Mətbuat Şurasında Redaktorlar Birliyi tənqid olundu

Mətbuat Şurasında Redaktorlar Birliyi tənqid olundu
MEDİA
18:34 08.09.2011
1940

Bu gün Azərbaycan Mətbuat Şurasında 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Gününə həsr olunmuş «dəyirmi masa» keçirilib.

«Dəyirmi masa»nı açan MŞ sədri Əflatun Amaşov tədbir iştirakçılarını media üçün əlamətdar sayılan gün münasibətilə təbrik edib. Sonra ölkəmizin şəhid jurnalistlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Ə.Amaşov bu gün Mətbuat Şurası İdarə Heyəti üzvlərinin və bir qrup media nümayəndəsinin şəhid jurnalistlərin məzarlarını ziyarət etdiklərini deyib. Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü barədə məlumat verən Şura sədri bildirib ki, bu tarix çex jurnalisti Yulius Fuçikin qətlə yetirilməsi ilə bağlıdır. «1943-cü ilin bu günündə o, faşistlər tərəfindən amansızlıqla qətlə yetirilib. Yulius Fuçik təkcə jurnalist deyil, eyni zamanda dövrünün görkəmli şairi, publisisti olub. Nəinki vətənindən, onun hüdudlarından kənarda da antifaşist ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınıb. 1958-ci ildə Beynəlxalq Jurnalist Təşkilatı Y.Fuçikin öldürüldüyü günü jurnalistlərin həmrəyliyi günü elan edib. Qurum onun adına mükafat da təsis edib», - deyə o bildirib.

Ə.Amaşov Azərbaycan jurnalistlərinin taleyüklü məsələlərə münasibətdə də daim həmrəy olduqlarını vurğulayıb. 1988-ci ilin meydan hərakatından sonra yaşanan proseslərdə, o cümlədən 20 Yanvar faciəsinə münasibətdə və daha sonra dövlət müstəqilliyimizin ideya bazasının formalaşdırılmasında və cəmiyyətə çatdırılmasında qələm sahibləri kifayət qədər aktiv və həmrəy olublar. MŞ sədri hazırda mediamızdakı bir çox problemlərin aradan qaldırılmasında da jurnalist həmrəyliyinə ciddi ehtiyacın duyulduğunu önə çəkib.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, müstəqilliyin ötən 20 ilində ölkə mediasının həmrəy əldə etdiyi ən böyük dəyər söz azadlığıdır: «İqtidarlı müxalifətli birləşərək yaratdığımız qurum bu gün tədbirinə toplaşdığımız Mətbuat Şurasıdır. Bizlər çiyinlərimizdə həqiqi jurnalist məsuliyyətini daşıyan insanlarıq. Amma indi mediamızda elələri çıxıb ki, fəaliyyətləri söz azadlığı prinsiplərinə, ümumən etik dəyərlərə tamamilə ziddir. Hesab edirəm ki, belələrinə qarşı mübarizədə də həmrəylik nümayişinə ciddi ehtiyac var. Bütün səylərimiz sözün nüfuzunun qaldırılmasına yönəlməlidir».

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli müstəqilliyin ilk illərində qəzet buraxmağın olduqca çətin peşə olduğunu vurğulayıb. O, diqqəti bu çətinliyin aradan qaldırılmasında jurnalist həmrəyliyinin müstəsna roluna çəkərək senzura şəraitində mətbu orqanların fəaliyyət xüsusiyyətlərindən, cəmiyyətdə özünü təsdiq etmək istiqamətindəki işlərindən söhbət açıb. «Media məkanımızda baş verən bir sıra mühüm hadisələr əslində jurnalist həmrəyliyinin bariz nümunəsi kimi ərsəyə gəlib. Bu baxımdan istər 2003-cü ildə Mətbuat Şurasının formalaşdırılmasını, istər mətbuata dövlət dəstəyi Konsepsiyası layihəsinin müzakirəsini, istərsə də Fondun yaradılması istiqamətindəki təşəbbüsləri qeyd etmək mümkündür», - deyən V.Səfərli rəhbərlik etdiyi qurumun gördüyü işlər və perspektiv vəzifələri ilə bağlı məlumat verib.

İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli jurnalist həmrəyliyindən söhbət açılarkən daha çox Azərbaycanın qələm sahiblərinin mövqeyindən bəhs etməyin zəruriliyini əsaslandırıb. «Biz daha çox özümüz həmrəy olmalıyıq. Çünki əksər vaxtlarda dünya jurnalistləri bizimlə həmrəy olmurlar. Onların tutduqları yol mövqe və mənafelərimizə zidd olur. Bu mənada öz həmrəyliyimizi tutarlı alternativ kimi ortaya qoymağı bacarmalıyıq», - deyə o əlavə edib. C.Məmmədli həmçinin bildirib ki, ölkəmizdə son illərdə iqtidar-müxalifət mətbuatı anlayışlarının aradan qalxmasına yönələn kifayət qədər işlər görülüb və həmin proses müsbət nəticələrini verməkdədir.

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Gününün tarixi qətlə yetirilmiş jurnalistin adı ilə əlaqədardır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşan baş redaktor toplantı iştirakçıları adından «Monitor» jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılması tələbilə müvafiq qurumlara müraciət ünvanlamasını təklif edib. Mətbuat Şurasının yaranmasının jurnalist həmrəyliyinin bariz nümunəsi kimi dəyərləndirən R.Arifoğlu qurumun fəaliyyəti ilə bağlı iradlarını da səsləndirib. O, Şuranın mətbuatın daha geniş spektrini əhatə etməsinin vacibliyini önə çəkib və bunu qurumun nüfuzunun və təsir dairəsinin artırılması baxımdan əhəmiyyətli sayıb.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxışında son zamanlar bir qrup jurnalistin Redaktorların Birliyinin bərpası ilə bağlı irəli sürdüyü təşəbbüslərdən söhbət açarkən bildirib ki, media təmsilçilərinin öz narazılıqlarının və fikirlərinin ifadəsində Mətbuat Şurasının ətrafında toplaşmaları daha səmərəlidir.

“Azəri Press Agentliyinin” (APA) baş direktoru, MŞ İdarə Heyətinin üzvü Vüsalə Mahirqızı KİV rəhbərlərinin müxtəlif qruplarda birləşərək media ilə bağlı məsələlər haqqında diskussiyalar aparmasını müsbət məqam kimi xarakterizə edib. Lakin o, son zamanlar Redaktorlar Birliyi adı altında toplanan şəxslərin içərisində mediaya aidiyyatı olmayan şəxslərin mövcudluğuna diqqəti çəkib və bildirib ki, onlarla nəinki nəyisə müzakirə etmək, heç bir masa ətrafında əyləşmək də düzgün deyil. Bəzi jurnalistlərin nə üçün belə adamlarla bir yerdə olmaları anlaşılmır. «Konkret məsələyə gəldikdə, iki təklifim var. Bir vaxtlar Mətbuat Şurası dövlət qurumlarının mətbuat xidmətlərinin təmsilçiləri ilə görüşlər təşkil edirdi. İstərdik ki, bu ənənə bərpa edilsin. Çünki həmin görüşlərin müsbət nəticələrini hiss edirdik. Hazırda informasiya əldə edilməsi ilə bağlı problemlər var. Əvvəllər jurnalistikada çalışmış şəxslərin hazırda rəhbərlik etdikləri mətbuat xidmətlərinin işində müsbət meyllər gözə çarpsa da, bir çox başqaları haqqında eyni sözü söyləmək mümkünsüzdür», - deyə o vurğulayıb.

V.Mahirqızı eyni zamanda dövlət qurumlarının məsul şəxsləri ilə KİV rəhbərlərinin görüşünün təşkilini də vacib sayıb. «Bu, stareji məsələlərə münasibət baxımından önəmlidir. Bəzən elə olur ki, biz jurnalistlərin doğru bilərək işıqlandırdıqları məsələ sonradan əleyhimizə yönəlir. Buna görə də baş redaktorların dünya miqyasında Azərbaycanın mənafeyi ilə bağlı məsələlərdən, ayrı-ayrı detallardan xəbərdar olmaları vacibdir. Buna xidmət edən görüşlər qapalı da keçirilə bilər. Əsas şərt medianın düzgün fəaliyyət strategiyasının müəyyənləşməsidir».

Tədbirdə qərara alınıb ki, Mətbuat Şurası adından mərhum jurnalist Elmar Hüseynovun qətlinin araşdırılmasının sürətləndirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlansın. Eyni zamanda dövlət qurumlarının mətbuatla işə məsul şəxslərinin jurnalistlərlə görüşünün təşkili üçün əməli tədbirlərin təşkili razılığına gəlinib.

OXŞAR XƏBƏRLƏR