Son aylar Azərbaycana ərəb ölkələrindən gələn turistlərin sayında azalma müşahidə olunur. Halbuki əvvəlki illərdə yay mövsümündə ərəb turistləri ölkəyə ən çox səfər edən xarici qonaqlar arasında yer alırdı. Bu azalma turizm sektorunda da narahatlıq doğurur.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan turizm eksperti Cəfər Qarayev bildirib ki, turist sayındakı azalmanın əsas səbəbləri bölgədə baş verən geosiyasi hadisələr və bunun hava nəqliyyatına təsiridir:

"İlk səbəb hava əlaqələrinin kəsilməsidir. 28 fevralda Yaxın Şərqdə və qonşu İran İslam Respublikasında baş verən münaqişələr ərəb turistlərini Azərbaycana səfər etməkdən daşındırdı. Belə ki, İranın hava məkanı bağlandı, həmin ərəb ölkələrinin bəzilərinin hava limanları hücuma məruz qaldı və bu səbəbdən bağlandı. İkinci səbəb isə odur ki, bəzi aviaşirkətlər uçuşları bərpa etsələr də, marşrut məsafəsini uzadıblar. Məsafə uzandıqca yanacaq xərclərinin artması səbəbindən təyyarə biletlərinin qiyməti 2-3 dəfə bahalaşıb. Bu da ərəb turistlərinin az gəlməsinə gətirib çıxarır".
Ekspert qeyd edib ki, mövcud vəziyyətə baxmayaraq, bu il Azərbaycandakı əlverişli hava şəraiti turizm üçün mühüm üstünlük yaratsa da, bu imkandan lazımi səviyyədə istifadə olunmayıb:
"Bu il çox gözəl mövsüm keçirdik. Sərin və yağmurlu hava şəraitindən istifadə edərək həm ərəb ölkələrindən, həm də havaların isti keçdiyi Avropa ölkələrindən Azərbaycana turist axınını təmin edə bilərdik. Amma bunun üçün aşağıbüdcəli aviaşirkətlər (loukosterlər) fəaliyyət göstərməlidir. Yenə də əsas məsələ uçuşların bərpası və qısamüddətli/qısaməsafəli reyslərin həyata keçirilməsidir. Əgər təhlükəsizlik baxımından İran üzərindən uçuşlara icazə verilmirsə və ya dairəvi marşrut istifadə olunursa, aviadaşıyıcımız bilet gəlirlərindən müəyyən güzəştlər etməklə, dövlətdən subsidiya almaqla və ya hava limanı rüsumlarından azad olunmaqla qiymətləri endirə və ərəb ölkələrinə reysləri bərpa edə bilər".
Fəridə Əsədzadə











































