“Mən müxalifətin qulbeçələrinə yox, rəhbərlərinə cavab verirəm”
Bütün Xəbərlər
01:51 20.10.2011
1516
Oktyabrın 19-u “Yeni Müsavat” qəzetində “Bütün siyasi məhbuslara azadlıq!” tələbi ilə Müsavat qərargahında keçirilən aclıq aksiyası ilə bağlı gənclərin fikirləri dərc olunmuşdu. İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı bu kimi aksiyaların keçirilməsinin əleyhinə olduğunu bildirmişdi: “Amma bütövlükdə götürəndə biz istəyərdik ki, həbsdə olan gənclər azad olunsun. Amma Azərbaycan qanunlarla idarə olunan dövlətdir. Onlar siyasi motivlərlə həbs olunmayıblar, qanunları pozduqları üçün həbs olunublar. Belə aclıq aksiyasına son qoyub, prezidentdən həbsdə olanların əfv olunmasını xahiş etsələr, daha yaxşı olar”.Bu gün isə aclıq aksiyası keçirən gənc fəal Dəyanət Babayev 24saat.az xəbər portalına məktub göndərərək, Fərid Şahbazlını ittiham edib. Gənc fəalın fikrincə, milli ləyaqətdən, milli qeyrətdən, milli dövlətdən danışmağa haqqı yoxdur. Bu gün Fərid Şahbazlı “Bizimxeber.com” portalına verdiyi açıqlamasında aclıq aksiyası keçirən və onu ittiham edən gəncə cavab verib. İslahatçı Gənclər İctimai Birliyinin sədri bu məktubu məsuliyyətsizlik adlandırıb: “Mən yenə də əvvəlki fikrimdə qalıram ki, gənclərin həbsi xoş hal deyil və onların həbsini də arzulamıram. Amma bu da gerçəklikdir ki, Azərbaycan qanuni dövlətdir və qanunlarla idarə olunur. Kiminsə hansısa partiyanın, siyasi birliyin üzvü olması ona qanunlardan yayınmaq üçün əsas verə bilməz. Bu mənada mən həbs olunan gənclərin də məsələsinə bu qanunların pozulması və hüquqi məsuliyyət prizmasından yanaşıram. İndi AXCP Gənclər Komitəsinin adını belə dilimə gətirməyi layiq bilmədiyim bir üzvü mənim üç cümləlik fikrimə böyük bir məktubla cavab verirlər. Hesab edirəm ki, bu cavab onların öz tərzlərində verilib. Mən əslində bu məktuba cavab verməməli idim. Mən müxalifətin qulbeçələrinə yox, rəhbərlərinə cavab verirəm. Çünki bunun onlar tərəfindən verilmiş bir sifariş olduğunu düşünürəm. Sadəcə olaraq ictimaiyyəti çaşdırmaq cəhdlərindən dolayı buna bir-iki cavab verəcəm ki, bu cür aksiyalar keçirmək müxalifətin ucuz şoularından, gündəmdə qalmaq cəhdlərindən başqa bir şey deyil. Bu adamlar gəncləri özlərinə hakimiyyətə gəlmək üçün alət ediblər. Və mən çox təəssüf edirəm ki, başqa vaxtı intellektdən, ağıldan danışan bu gənclər də onların alətinə çevrilb. Mən bu cür adamları xarici qüvvələrin əlində alətə çevirən, gənc yaşında müxalifətə gətirən və müxalifətdə də təqaüdə çıxardanlara bundan başqa bir şey deyə bilmərəm. Hesab edirəm ki, bunlar ömrü boyu müxalifətdə qalacaqlar, çünki müxalifətçiliyi özləri üçün həyat tərzi seçiblər. Ona görə də bu məktubu qeyri-ciddi hesab edirəm. Orada boş pafosdan və yalan, böhtan dolu fikirlərdən başqa bir şey yoxdur. Heç bir iş-gücü olmayan, ömrünü-günü çayxanalarda, küçələrdə keçirən adamların fikirləri əlbəttə ki, ciddi qəbul oluna bilməz. Yenə də deyirəm bunu mən sıradan, ağlı yerində olmayan, yoldan keçən bir adamın açıqlamaları kimi qiymətləndirirəm”.