‘Mətbuatımızın gələcək inkişafında daha çox bu portalların rolu olacaq’ - Məmməd Gülməmmədov

‘Mətbuatımızın gələcək inkişafında daha çox bu portalların rolu olacaq’ -  Məmməd Gülməmmədov
MEDİA
16:28 26.11.2014
1986

Məmməd Gülmmədov - gənc media rəhbərlərindəndir. Onunla Nizami küçəsindəki (Tarqovı) kafelərin birində görüşdük.

 Mediamızın bugünkü durumundan söhbət etdik. Beləliklə, Aktual.az-ın “Media kapitanları" rubrikasının qonağı Ölkə.Az saytının təsisçisi Məmməd Gülməmmədovdur.

- Məmməd müəllim, niyə qəzetçilik unudulur?

- Düşünmürəm ki, qəzetçilik unudulur. Qəzetçilik ənənəsi olub, həmişə də davam edəcək. Sadəcə olaraq müəyyən azalma hiss olunur. Bu isə artıq müasir dövrdə internetin, onlayn medianın daha operativliyindən  irəli gəlir. Yəni artıq bir çox oxucu bu gün baş vermiş hadisəni sabah oxumaq istəmir. İnternet media informasiyanı anındaca oxucuya verdiyi üçün daha qəzet almağa ehtiyac duyulmur. Qəzetləri isə analitik yazılar, təhlillər, araşdırmalar, xüsusi reportajlar, müsahibələri və s. oxumaq üçün alırlar. Əvvəllər qəzet alıb indi almayan oxucular gündəlik xəbər oxucuları idilər və bu gün onlar üçün qəzetə məxsus az öncə sadaladığım xüsusi materiallar maraqlı deyil. Gündəlik xəbər ehtiyaclarını isə onlayn və ya sosial media təmin edir.

- Fikir vermisinizsə, bir çox gənc jurnalist xəbər portallarında işləməkdə maraqlıdır...

- Bu, çox təbii haldır. Həm xəbər portallarının çoxluğu jurnalistlərimiz üçün iş imkanı deməkdir, həm də düşünürəm ki, xəbər portallarında aldıqları məvacibi televiziya, radio yaxud qəzetlər onlara vermir. Bu isə özlüyündə internet mediaya marağı artırır, jurnalistləri burada işləməyə sövq edir. Elə bir çox tanınmış televiziya simasının son dövrlər internet mediaya keçdiyinin şahidi oluruq. Bu isə müasir dövrümüzdə işləmək üçün ən vacib meyar hesab edilən məvacibdən irəli gəlir.

- Xəbər portallarının mətbuatın inkişafında rolunu necə qiymətləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm. Ümumiyyətlə, mətbuatımızın gələcək inkişafında daha çox bu portalların rolu olacaq. Mən bir məqamı xüsusilə vurğulamaq istərdim: bir neçə illər öncəyə baxsaq biz dünyada gedən informasiya müharibəsində çox geridə idik. Xüsusilə region ölkələri ilə müqayisə etsəm, bədnam qonşularımızdan da çox geridə qalırdıq. Lakin bu gün şərtlər dəyişib. Ölkə rəhbərliyinin də bu sahəyə xüsusi diqqət ayırması, şərait yaratması nəticəsində artıq ölkə olaraq internet mediasında biz də varıq və informasiya müharibəsində sözümüzü deyəcək səviyyəyə, gücə sahibik. Burada xəbər portallarımızın rolu əvəzsizdir.

- Sarı mətbuat niyə ciddi mətbuatı üstəliyir?

- Mən elə düşünməzdim. Sadəcə olaraq oxucular həmişə fərqli olub. Demokratiya bazar iqtisadiyyatı üzərinə qurulub, burada isə tələb və təklif mühüm rol oynayır. Siz heç vaxt oxucuya istəmədiyini güclə oxuda bilməzsiniz. Oxucuya isə istəmədiyi informasiyanı təklif etsəniz, oxucusuz qalacaqsınız. Burada isə biz mətbuat işçilərinin üzərinə balansı qurmaq və oxucuya bu şəkildə xəbərləri təqdim etmək düşür.

- Media sosial şəbəkələrdən aslıdırmı? 

- Sosial şəbəkələr artıq media rolunu oynamağa başlayıb. Hətta mən bunu ən böyük media mərkəzi adlandırardım. Burada hər bir insan bir jurnalist və eyni zamanda bir oxucudur. Hər bir profil bir saytdır, informasiya ötürücüsüdür. Bu baxımdan sosial şəbəkələr böyük bir məlumat evidir. Bu evdə saytların da otağı var, telekanalların da, radioların da, fərdlərin də... Baxır kim öz otağının önünə daha çox adam toplayıb öz informasiyasını çatdıra bilir. Öz otağına "sala" bildiyi artıq onun oxucusudur, onundur.

- “Marka.az” saytı vardısa, “ölkə.az”a nə gərək vardı? 

- “Ölkə.az” saytı “marka.az”-ın davamıdır, daha uğurlu versiyasıdır. “Ölkə.az” saytı qısa müddətdə ölkəmizdə etibar edilən, istinad verilən, və ən çox oxunan portallarından birinə çevrilib. Bu da yuxarıda sadaladığım “tələb-təklif” prinsipindən irəli gəlir. Saytın bütün kollektivinin bu uğurda rolu böyükdür. Mən elə buradan hər birinə ayrı-ayrılıqda təşəkkür etmək istəyirəm ki, çox qısa zaman kəsiyində əldə edilə biləcək ən böyük uğura imza atıblar. Biz bu gün öz oxucumuza sahibik. Bunu isə illərdir bacarmayanlar var...

- Cəbhədə vəziyyət gərginləşəndə Ölkə.az-ın dəqiqləşdirilməmiş məlumat yazdığını deyirdilər...

- Bunu deyən hər kəs bu gün yenə də bizim xəbərlərimizə istinad edir. Əgər biz dəqiqləşməmiş, yaxud yalan məlumat yaysaydıq, bu gün bunu deyənlərin ilk öncə özləri bizə istinad etməzdilər. Bu söz-söhbət mənim də qulağıma gəlib çatmışdı. Həmin dövr cəbhə bölgəsinə biz müxbirimiz Səxavət Məmmədi ezam etmişdik və cəbhə bölgəsinə ezam olunan bir çox sayt və televiziya müxbirindən fərqli olaraq gedib çayxanalarda vaxt keçirməyib, atışma olan kəndləri gəzib, oradan fotolar, videolar reportajlar göndərib. Biz bunların bir çoxunu saytda yerləşdirmədik. Səbəb isə çox bəllidir – bunlar ictimailəşməsi qadağan olunan məlumatlar idi. Saytımızda gedən bütün informasiyaları isə əməkdaşımız Müdafiə Nazirliyinin mətbuat şöbəsi ilə əlaqə yaradaraq dəqiqləşdirib, “verilməsin” deyilən heç bir məlumatı verilməyib, “problem yoxdur, verin” dedikləri xəbərlər isə saytımızda gedib. Bu gün arxamızca belə danışanları isə başa düşürük, çünki illərdir sayt açıb oxucusu olmayanların qısa müddətdə bizim saytda gündəlik 20-25 min oxucu görməsindən irəli gəlir bütün bu söz söhbətlər...

- Qəzet oxuyursunuzmu?..

- Əlbəttə, oxuyuram. Bu həm işimdən irəli gələn bir ehtiyacdır, həm də qəzet oxucusuyam. Hansı qəzetlər olduğuna gəlincə, mən əsasən “Yeni Müsavat”, “Kaspi”, “Azadlıq”, “Azərbaycan”, “525-ci qəzet” və s. qəzetlərini gündəlik izləyirəm. Təxminən hər gün 7-8 adda qəzet alıram.

- Jurnalistlər harada həbs olunur? Mən ölkəmizdə yazdığı yazıya görə həbs olunan jurnalistə rast gəlməmişəm. Jurnalist mələk deyil, xuliqanı da var, narkomanı da... Bunlar üstündə həbs olunanda hüquq onlar üçün ayrı işləməməlidir... Əgər jurnalist cinayət işləyibsə, öz peşəsi arxasında kamuflyaj ola biləz. Mütləq hüquq qarşısına çıxmalıdır, hər bir vətəndaş kimi o da hüquq qarşısında cavab verməlidir. Oğurluq edən jurnalist həbs olunursa, burada söz azadlığının boğulmasından heç kəs danışa bilməz.

- Kitablarla aranız necədir?

- Pis deyil. Gündəlik oxucuyam, ancaq “kitab qurdu” deyiləm...

- Kimləri oxuyursunuz? 

- Hamının oxuduqlarını – Dostoyevski, Kafka, Borxes, Moem, Hüqo... 

- Klassiklər məlum. Bəs gənclərdən?

- Dostum Zahir Əzəməti...

- Qaraqanı oxumusunuz?

- Yox.

- Bir ara onun yazdıqları romanların plagiyat olduğunu iddia edənlər oldu... 

- Mən elə də kitab oxuyan deyiləm. Bu söz-söhbətdən isə ümumiyyətlə xəbərim olmayıb. Təqribən bir kitabı iki-üç aya oxuyuram. Bir kitabdan 30 səhifə oxuyuram, əsər məni çəkdisə oxuyaram. 

- Qaraqanın hansı romanı iki dəfə nəşr olundu və yüksək tirajla satıldı? 

- Oxumamışım, dəqiq deyə bilmərəm. 

- Köşə yazarlarından yazıçı olmaq olarmı?

- Əksər köşə yazanlar elə roman yazanlardı. Niyə də olmasın? Əgər bu sahədə bacarığı varsa, bundan təbii nə ola bilər ki... Qələm əhli özünü hansısa dar çərçivədə saxlamamlıdır. Yaza bilirsə yazmalıdır.

- Hər gün köşə bəs yazarı tükətmir? 

- Hər gün yazmaq həm yazarı, həm mövzunu tükədir. Çünki köşə yazarlarımız adətən gündəlik mövzulara yox, ümumi, əsasən də sosial və cəmiyyət mövzularından yazırlar. Bu isə eyni mövzuların dəfələrlə işlənməsi, çeynənməsi deməkdir. 

- Köşə yazarlarında kimləri oxuyursunuz?

- Seymur Baycanı artıq oxuya bilmirəm. Mövzular çox təkrarlanır. Zamanı Hacını da demək olar ki, əzbərləmişik.

- Qısa suallarlar aranız necədir? 

- Normal, buyurun... 

- Kafka, yoxsa Aqşin Yenisey? 

- Kafka. Kafkanı çox oxumuşam. 

- Barış Manço, yoxsa Elariz Məmmədoğlu? 

- Barış Manço ilə Elarizi qarşılaşdırmaq məncə normal müqayisə deyil. Ancaq yenə də cavab verim: Barış Manço. 

- Ahmet Kaya, yoxsa Flora Kərimova? 

- Ahmet Kaya.

- Niyə Ahmet Kaya? 

- Flora xanımdan yaxın vaxtlarda müsahibə almışdıq. Ona qədər Flora xanımı seçərdim. 

- Flora Kərimova müsahibədə hansı mənfi rəyi formalaşdırdı? 

- Xalq artistimizin öz ana dilimizdə səlis danışa bilməməsi məni çox məyus etdi. Məni sənətkarın səsi qədər şəxsiyyəti də maraqlandırır. 73 ilə ana dilimizdə səlis danışa bilməməsi, sözlərin bir çoxunu rus dilində ifadə edib Azərbaycan dilində tapa bilməməsi məni sözün əsl mənasında, Flora xanım haqda xəyal qırıqlığına gətirib çıxardı.

 

OXŞAR XƏBƏRLƏR