“Meloninin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafına təkan verəcək”- Deputatlar şərh etdi

“Meloninin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafına təkan verəcək”- Deputatlar şərh etdi
MEDIA
17:35 05.05.2026
616
Azərbaycanın artan beynəlxalq nüfuzu fonunda Avropa ölkələri ilə əlaqələr genişlənir. Bu istiqamətdə İtaliya ilə strateji tərəfdaşlıq xüsusi yer tutur.

İtaliya Respublikasının Baş naziri Ciorcia Meloninin Azərbaycana etdiyi rəsmi səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşü və daha sonra keçirilən birgə mətbuata çıxış iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirib. Görüş zamanı tərəflər siyasi dialoqun, enerji təhlükəsizliyinin, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Prezident İlham Əliyev çıxışında Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayaraq, İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu qeyd edib. Dövlət başçısı iki ölkə arasında əlaqələrin həm siyasi, həm də iqtisadi sahədə dinamik inkişaf etdiyini bildirib.

Baş nazir Ciorcia Meloni isə Azərbaycanla əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edərək, enerji, təhlükəsizlik, investisiya və nəqliyyat sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin iki ölkə arasında dostluq münasibətlərinin daha da güclənəcəyinə əminliyini ifadə edib. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev AZXEBER.COM-a bildirib ki, Azərbaycan və İtaliya arasındakı münasibətlər bütün istiqamətlərdə inkişaf edir: 

"Azərbaycan və İtaliya arasındakı münasibətlər bütün istiqamətlərdə inkişaf edir. İqtisadi, siyasi, mədəni cəhətdən bu istiqamətlər günbəgün genişlənir. İtaliyanın Baş nazirinin məhz Azərbaycana səfəri zamanı bir sıra məsələlərin müzakirəsi bir daha göstərdi ki, biz doğrudan da strateji tərəfdaşıq. Bu gün Azərbaycan qazı Trans-Adriatik boru kəməri vasitəsilə İtaliyaya çatdırılır. Eyni zamanda İtaliya bizdən ən çox neft alan dövlətlərdən biridir”.


Parlamentari qeyd edib ki, iki ölkə arasında hərbi əməkdaşlıqlar da müzakirə olunur:

"Siyasi cəhətdən də Baş nazirin səfəri çox önəmlidir. NATO və Avropa İttifaqının üzvü olan bir dövlətin bu səviyyədə Azərbaycana dəstək göstərməsi və Azərbaycanın da beynəlxalq təşkilatlarda İtaliyaya dəstək verməsi bunun bariz sübutudur. İki ölkə arasında hərbi silah-sursat, döyüş avadanlıqları və digər bu istiqamətdə hərbi sənaye kompleksinin inkişafı nəzərdə tutulur. Artıq aviasiya sahəsində əlaqələrimiz mövcuddur. Paralel olaraq hərbi sənaye kompleksinin də birgə müəssisələrinin açılması, eyni zamanda yeni silah-sursatın ixracı və idxalı məsələsi də gündəmdədir. NATO standartlarına uyğun olan bir dövlətlə əlaqələrin olması mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə birgə universitetlərin  açılması nəzərdə tutulur. Təbii ki, bu addımlar hərtərəflidir və Baş nazir Meloninin səfəri zamanı da bu məsələlərin hamısı nəzərə alındı”.

Milli Məclisin deputatı Fariz İsmayılzadə AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycanın ənənəvi olaraq İtaliya ilə qaz sahəsində əməkdaşlığı var:

"İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfəri ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi sahədə güclənməsinə təkan verəcək. Azərbaycanın ənənəvi olaraq İtaliya ilə qaz sahəsində əməkdaşlığı var. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Eyni zamanda son dövrlərdə SOCAR-ın investisiya layihələri artır. Həm İtaliyada neft şirkətlərinin alınması, həm də emal zavodunun əldə olunması və geniş distribusiya şəbəkəsinin yaradılması yeni səhifə açır”.


Parlamentari qeyd edib ki, iki ölkə arasında müdafiə sahəsində də əməkdaşlıq artır:

"İtaliya və Azərbaycan arasında müdafiə sahəsində də əməkdaşlıq artır. İtaliyanın bəzi məhsulları Azərbaycan Ordusu üçün önəmlidir və onların alqı-satqısı üçün müzakirələr aparılır. Ticarət əlaqələri artdıqca ikitərəfli strateji əlaqələr də möhkəmlənir”.

Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc edilib. 

Şahanə Ziyad
 

 


OXŞAR XƏBƏRLƏR