Azərbaycanlı "vine qəhrəmanı" Hüseyn Əzizoğlu saxlanılıb.
Bu barədə Hüseynin yaxınları Facebook-da məlumat yayıblar. İlkin məlumata görə, Hüseynə 15 sutka iş veriblər.
Azərbaycanlı "vine qəhrəmanı"nın polislə bağlı hazırladığı videoya görə saxlanıldığı deyilir.
Hüseynin anası Elnarə Baxışova isə musavat.com-a açıqlamasında onun yanvarın 8-də həbs edildiyini deyib.
H.Əzizoğlunun həbs edilməsinin səbəbi məhəllədə tanımadığı bir nəfərlə yüngülcə dalaşması olub. Həmin gənc polisə şikayət edib.
Anasının sözlərinə görə, bundan sonra Yasamal Rayon 29-cu polis bölməsinin əməkdaşları onu evindən tutub, aparıblar:
“Hüseynə 15 sutka həbs veriblər. Yanına da getmişdim. Vəziyyəti yaxşıdır. Onunla dalaşan gənc şikayət ərizəsini geri götürmədi. Ona görə də, həbs ediblər”.
Elnarə Baxışova deyib ki, onun həbsinin çəkdiyi videolar ilə əlaqəsi yoxdur:
“Sosial şəbəkələrdə yayılan məlumatlar düz deyil. Hüseyn dalaşdığını özü də deyir. Hər şey ona görə olub”.
Hüseyn Əzizoğlu hazırda Binəqədi inzibati cəzaçəkmə məntəqəsində saxlanılır.