"Buraya qorxumuzdan sığınmışıq. Seçimimiz yoxdur. Biz də isti evdə, rahat yerdə, adam kimi yaşamaq istəyirik. Amma olmur. Daş atırlar, vururlar, söyürlər. Burada, məzarda bizə dəyib-dolaşan yoxdur. Əl çəkin bizdən..."
İranın paytaxtı Tehrandan 17 km qərbdə, "Şəhriyar" qəbristanlığında, məzarlarda yaşayanlardan biri, Nilufər adlı qadın belə deyir. O, məzarda yaşayır. Sözün əsl mənasında.
Nilufər narkomandır. Ailəsi onu evdən qovub. İşsiz, evsiz qalıb, məzarlığa sığınıb. Dediyinə görə, iki oğlu, bir qızı var, amma onlardan heç bir analarını görmək istəmir.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, "Şəhriyar" qəbristanlığında yaşayan 50 nəfər barədə tanınmış iranlı fotoqraf Səid Qulamhüseyni fotoreportaj hazırlayandan və bu fotolar İSNA agentliyi tərəfindən yayılandan, "Şəhrvənd" qəzetində dərc olunandan sonra ölkədə böyük qalmaqal qopub.
"Şəhriyar"da, məzarlarda yaşayan insanların fotoları bomba partlayışı effekti yaradıb.
İran mediası, sosial şəbəkələrdəki iranlılar, siyasətçilər, məşhur sənətçilər və ictimai xadimlər bu zavallılara yardım göstərilməsini istəyiblər.
Dövlətdən bu insanlarla maraqlanması tələb olunub.
Qışda, soyuqda həmin biçarələr qazılmış məzarlarda yatır, dururlar. Məzarın üstünü kartonla örtüb orada donmamaq üçün ocaq qalamış Firuz isə əllərini nəfəsi ilə isitməyə çalışır: "And olsun Allaha ki, donuruq. Acıq. Ac adamı da soyuq qılınc kimi kəsir".
Üz-gözü his olmuş Firuz məzarda yatmaqdan böyrəklərinin xəstələndiyini deyir.
Bir həftədir ki, qan qusmağa başlayıb Firuz. Tehranda yaşayırdı əvvəllər, müəllim idi. Əyyaşlığa, sonra da narkotik maddələrə qurşanandan sonra əvvəlki həyatı darmadağın olub kart evciyi kimi.
İndi nə ailəsi var, nə ona həyan duran insan, nə də bir quruş qazana biləcəyi yer.
Məzarlarda yaşayanlar arasında uşaqlar da var - bu isə əsl faciədir.
"Oskar" mükafatlı iranlı kinorejissor Əsğər Fərhadi ölkə prezidenti Həsən Ruhaniyə açıq məktub ünvanlayaraq yazıb: "Sizin ürəyiniz daşdır?! Axı niyə dövlət mənsubları, məmurlar "Şəhriyar"a yollanıb o biçarələrin məşəqqətlərinə son qoymurlar?! Niyə o adamlara yaşamağa bir məkan, işləməyə bir yer verilmir?! Axı onlar da insandır. Onlar da vətəndaşlarımızdır".
Dövlət mənsubları isə "Şəhriyar"dakı insanları məcburi sterilizasiyaya məruz qoymağı, sonra da onları sığınacaqlara yerləşdirərək reabilitasiya proqramlarına cəlb etməyi təklif edirlər.
İran prezidenti Həsən Ruhani baş verənlərlə bağlı djeyib: "Sosial probelmlərdən, ictimai bəlalardan əziyyət çəkən insanlara dövlət həmişə yardım edib və indi də edəcək. Qərb ölkələrində körpülərin altında karton üzərində, ya da metro stansiyalarında yaşayan adamlar barədə eşitmişdim. Amma qəbristanlıqda, boş məzarlarda yaşayanlar barədə ilk dəfədir eşidirəm. Bu insanlara yardım etmək üçün siyasi baxış fərqlərini bir kənara qoymalı, birləşməliyik".
Məmurlarsa deyirlər ki, "Şəhriyar"dakı insanlara yardım etmək istəyiblər. Di gəl, həmin adamlar, sən demə, istəməyiblər.
Səbəb?
"Reabilitasiya mərkəzlərində onların narkotik maddələr qəbul etmələrinə icazə və imkan verilmir, ona görə", - məmurlar deyirlər.
Onu da söyləyirlər ki, qışın bu soyuq, şaxtalı-sazaqlı havasında həmin adamların donmamaları üçün "Şəhriyar"a xüsusi avtobuslar da göndərilib: "Avtobuslarda yatsınlar, istidə, donmayaraq. Amma istəmədilər".
"Şəhriyar"da məzarda yaşayan Pəri deyir: "Hə, doğrudur. Onlar gəlmişdilər. Bizə yemək payladılar. Amma aldatdılar. Bizi avtobuslarla reabilitasiya mərkəzi deyilən yerə aparmaq istədilər. Zorla, sürüyüb aparmaq istədilər".
Pərinin sözlərinə görə, "Şəhriyar"da on ildən bəri məzarı özünə ev edənlər də var.
Nilufərsə söylədi: "Biz də insanıq. Bizim də yaşamaq, sevinmək, ümid etmək, arzulamaq hüququmuz var axı..."