‘Mən dindar deyiləm, amma ömür boyu bir qüvvəyə inanmışam’- Rafiq Hüseynov

‘Mən dindar deyiləm, amma ömür boyu bir qüvvəyə inanmışam’-  Rafiq Hüseynov
Bütün Xəbərlər
00:51 10.06.2014
1721
Xalq artisti, məşhur diktor Rafiq Hüseynov “Media forum” saytının suallarını cavablandırıb. AZXEBER.COM həmin müsahibəni təqdim edir:

- Səhhətiniz necədir?

- İndi yaxşıyam. Təxminin on beş gün əvvəl Türkiyədə dərin və hərtərəfli müayinədən keçdim, həkimlər analizlər götürdülər. Xərçəng elə xəstəlikdir ki, bir müddət sonra metastaz verir. Həkimlər məndə də metastaz yaranacağından narahat idilər. Şükürlər olsun ki, müayinə və analizin nəticələri müsbət oldu.

Kimya terapiyasına görə saçlarım tökülüb. Ümid edirəm ki, yerinə gələcək. Amma saç olmasa da olar. Ölümlə savaşdan sağ çıxan insanın gözünə saç-filan görünmür. 

- Hamı sizi ekrandan səsinizə görə tanıyıb. Səsiniz necədir?

- İndi, şükür Allaha, səsim açılıb, özünüz də hiss edirsiniz. Amma əməliyyatdan sonrakı altı ay ərzində tamam batmışdı. Güclə danışırdım, danışanda nəfəsim çatmırdı. Türk cərrah demişdi ki, səsin açılacaq. Sözün düzü, artıq həkimin dediklərinə inanmamağa başlamışdım, altı aydır səsim açılmırdı. Bir gün səhər yuxudan oyandım, gördüm səsim yerindədir.

Bilirsiniz, mən çoxlu sənədli film səsləndirirəm. Bu, mənə maddi cəhətdən də kömək edir. Heç də ucuz qiymətə səs yazdırmıram (gülür). İyunun 10-dan işə başlayacağam, film veriblər, Azərbaycan və rus dillərində səsləndirəcəyəm. Xəstəlikdən sonra birinci işimdir. Maraqlı film olmalıdır, böyük filosof Seyid Yəhya Bakuvi haqqındadır.

- Ucuz qiymətə film səsləndirməməyiniz daha çox maddi durumu yaxşılaşdırmaq cəhdindən irəli gəlir, yoxsa hesab edirsiniz səsiniz bahalıdır?

- Ümumiyyətlə, kadr arxasında mətn oxumağı çox xoşlayıram. Kadr arxasında sənin bütün peşəkarlığın, sənətə marağın özünü göstərə bilir. Bir var ekranda çıxış edirsən, səni görürlər, kimsə zahiri görünüşünü, kimsə hərəkətlərini və ya səsini bəyənir. Amma kadr arxasında bunları görən yoxdur. Gərək mətni elə çatdırasan ki, tamaşaçı sənə rəğbət bəsləsin, səsinə qiymət versin – budur əsas. Öz qiymətimi də bilirəm (gülür), onlar da başa düşürlər ki, Rafiq Hüseynovu elə-belə dəvət etmək olmaz.

- Xəstəliyinizin şiddətli dövründə həkimlərə demisiniz ki, səsimi qaytarın. Həkimlər nə reaksiya vermişdi istəyinizə?

- Bunu bir neçə dəfə söyləmişdim. Hətta həkimə demişdim səsim mənim çörək ağacımdır. Bilirsiniz, mən hərdən mahnı da oxuyuram, diskim də çıxıb. Cərrah özü də “Youtube” portalında mahnılarımı tapıb dinləmişdi, deyirdi səsiniz mütləq qayıdacaq. Həkimlər deyirdi səsin düzələcək, niyə bu qədər tələsirsən? Dedim burdan çıxandan sonra dolanmaq lazımdır. Üç-dörd aya açılacaq demişdilər, altı aydan sonra açıldı.

- Həkim qoyduğu müddətdə səsiniz açılmayanda ümidsizliyə qapılırdınız?

- Sözün düzü, ümidimi itirmirdim. Mən cərraha çox inanırdım. O, çox peşəkardır, nəinki Türkiyədə, Avropada məşhurdur, Bakıya da tez-tez məsləhətçi kimi gəlir, konfranslarda iştirak edir. Hər dəfə gedəndə deyirdi, Rafiq bəy, darıxmayın. Amma açılmasaydı da nə edəcəkdim, ölümdən qurtarmışam, razılaşacaqdım taleyimlə.

- Səsinizə görə yaşadıqlarınızı bir ilahi sınaq kimi qiymətləndirmək olarmı?

- Mən dindar deyiləm, amma ömür boyu bir qüvvəyə inanmışam. O da məni həmişə qoruyub. İnanmışam ki, nə olsa da, vəziyyətdən çıxacağam. Çünki 13 yaşımdan heç kimin köməyi olmadan özüm pul qazanıb dolanmışam. Tənha bir oğlan idim, özüm özümə yol seçdim, o yolla da getdim. İndi də o ilahi qüvvəyə inanıram, bu neməti mənə veribsə, bu tezlikdə ala bilməz axı. Ekrana çıxmıram, yaş o yaş deyil. Həmişə deyirəm ki, aparıcı, diktor gərək tamaşaçının gözü qarşısında, onunla bərabər yaşa dolsun, qocalsın. Onda qırışlarına, saçının dazlığına, bədən quruluşuna fikir verən olmayacaq. Amma 15-20 il fasilədən sonra birdən-birə yenidən efirə çıxmaq düzgün olmaz. Çünki indiki tamaşaçı nəsli məni heç qəbul etməyə bilər. Ona görə mənim üçün indi əsas səsdir.

- Deməli, ilahi sınaqdan çıxa bildiniz...

- Hətta ölümdən qurtardım. Allah neçə il ömür verib bilmirəm, xəstəliyim bir ildən sonra da fəsad verə bilər, on ildən sonra da, fakt odur ki, indi yaxşıyam. Ümidlə yaşamaq lazımdır. Gözümün qabağında 13 yaşlı qızım var. İstərdim onu yerbəyer eləyim, sonra köçüm bu dünyadan.

- Ovqatınız səsinizin durumundan, yoxsa səsiniz ovqatınızdan asılıdır?

- Bəzən səhər oyanırsan, səsin o qədər gözəl olur ki, dərhal veriliş, film versələr, onu məmnuniyyətlə oxuyarsan. Bəzən isə səs daxildən yox, boğazdan yuxarı gəlir. Bunun müəyyən səbəbləri var: baxır gecəni necə keçirmisən, yeyib-içib dostlarla olmusan, yoxsa evdə tək-tənha çay içmisən. Dostum Müslüm Maqomayev deyirdi qəribə işdir, gecə səhərə qədər dostlarla yeyib-içirəm, yuxudan duranda da səsim gur çıxır. Elə gün olur evdən çölə çıxmırsan, amma səhər duranda səsin nasaz olur. Səsin açılması ilə də məşğul olmaq lazımdır. Bunun üçün səhərlər bir balaca oxuyuram, mütləq lazımdır. Filmləri də günorta, saat birdə-ikidə yazdırmağa başlayıram.

- Səsinizi qoruyursunuzmu?

- Bunu heç vaxt etməmişəm. Mənə həmişə deyirdilər qoz-fındıq yemə, soyuq heç nə içmə, siqaret çəkmə. Bax, görürsünüz, buz kimi pivə içirəm, bu olmayacaqsa, həyat da bitdi. Yayda sərin pivə içə bilmirəmsə, daha bu nə həyat oldu?

- Səsinizə arxayınsınız deyə belə eləyirsiniz, yoxsa həyat tərzinizi dəyişmək istəmirsiniz?

- Arxayınlıqdandır. Sizə deyim ki, televiziyaya gələndə səsim heç də belə deyildi. Özüm öz səsimi tədricən yatırdırdım, çalışırdım lap bəmdən səsləndirim. Yenə deyirəm, səs boğazdan yuxarı yox, daxildən gəlməlidir. Buna nail olmuşam. Səs də formalaşır, müdrikləşir, səninlə birgə həyat keçir.

- Rafiq müəllim, siz ağır xərçəng xəstəliyinə qalib gəlmisiniz. Əməliyyat otağına daxil olanda, əməliyyatdan sonra nələr keçdi gözünüz önündən?

- Həmin anda insan qəribə hisslər yaşayır. Bir dəfə Soçidə dənizdə batırdım. Elə vəziyyətə düşmüşdüm ki, üzüb çıxmaq mümkün deyildi. Dərinə getdikcə bütün həyatım lent yazısı kimi gözümün qarşısından keçirdi. Əməliyyata gedəndə də sağ qalacağıma heç bir zəmanət yox idi. Hər əməliyyatda istər-istəməz risk var. Heç bir cərrah deyə bilməz ki, hər şey yüz faiz yaxşı olacaq, alınacaq. Özüm də başa düşürəm ki, ağ ciyəri kəsmək, yarısını götürmək zarafat iş deyil. Ona görə cərrahlara həmişə minnətdar olmaq lazımdır, onlar böyük iş görürlər. Bu, mənim ikinci əməliyyatım idi. On beş il əvvəl Moskvada öd kisəmi götürtmüşəm. Hamı deyir məndə həyəcan, qorxu hiss olunmayıb. Əməliyyata da hamıya əl eləyə-eləyə, gülə-gülə girdim. Bir tərəfdən düşünürsən ki, yaşın çoxdur, ölümdən artıq qorxmursan, ümumiyyətlə bu hiss məndə tamamilə yox olub. Allahdan yeganə ona görə ömür istəyirəm ki, yaşlı dövrümdə bu uşağı dünyaya gətirmişəm, onun gələcəyini qura bilim. İndi məndə borcumu yerinə yetirmək hissi bütün hissləri üstələyir. Allah ömür versin, qızımı yerbəyer eləyim.

- Həkimlərə həmişə minnətdar olmaq lazımdır deyirsiniz. Əvvəllər də həkimlər bu qədər dəyərli idi sizin üçün, yoxsa sizi sağaltdıqlarına görə belə dəyərli olublar?

- Həkimlər də mənim tamaşaçılarım olublar. İndi də yanlarına gedəndə məni sevir, hörmət bəsləyirlər, xüsusi qayğı göstərirlər, çalışırlar ki, xəstəliyimi tam sağaltsınlar. Bizim Əhliman Əmiraslanov kimi xərçəng xəstəliyi üzrə görkəmli alimimiz var. Mənə nə qədər qayğı göstərdi, şərait yaratdı. Türkiyəyə getməzdən bütün analizləri burada verdim, o qənaətə gəldilər ki, ciyər kəsilib götürülməlidir. Əsas diaqnozu qoymaqdır. Əvvəl də, indi də həkimlərə inanmışam. Bəzən indiki həkimləri qınayırlar. Mən daha çox sovet dövründə yetişmiş həkimləri tanıyıram. O zaman da bizim çox dəyərli, görkəmli cərrahlarımız olub. Hamısı ilə verilişlərdə görüşmüşəm, müsahibələr almışam. Topçubaşovun apardığı cərrahiyyə əməliyyatında birbaşa iştirak etmişəm, başdan sonadək əməliyyatdan reportaj hazırlamışam.

- Ömrünüz lent kimi gözünüzün önündən keçəndə “kaş bunu eləməyəydim”, “niyə belə elədim”, “gərək bunu da eləyəydim” dediyiniz məqamlar çoxmu olub?

- Həyatda heç nəyə təəssüflənməmişəm. Bu, mənim həyatımdır, səhvləri də mənimdir, nailiyyətləri də. Sözsüz ki, məni sevməyənlər, düşmənçilik eləyənlər də olub. Biri paxıllıqdan, o biri xəstəlikdən eləyib. Mənim səsimi qəbul edə bilməyən ruhi xəstələr vardı. Biri televiziyaya gəlmişdi, məni öldürmək istəyirdi. Deyirdi sənin səsin məni hər yerdə izləyir... Amma mənə pislik edənlərin də xeyri dəyib, zərbələr yedikcə kişiləşmişəm. Həyat hamar olmamalıdır. Elə vaxt olur fikirləşirsən daha quyunun dibindəyəm, çıxmaq çətindir. Amma çıxmağa çalışırsansa, deməli, mətinləşirsən, güclənirsən, həyata başqa gözlə baxmağa başlayırsan. Heç heyfsilənmirəm, mənə elə gəlir layiqli bir ömür yolu keçmişəm. Bu gün gəlib mənimlə söhbət edirsinizsə, deməli, bu ölkədə az iş görməmişəm.

- Ölümlə yaşam arasındakı məsafə uzundur?

- Onu heç kəs bilmir. Kimin ağlına gələr ki, 20 yaşında ölə bilər. Mən 17 yaşlı oğlumu itirdim. Universitetin tarix fakültəsinə daxil olmuşdu, heç iki-üç ay oxuya bilmədi. Ölümlə həyat arasında nə qədər məsafə olduğunu bir Allah bilir.

- Deyirsiniz xəstəlikdən sonra insanların mənə nə qədər diqqət göstərdiyinin şahidi oldum. Dövlət tərəfindən də qayğı gördünüzmü?

- Əgər Heydər Əliyev Fondu və başda hörmətli Mehriban xanım Əliyeva olmasaydı, mən ölümdən qurtula bilməyəcəkdim. Çünki o qədər pulum yoxdur ki, bu cür bahalı cərrahiyyə əməliyyatına girə bilim. Çox sağ olsunlar, ömür boyu minnətdar olacağam. Müraciət edən kimi dərhal qərar qəbul olundu, heç nə əsirgənmədi. Fond bütün xərcləri öz üzərinə götürüb. Heç vaxt o məbləği ödəməyə gücüm çatmazdı. Xəstəxanada yatanda da bu haqda düşünürdüm: 50 il işlə, ağır günündə özünü müalicə elətdirmək üçün pulun olmasın. Düzdür, zaman dəyişib, sovet dövrü olsaydı, bəlkə ucuz başa gələrdi. İndiki zamanda isə bu, mənim üçün çox böyük məbləğdir, heç vaxt gücüm çatmazdı.

- Dublyajda işləyənləri obrazını tanımamaqda, səsləndirmədən əvvəl məşqlər etməməkdə qınayırsınız. Siz səs yazılmadan belə məşqlər edirsinizmi?

- Mən dublyajda iştirak etmirəm, obrazı aktyorlar yaradır. Dublyajda müəllif mətnini oxuyuram. Tutaq ki, “Fəryad” filmində mən tərcüməni aktyor kimi yox, diktor kimi oxumuşam. Sözsüz ki, hər yazılışdan əvvəl filmi görmək, onun mahiyyətini hiss etmək istərdim. Amma mənim üçün əsas mətndir. Mətn mənə maraqlı olmalı, oxuduqca dərin hislər keçirə bilməliyəm. Mətnə qarşı çox həssasam. Onu da deyim ki, mətn xoşuma gəlmirsə, oxumuram. Çoxları buna görə məndən inciyir, deyirəm yox, mətn peşəkar deyil, həvəskar səviyyədə yazılmış məhsuldur.

Amma aktyor sözsüz ki, obrazın mahiyyətinə varmalıdır. Yadımdadır, televiziyada təzə-təzə dublyaj işlərinə başlanmışdı, bir filmi rus dilindən diktor kimi tərcümə edirdim, əvvəlcədən görməmişdim, müharibə dövründən bəhs edirdi. Mətndə belə bir yer vardı: əzizim, gözəlim, yaxın gəl, niyə məndən qaçırsan, yaxın gəl. Elə bildim qadınla danışır, sən demə, keçini çağırır ki, sağsın. Mən də elə oxuyuram, sanki qadını çağırıram. Məsələn, bir yeri də var: rusca deyir “proxodi”, mən də tərcümə edirəm “keç içəri”. Hara keçsin, meşədədir. Belə hallar olub. Ona görə filmi əvvəlcə seyr eləmək, obrazı öyrənmək lazımdır.

- Televiziya aparıcıları ilə bağlı çoxlu şikayət eşidirik. Belə yerdə peşəkar sözünə ehtiyac yaranır. Televiziya aparıcıları sizi qane edirmi?

- Sözsüz ki, məni incidən, narahat edən problemlər var. Aparıcıların nitqindəki qüsurları görürəm. Düzdür, bütün kanalları izləyə bilmirəm. Hər halda eləsi var tamaşaçı ilə təmas qura, birbaşa efirdə müəyyən söhbət apara bilir. Bunun hamısı yaxşıdır, amma Azərbaycan dilini çox pis vəziyyətə salırlar, ələlxüsus da əcnəbi sözlər işlətməklə. Hətta yumor ustalarımız da düşünürlər ki, rus dilində nə qədər ifadə işlətsələr, bir o qədər gülməli alınar. Sovet dövründə bunlar keçmirdi, “uje” desəydi, artıq efirdən çıxırdı. İndi kim nə istəyir danışır, hesab edirlər belə də olmalıdır. Seriallarda da vəziyyət belədir.

- Sovet dövründə ölkə rəhbərliyi, vəzifəli şəxslər televiziya işçilərinə çoxmu təzyiq edirdi, işinizlə bağlı iradlar çoxmu olurdu? Cəza almaq asan idi, yoxsa mükafat?

- O dövrdə kimin nə zaman mükafat alacağını, əməkdar artist, xalq artisti olacağını əvvəlcədən heç kim bilmirdi. Biz bundan ancaq qərar rəsmən elan olunanda xəbər tuturduq. İndi adlar, mükafatlar üstündə dava-qırğındır. Əlbəttə, səhvlərimizə görə töhmət də verilib. Məsələn, Heydər Əliyevin bir saatlıq çıxışlarını birbaşa efirdə rus və Azərbaycan dillərində oxuyurdum. Çətin iş idi, özü baxıb qeydlərini deyirdi.

- Sizcə, azad jurnalistikanın qızıl təməli nədir?

- Azadlıq deməzdim, sərbəstlik gərək olsun. Jurnalistin daxilində bir senzura olmalıdır. Kənardan ona deyilməməlidir, özü başa düşməlidir ki, bunu yazsam, nəyə gətirib çıxaracaq. İntriqalara getmək olmaz. Mən tamam başqa həyat sürmüşəm, intriqalara qarışmamışam. Heç kəs deyə bilməz ki, kiminsə arxasınca danışmışam. Düzdür, aparıcıları ümumən tənqid eləmişəm, amma məxsusi ad çəkməmişəm, ixtiyarım da yoxdur. Özüm götürdüyüm tələbələr haqqında deyə bilərəm, AzTV-də aparıcıların bədii rəhbəriyəm. Amma başqa halda nəsə deməyim mümkün deyil.

- Rafiq müəllim, o vaxt televiziyada sizin səsinizi qısqanmaq zəminində intriqalar çoxmu olurdu? Deyilənə görə, o vaxt dərman verib kiminsə səsini batırmaq faktları da olub müğənnilər arasında...

- Deməzdim ki, bizdə belə hallar olub. Əvvəla, bizim çox kiçik diktor kollektivimiz vardı. O dövrdə televiziya diktoru nadir peşə idi, bununla respublikada beş-altı adam məşğul olurdu. Özü də böyük məsuliyyəti vardı, bir kanal idi, birinci katibdən tutmuş fəhləyə qədər hamı ona baxırdı. Hamının da sənə qiymət verməyə ixtiyarı var idi.

Bəlkə daxildə bir paxıllıq olardı – o getdi qabağa, mən qaldım. Bu da sənətlə bağlıdır, kim özünü necə göstəribsə, elə də qiymətini alıb. Umu-küsü də olub. Baş diktor olanda qadınlar arasında belə şeylər hiss edirdim. Deyirdim bilirsiniz nə var, beş-altı nəfərik, efirə yaxşı əhval-ruhiyyə ilə çıxın. Evdəki, işdəki, ailədəki problemləri, mübahisələri ekranda büruzə verməməlisən, ora xoşbəxt bir insan kimi çıxmalısan. Həm da sovet dövründə göstərməli idin ki, biz xoşbəxt bir ölkədə yaşayırıq, bundan yaxşısı yoxdur.

Çətin dövr idi, o zaman indiki kimi mobil telefon yox idi. Axtarırdılar, evdə yoxam, kinodayam, gəlib kinoteatrdan çıxarırdılar ki, get mətni oxu. Bunlar hamısı yaşadıqlarımızdır, unuda bilmərik.

- İstirahət vaxtı çağırılanda həmişə gedirdiniz, yoxsa etiraz edən vaxtlarınız da olurdu?

- Başqa yol yox idi, getməliydim. Məni qəribə bir hadisə ilə bağlı Moskvadan istirahətdən belə çağırmışdılar. Yetmişinci illər idi, xəbər yayılır ki, Rafiqi öldürüblər. Bilmirəm, bəlkə o adda, soyadda kimsə öldürülmüşdü. Tamaşaçıların zəngindən bezmişdilər, Mərkəzi Komitədən də demişdilər onu efirə çıxarın, söz-söhbət bitsin. Təcili məni gətirtdilər. İşdə oturmuşam, yarım saatdan sonra efirə çıxacağam. Bir qadın zəng elədi, utanmırsınız, milləti bu qədər aldatmaq olar, bizim o cür sevimli diktorumuz rəhmətə gedib, heç olmasa televiziyada bir xəbər verin, yas yerini deyin, gedib başsağlığı verək. Deyirəm, ay xanım, mənəm ey, Rafiq. Deyir bəsdirin, siz elə həmişə milləti aldatmısınız. Deyirəm inanmırsınız, 15 dəqiqədən sonra televizorda xəbərləri izləyin. Onunla da bütün səs-küy yatdı.

Diktorlar haqqında çox söz-söhbətlər gəzirdi, bir-biri ilə evləndirirdilər, boşadırdılar. Məsələn, mən Ofeliya Sənani ilə çox verilişlər aparmışam. Bütün şəhər elə bilirdi biz evliyik. Dostuq, həmkarıq, veriliş aparırıq, istər-istəməz tamaşaçı düşünür ki, hə, bunlar bir-birinə yaxşı yaraşır, yəqin evləniblər. Biri bu cür deyir, o birisi evləndirir, yayılır ki, iki uşaqları da var. Onda da efirə çıxıb deyə bilmirdin axı, ay camaat, belə deyil, bu xanımın gül kimi əri, mənim də həyat yoldaşım var. Ofeliya xanımın həyat yoldaşı Valid Sənani mənim dostum, gözəl insan, savadlı jurnalist idi. O da söz-söhbətləri eşidirdi, nə eləsin, desin ki, Rafiqlə efirə çıxma? Bu, bizim işimizdir axı. İşçilər də bilirdi ki, belə şey yoxdur.

OXŞAR XƏBƏRLƏR