Məşhur Pecha Kucha təqdimatları Azərbaycanda

Məşhur Pecha Kucha təqdimatları Azərbaycanda
GƏNCLİK
16:42 26.04.2013
1531

Dünyada geniş populyarlıq qazanmış Pecha Kucha (PKN) təqdimatları ilk dəfə olaraq Azərbaycanda təşkil edildi.

Pecha Kucha (yapon dilindən tərcümədə "söhbət etmək") 2003-cü ildə Yaponiyada başladılmış və qısa vaxt ərzində bütün dünyaya yayılmış konfrans formatıdır.

"İRƏLİ" İctimai Birliyi 2012-ci ildə PKN tədbirlərinin Azərbaycanda keçirilməsi üçün rəsmi razılıq əldə edib və 25 aprel, 2013-cü il tarixində Azərbaycanda ilk dəfə "PKN Baku Vol 1." tədbiri həyata keçirilib. Hezz Klubda keçirilən tədbir millət vəkili Ceyhun Osmanlı başda olmaqla 150 dəvətlinin iştirakı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” sədri Rauf Mərdiyev bunları qeyd edib: “Biz sevinirik ki, növbəti uğura imza ataraq dünyada yetərincə məşhur olan bir brendi, fəaliyyəti bu gün Azərbaycana gətiririk və ümid edirəm ki, bu təqdimatlar və ümumiyyətlə Pecha Kucha bizim gənclərimiz tərəfindən böyük maraqla qarşılanacaq və seviləcəkdir. Artıq hər kəs öz fikirlərini, düşüncələrini, ideyalarını geniş kütlə ilə bölüşmək üçün yeni məkan əldə etmişdir”. Rauf Mərdiyev PKN tədbirlərinin davamlı olaraq keçiriləcəyini bildirib.

Layihə koordinatoru Nihad Allahyarlı isə tədbirin "Bölüşmək üçün gəldik" şüarı altında keçirildiyni vurğulayıb və qeyd edib ki, PKN insanların öz fikir və ideyalarını geniş kütlə ilə bölüşməsi üçün yaradılmış bir platformadır.

Tədbirin əsas hissəsində spikerlərin çıxışları baş tutub. İlk PKN tədbirinin spikerləri isə “New Baku Post” qəzetinin təsisçisi və redaktoru Tural Əliyev, PR üzrə mütəxəssis Zaur Darabzadə, “Park Bulvar” AVM-nin PR meneceri Günay Malikqızı, “İB” Klubun həmtəsisçisi Şəmsi Bayramzadə, İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərhad Ələkbərov və Azərbaycan Dövlət Dənizçilik Akademiyasının Tələbə Həmkarlar İttifaqının sədri Kamran Cəlilli olub. Spikerlərin uğur hekayələri və verdikləri mesajlar auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, hal-hazırda “Pecha Kucha” dünyanın 120-dən çox ölkəsinin 530-dan artıq şəhərində həyata keçirilir və bu tədbirlə Azərbaycan da öz adını bu siyahıya yazmış oldu. Azərbaycanda PKN tədbirlərinin keçirilməsi hüququ "İRƏLİ" İctimayi Birliyinə aiddir.

OXŞAR XƏBƏRLƏR