət qarşısında məsuliyyətli mövqe tutmasına da müsbət təsir göstərir”.

C.Mahmudova vurğulayıb ki, vahid geyim qaydalarına əməl olunması tərbiyə və mədəniyyət məsələsi kimi də qiymətləndirilə bilər:

"Çünki mədəniyyət yalnız insanın biliyində, nitqində və davranışında deyil, həm də ümumi qəbul edilmiş qaydalara münasibətində özünü göstərir. Bununla belə, məktəbli formasının mahiyyəti yalnız xarici görünüşlə məhdudlaşmamalıdır. Əsas məqsəd şagirdlərə intizamı, qarşılıqlı hörməti, bərabərliyi və ictimai məsuliyyəti aşılamaqdır. Bu dəyərlər isə həm ailədə, həm də məktəbdə ardıcıl şəkildə formalaşdırılmalıdır”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR