Mətin Məmmədli: Ərazilərimiz üzərində nəzarəti bərpa etməklə uğurlu dövlət modelini ortaya qoyduq

Mətin Məmmədli: Ərazilərimiz üzərində nəzarəti bərpa etməklə uğurlu dövlət modelini ortaya qoyduq
SOSİAL
19:05 20.09.2026
126
"19-20 sentyabr tarixlərində keçirilən birgünlük antiterror tədbirləri Azərbaycanın dövlətçilik tarixində çox dərin siyasi, mənəvi və strateji mənası olan mühüm bir mərhələdir”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli deyib.

O bildirib ki, 20 sentyabr bizim dövlət kimi müstəqillik tariximizdə çox böyük tarixi uğurumuzdur:

"Azərbaycan 1991-ci ilin oktyabrında müstəqilliyini bərpa etdikdən sonra dövlət və xalq olaraq üzləşdiyimiz ən böyük problem milli təhlükəsizliyimizin təmin edilməsi baxımından ərazi bütövlüyümüzün pozulması, ərazilərimizin bir hissəsinin işğal altında olması idi. Bu problemi 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirlərinin keçirilməsi ilə nəhayət həll etdik və bütün ərazilərimiz üzərində suverenliyimizi bərqərar etməyə nail olduq. Bu, bizim dövlət kimi müstəqillik tariximizdə çox böyük tarixi uğurumuzdur. Bu, eyni zamanda Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu müdafiə və xarici siyasət strategiyasının qələbəsi, bir uğurudur”.

M.Məmmədli vurğulayıb ki, əraziləri üzərində tam nəzarəti təmin edə bilməyən dövlət uğurlu dövlət hesab edilə bilməz:

"Azərbaycan 90-cı illərin əvvəllərindən siyasi, iqtisadi və digər sahələrdə inkişaf yolu keçib. Müxtəlif sahələrdə bizim ciddi uğurlarımız olub.
Amma nə qədər uğurlar əldə etsək də, nə qədər inkişafa nail olsaq da, ərazi bütövlüyümüz üzərində tam nəzarət edə bilməməyimiz bizim ciddi problemimiz idi. Öz ərazi bütövlüyünü, əraziləri üzərində tam nəzarəti təmin edə bilməyən dövlət tam uğurlu dövlət hesab edilə bilməz. Dünyanın müxtəlif ölkələri var ki, onların da oxşar problemləri var və ərazilərinin bir hissəsi üzərində tam nəzarəti təmin edə bilmirlər. Bu həmin ölkələrin ciddi uğursuzluğu ə kimi də dəyərləndirilir. Hətta ölkələr var ki, iqtisadi, siyasi baxımdan inkişaf edir, amma əraziləri üzərində tam nəzarəti təmin edə bilmirlər”.

"Biz isə bu problemi həll etməklə uğurlu dövlət modelini ortaya qoyduq. Dövlətimizin bu vəziyyətə gəlib çıxması düşünülmüş, rasional siyasət nəticəsində mümkün olub.

Ona görə də 20 sentyabrın dərinliyini cəmiyyət olaraq tam anlamalı və dərk etməliyik. Bu, çox mühüm tarixi gündür və tariximizdə də məhz belə qalacaq”,-deyə Mətin Məmmədli bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR