Məşhur azərbaycanlı astroloqların 'qiyamət' xəbərdarlığı
Bütün Xəbərlər
14:35 23.11.2012
4402
“21 dekabr” barədə çox danışılır. Mayya təqvimində guya 2012-ci ilin 21 dekabrında bir neçə sutka ərzində Yer kürəsinin qaranlığa qərq olacağı ilə bağlı məlumatlar verilib. Bu tarixdə dünyanın sonu olacağı barədə “proqnoz” verənlər də az deyil.Cəmiyyətimizdə də bu fikirlər bir çox insanları narahat edir. Hətta həmin günə öz tədarükünü görənlər var. Elə bu səbəbdən paytaxtın bazar və dükanlarında bəzi məhsullara tələbat çoxalıb. Apardığımız müşahidələr deməyə əsas verir ki, dükanlarda əsasən şam, kibrit, enerjidaşıyıcıları, müəyyən qida məhsulları azalıb. Hətta tanınmış simalar arasında da “Qiyamət günü”nə hazırlaşanlar var. Maraqlıdır, astroloqlar bu barədə nə düşünürlər?“Yerin cazibəsi qüvvəsi və qravitasiyası sabitliyinin pozulmasının heç bir elmi əsası yoxdur. O ki qaldı Merkuri və Veneranın Günəşin önünü kəsməsinə və Yer üzündə qaranlığın olacağına, bunların da hər biri cəfəngiyyat xarakteri daşıyır”. Bunu “Yeni Müsavat”a açıqlamasında astroloqFirudin Qurbansoydeyib. Onun sözlərinə görə, Merkuri, Venera, Yer Günəşdən o qədər aralıdır ki, onların kölgəsinin Yer planetinə düşməsi çox cüzidir. Buna baxmayaraq, Yer kürəsinin çox az yerlərinə kölgə düşmə ehtimalı da ola bilər:“Lakin həmin hadisənin Azərbaycana heç bir təsiri olmayacaq. Yer kürəsinin şimal hissəsində bu özünü göstərə bilər. Amma bu, qlobal şəkildə faciələrin baş verməsi, işıqların sönməsi, sunamilərin olması demək deyildir. Sadəcə olaraq, biz hər birimiz səbrimizə hakim olub həmin tarixi gözləməliyik və həmin anda aydın olacaq ki, bu dairələr insanları necə barmaqlarına dolayıblar”.F.Qurbansoy deyib ki, artıq dünya əhalisinin sayı 6 milyardı ötüb. Məhz buna görə də elə dairələr vardır ki, insanları öldürmək üçün müxtəlif vasitələr axtarırlar: “Bunun üçün də müharibələr, müxtəlif viruslar lazımdır. Ümumiyyətlə, onlar burada elə bir ovqat yaradırlar ki, zəif insanlar ürək xəstəliyinə düçar olsun və nəticədə heç bir müdaxilə olmadan dünyalarını dəyişsinlər. Bununla da həmin dairələr "lazımsız insanların" sayını azaltmaqla Yerdə balans yaratmağa çalışırlar. Onların 2011-ci ildə dünyanın dağılması ilə bağlı verdikləri informasiyalar belə yalan oldu. O ki qaldı 2012-ci ilə, deyə bilərəm ki, təxminən 10 il bundan qabaq dünyanın sonu ilə bağlı hətta film çəkmişdilər. Bununla belə, müxtəlif səpkili kitablar dərc olunaraq dünyanın hər yerinə yayılmışdı. Hazırda isə hər bir kəs gözləyir ki, 2012-ci il dekabrın 21-də qiyamət qopacaq.Bunlar tamamilə absurd fikirdir və heç bir hadisə baş verməyəcək. Səfər ayının yeddisinə təsadüf edən Miladi təqvimlə 2012-ci il və Hicri-Qəməri təqvimlə 1334-cü ilin dekabrın 21-i adi günlərdən biridir. Bu zaman Günəşə yaxın olan üç planet - Merkuri, Venera və Yer Oxatan bürcündə yerləşəcək. Bunu planetlərin paradı kimi qələmə vermək olmaz. Planetlərin paradı olmaq üçün kəşf olunan on səyyarə bir düz xətt üzərində olmalıdır. Təbii ki, bu əhvalat da baş verməyəcək".Astroloq həmin bu hadisələrin Avropada hökm sürən iqtisadi böhranla bağlı olmadığını da dilə gətirib: “Bu, sadəcə olaraq siyasi oyunlardır. Bildiyiniz kimi, indiki şəraitdə iqlim silahları mövcuddur. Bundan da öz növbəsində Amerika (ABŞ) bəhrələnir. Hər bir şey Allahın nəzarətindədir. Amerikada heç bir demokratiyadan söhbət belə gedə bilməz”.Astroloq Səbuhi Rəhimli isə qorxu yaşayanları şayiələrə uymamağa çağırıb: “Son günlər bu dalğa daha sürətlə insanların beynini nəinki məşğul etməyə, deyərdim ki, hədsiz qorxutmağa başlayıb. Peşəmdən asılı olaraq, təbii ki, ən müxtəlif təbəqələrdən mənə hər gün onlarla narahat müraciətlər olunur”.Astroloq deyir ki, insanlar yaranışdan xof və qorxu içində İlahi əmr olan "Qiyamət günü" barədə tələskənlik etməyə alışıblar: “Tarixin müxtəlif dönəmlərində belə hallar tez-tez bir-birini əvəz edib, sonuncu belə "fürsət" də, deyəsən, 2012-ci ildir. Siyasi dəllalların 1999-cu il üçün dedikləri səhv çıxdığından, dərhal keçdilər 2012-yə. Özü də bunu ən müxtəlif formalarda diqqətə çatdırırlar: gah “göydən Yerə nəhəng asteroid gəlir”, gah “3-cü dünya müharibəsi başlayır”, gah da “təbii fəlakətlər dünyanı dağıdacaq” formasında. Özü də bu fikirləri təsdiqləmək üçün Nostradamus və Vanqadan, bəzən də digər öncəgörənlərdən sitat gətirirlər. Halbuki adıçəkilən şəxslərin heç biri bu barədə yarım cümlə belə deməyiblər. Görünür, dünyanın siyasət dəllalları bu cür bəhanələrlə planetimizi təlaşda saxlamaq istəyirlər".S.Rəhimlinin sözlərinə görə, 21.12.2012-ci ildə sadəcə bürclər dəyişəcək: “Dekabrın 22-dən Oğlaq bürcü daxil olacaq. O gün olsa-olsa, Venera planetinin kölgəsi düşəcək Yer kürəsinə. Bu da şimal qütbünə təsadüf edəcək. Bəzi savadsız insanları bu qorxudan xilas etmək üçün ölkə kanallarında bununla bağlı verilişlərin hazırlanması, debatlar təşkil edilməsi məqsədəuyğundur. Burada müvafiq orqanların da üzərinə böyük məsuliyyət düşür. Əks halda, siyasi marağı olan insanlar bundan istifadə edəcək”.