Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama

Mənzil bazarında yeni mənzərə - ipoteka ilə bağlı açıqlama
SOSİAL
21:11 23.09.2026
94
İpoteka kreditlərinin verilməsi ilə bağlı göstəricilər mənzil bazarında bu maliyyələşmə mexanizminə çıxış məsələsini yenidən gündəmə gətirir. 2026-cı ilin ilk 6 ayında 2 242 ipoteka kreditinin verilməsi fonunda vətəndaşların mənzil alarkən ipotekadan istifadə imkanlarına təsir edən əsas amillər də diqqət çəkir.

Bəs ilkin ödəniş, gəlir tələbləri və mənzil qiymətləri ipoteka ilə ev almağa nə qədər mane olur? İpoteka kreditlərinin mənzil alışlarında payının aşağı qalmasının əsas səbəbləri nələrdir?

Əmlak eksperti Elnur Azadov Demokrat.az-a açıqlamasında bildirib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən indiyədək 50 mindən çox ipoteka krediti verilib.

Mənzil bazarında yeni mənzərə — ipoteka ilə bağlı açıqlama
Onun sözlərinə görə, bu rəqəm 52-53 min civarında ola bilər. 2007-ci ildən etibarən verilən ipoteka kreditlərinin sayını illər üzrə böldükdə, orta göstəricinin o qədər də aşağı olmadığını demək mümkündür:

"Lakin ötən il və 2020-ci ilədək olan dövrdə neçə ipoteka kreditinin verilməsi ilə bağlı dəqiq məlumatım yoxdur.

Amma belə bir məqama konkret olaraq toxuna bilərəm ki, ölkədə daşınmaz əmlakın 2020-ci ildən etibarən indiyədək 80 faizə qədər bahalaşması ciddi fəsadlar yaradır. Bu, bir çox iqtisadi prosesləri həm özəl, həm də dövlət sektorunda geri salır.

Daşınmaz əmlakın 80 faiz bahalaşması o deməkdir ki, İpoteka Fondu tərəfindən, yəni dövlət tərəfindən ipotekaya ayrılan vəsaitlərin də artırılması zərurəti yaranır. Bu o deməkdir ki, vətəndaşların daşınmaz əmlakla təmin olunması üçün dövlət büdcəsindən daha çox vəsait ayrılmalıdır.

Üstəlik, mənzillərin bahalaşması kredit məbləğinin də artmasına səbəb olur. Nəticə etibarilə istehlakçı daha çox yüklənmiş olur. Üstəlik, ilkin ödəniş zamanı da vətəndaş daha çox vəsait toplamalıdır. Beləliklə, ipoteka götürənin gəliri də artmalıdır. İlkin ödəniş üçün topladığı məbləğ də artmalıdır.

Nəzərə alsaq ki, vətəndaşların son illər ərzində, məsələn, inflyasiya və ümumiyyətlə istehlak xərclərinin artması ilə əlaqədar yığım kapitalı ölkədə kifayət qədər aşağı düşüb, ipoteka, ələlxüsus, əməkhaqqısı yüksək olan şəxslər üçün daha əlçatan olub. Yəni bu o deməkdir ki, maaşı aşağı olan vətəndaş həm ilkin ödənişin toplanmasında çətinlik çəkir, ən ciddi məqam isə aylıq ödənişlərin təmin olunmasıdır. Yəni aylıq ödənişlər də artır.

Beləliklə, daşınmaz əmlakın bahalaşması ehtiyacı olan şəxslər üçün mənzil alışını daha da çətinləşdirib. Amma bundan kimlər istifadə etməyə başlayıb? Gəliri daha yüksək olan şəxslər, əməkhaqqı daha yüksək olan vətəndaşlar. Hətta maksimal məbləğdən istifadə edən şəxslərin sayı da ölkədə çoxalıb.

Məsələn, maksimal məbləğ 150 min manatdır. Əgər ehtiyacı olan şəxs daha ucuz daşınmaz əmlak almaq istəyirsə və regionda və ya Bakı şəhərinin uzaq ərazilərində yaşayırsa, həmin şəxs üçün 50-70 min manatlıq kredit kifayət edəcək.

Amma bir çox vətəndaşların gəliri yüksək olduğuna görə onlar maksimal kredit məbləğindən istifadə edirlər, yəni 150 min manatın hamısını götürürlər. Vətəndaşların kreditdən tam həcmdə istifadə etməsi büdcədən ayrılmış vəsaitin daha az sayda şəxs arasında bölüşdürülməsinə səbəb olur.

Bu kimi hallar daşınmaz əmlakın bahalaşması fonunda baş verib.

Xüsusilə daşınmaz əmlakın bahalaşması ipoteka kreditlərinə müraciətləri daha da artırıb. Bundan iki təbəqə istifadə edə bilir. Yəni gəliri az olan, əməkhaqqısı aşağı olan şəxslər, təəssüf ki, artıq bundan yararlana bilmirlər".
OXŞAR XƏBƏRLƏR