Məleykə Abbaszadədən Misir Mərdanova növbəti zərbə: 'Hələ tezdir'

GƏNCLİK
14:13 07.03.2012
2332
"Azərbaycanda 12 illik orta təhsil sisteminə keçid üçün ilkin olaraq pilot variantlar hazırlanmalıdır. Düşünürəm ki, hələ tezdir". AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.12 illik tədris prosesinə keçməyi dəstəklədiklərini deyən M. Abbaszadə qeyd edib ki, bu prosesə keçid 1998-ci ildə ali məktəblərdə ikipilləli ali təhsil sisteminə keçid kimi baş verməməlidir.“Mən istəməzdim ki, biz 1998-ci ilin hadisəsini təkrarlayaq. Həmin il birdən elan olundu ki, artıq Azərbaycan ikipilləli ali təhsilə keçir, magistratura tətbiq olunur. Mexaniki olaraq 4 il oxuyan uşaqlara təklif olundu ki, 2 il də magistratura oxusunlar. Magistraturanın məzmunu isə tamamilə fərqli olmalı idi”,- deyə TQDK sədri bildirib. O, qeyd edib ki, hələlik 12 illik təhsillə bağlı iş görülməyib, tam araşdırmalar yoxdur, yaxşı və pis cəhətlər müəyyən olunmayıb, heç bir iş planı qurulmayıb. Amma artıq cəmiyyətə mesaj verilir ki, bu sistem qəbul ediləcək və bu, yaxşı olacaq. Bunu düzgün saymayan Abbaszadə hesab edir ki, əvvəlcə müəyyən araşdırmalar aparılmalı, pilot variantlar hazırlanmalıdır. “12 illik təhsil sisteminə keçid hələ müzakirə olunur. Belə layihəni həyata keçirmək üçün çox ciddi araşdırmalar aparmaq lazımdır. Bu prosesə mərhələ-mərhələ keçmək lazımdır. Əvvəlcədən hər mərhələni hazırlayandan sonra elan etmək lazımdır ki, hansı ildən və hansı siniflərdən biz bu sistemə keçirik. Bununla əlaqədar orta məktəb proqramlarında, metodikalarda ciddi dəyişiklik etmək lazımdır”,- M. Abbaszadə bildirib. Həmçinin o qeyd edib ki, 12 illik təhsilə keçidlə əlaqədar qəbul imtahanlarının modeli ilə bağlı danışmaq hələ bir az tezdir.

OXŞAR XƏBƏRLƏR