AXCP sədrinin müavini vəzifəsindın çıxarılan Razi Nurullayev bununla bağlı mətbuat konfransı keçirib.
Bu gün keçirilən konfransda R.Nurullayev bildirib ki, ola bilsin, buradakı çıxışına görə onu kimlərsə qınasın: “AXCP sədri üzdə gəncləşmə siyasəti aparır, əslində isə ömrünü partiyaya sərf edən insanları sıxışdırır. Çünki artıq onların gözləri açılıb. Rəyasət Heyətinin bəzi iclasları 4-5 saat davam edirdi və 80% söhbətlər “facebook”da “like”ların sayılmasına gedirdi. Vicdanı olan cəbhəçilər bu gün də bunu təsdiqləyə bilər. “Like”ların sayılması ilə siyasət aparmaq olmaz. Partiyada hər zaman belə xırdalıqların əleyhinə olmuşam. Partiya şöbələrində hər kəsin “Azadlıq” qəzetinə məcburi abunə olunması tələb edilirdi.
Mən də qəzetin abunəçisiyəm və abunəçisi olmaqda da davam edəcəm. Lakin hər kəsdən bunu tələb etmək düzgün deyil. Bu gün həmin qəzetdə rayon şöbələrindən bir nəfər sədrin müsahibə, açıqlaması getmir. Gənc cəbhəçilər Əli bəyin bəlağətli çıxışından təsirlənə bilərlər. Köhnələrdən heç kəs onun təlimatına tabe olmur. Gənc cəbhəçilərə verilən yeganə tapşırıq facebookda like etmək və paylaşmaqdır. Rəyasət heyətindən elə şəxslər var ki, fb-də 100-ə yaxın saxta profili var. Sosial şəbəkədə qaydalar sərtləşəndən sonra onların sayı 50-ə qədər azaldıldı. Mən AXCP-də olanda hakimiyyətə qarşı heç vaxt loyal davranmamışam və davranmayacam da".
R. Nurullayev daha əvvəl istefa verən sədrin müavini Zərifə Məhəddinovanın porno kasetlə şantaj edildiyini qeyd edib:"Özü şantaja məruz qalan birinin başqasını şantaj etməsi qeyri-səmimi davranışdır. Əli bəy hər zaman müxalifətdə birinci olmaq üçün mübarizə aparıb".
R.Nurullayev istefası ilə bağlı Əli Kərimlinin evində olarkən gedən söhbətin təfərrüatını açıqlayıb: "Əli bəy dedi ki, məndə dəqiq məlumat var ki, sən hakimiyyətə işləyirsən. Hakimiyyət səni maliyyələşdirir və orada dostların var. O dedi ki, əlimdə elə böyük faktlar var ki, görüb və qulaq asmışam. Həmin faktlardan sonra əmin oldum ki, satılmısan. ABŞ və Britaniya səfirliyi sənin satıldığını deyib. Belə çıxır ki həmin səfirliklər ölkədə dinləmə aparatları quraşdırıblar, siyasətçiləri dinləyirlər.
Bilmirəm, inanım ya inanmayım. Dünən hər iki səfirliyə məktub göndərmişəm. Necə ola bilər ki, məni dinləyib, izləyib sonra da Əli Kərimliyə məlumat ötürsünlər. Əli bəy məni istefaya göndərdikdən sonra da səfirlikdə görüşünün olduğunu dedi. Mənə dedi ki, sən getdiyin yolu mən çoxdan qayıtmışam. Yəni Əli Kərimli demək istədi ki, sən indi satılırsan, mən isə çoxdan hakimiyyətə satılmışam.
Mən Əli Kərimlidən əl çəkməyəcəm. Mənə və cəbhəçilərə etdiklərinə görə cavab verəcək. Məhrumiyyətlər yaşaması onu insanların boynuna qoymasına əsas vermir. Ən çox məhrumiyyət yaşayan lider olmalıdırsa, o zaman Lamiyə Quliyeva lider olsun”.
qafqazinfo.az