İşçilərin minimum 21 təqvim günü olan əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəzlənməsinin qadağan edilməsi təklif olunur.
Bu müddəa Əmək Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi də istisna təşkil edəcək. Sənəddə əmək məzuniyyətinin tam və ya qismən başqa vaxta keçirilməsinə əsas verən hallar da dəqiqləşdirilir.
Məzuniyyətin müddəti əvvəllər neçə gün olub?
AZXEBER.COM xəbər verir ki, Azərbaycanda əmək məzuniyyətinin müddəti ilə bağlı qanunvericiliyin tarixçəsi 1994-cü ilə gedib çıxır. Həmin il qəbul edilən və 1997-ci ildə Əmək Məcəlləsinə əlavə olunan "Məzuniyyətlər haqqında” Qanuna əsasən, əsas əmək məzuniyyəti 21 və ya 30 təqvim günü müəyyən edilmişdi. Əlavə məzuniyyətin müddəti isə 3, 6 və 9 təqvim günü təşkil edirdi.
Həmin qanunun 32-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilərkən sosial məzuniyyətlər və uşaqlı analara verilən məzuniyyətlər istisna olmaqla, istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilirdi.
1999-cu il fevralın 1-də yeni Əmək Məcəlləsi qəbul edildi və həmin il iyulun 1-dən qüvvəyə mindi. Yeni Məcəllənin 114-cü maddəsinə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməli idi. Müəyyən kateqoriyadan olan işçilər üçün isə 30 günlük əsas məzuniyyət nəzərdə tutulurdu.
2006-cı ildə məzuniyyətin pulla əvəzlənməsi ilə bağlı qadağa çıxarıldı
Məzuniyyətin pul kompensasiyası ilə əvəzlənməsi məsələsində mühüm dəyişiklik 2006-cı ildə baş verdi.
Həmin il dekabrın 19-da qəbul edilən qanunla Əmək Məcəlləsinin 144-cü maddəsinin birinci hissəsi çıxarıldı. Bu hissədə əmək münasibətləri davam etdiyi müddətdə məzuniyyətin faktiki verilmədən pulla əvəzlənməsinin qadağan edilməsi nəzərdə tutulurdu.
Dəyişikliklə yanaşı, qanun qüvvəyə minənədək istifadə edilməmiş məzuniyyət günlərinə görə işçilərə kompensasiya ödənilməsi də müəyyən edildi.
Əsas və əlavə məzuniyyətin fərqi nədir?
Əmək Məcəlləsində əmək məzuniyyəti əsas və əlavə məzuniyyətlərə bölünür.
Əsas məzuniyyətin minimum müddəti 21 təqvim günüdür. Qanunvericilikdə müəyyən peşə və vəzifələr üzrə bu müddət 30 təqvim günü təşkil edir.
Əlavə məzuniyyət isə işçinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri, iş stajı və digər qanuni əsaslarla bağlıdır.
Məsələn, əmək şəraiti zərərli və ağır olan, yeraltı işlərdə çalışan, yüksək həssaslıq və fiziki-zehni gərginlik tələb edən işləri yerinə yetirən şəxslərə əlavə məzuniyyət verilir. Bu məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.
Əmək stajına görə də əlavə məzuniyyət nəzərdə tutulur. Belə ki, eyni işəgötürənlə əmək müqaviləsi əsasında faktiki iş stajı 5 ildən 10 ilədək olduqda 2 gün, 10 ildən 15 ilədək olduqda 4 gün, 15 ildən çox olduqda isə 6 gün əlavə məzuniyyət verilir.
2026-cı ildə əlavə məzuniyyətlərə görə kompensasiya məsələsi dəyişdi
2026-cı il fevralın 18-də Konstitusiya Məhkəməsi istifadə edilməmiş əlavə məzuniyyətlərə görə kompensasiya ödənilməsi ilə bağlı qərar qəbul etdi.
Həmin vaxta qədər Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilərkən 115–117 və 118-1-ci maddələrdə nəzərdə tutulan əlavə məzuniyyətlərə görə kompensasiya ödənilmirdi.
Konstitusiya Məhkəməsi bu məhdudiyyəti bərabərlik və ədalət prinsiplərinə uyğun hesab etməyərək onun tətbiqini dayandırdı. Qərara əsasən, işdən çıxan zaman istifadə edilməmiş əlavə əmək məzuniyyətlərinə görə də kompensasiya ödənilməsi təmin edilməlidir.
Məzuniyyət pulu necə hesablanır və nə vaxt verilir?
Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqı əvvəlki 12 təqvim ayının əməkhaqqı əsasında hesablanır. İşçi 12 aydan az işləyibsə, faktiki işlədiyi tam təqvim ayları nəzərə alınır.
Orta aylıq əməkhaqqı 12-yə, daha sonra 30,4-ə bölünür. Alınan məbləğ məzuniyyət günlərinin sayına vurularaq ödəniləcək məbləğ müəyyən edilir.
Qanunvericiliyə əsasən, məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci üç gün qalmış ödənilməlidir.
İstifadə edilməyən məzuniyyət günləri yanırmı?
Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, işəgötürən işçiyə əmək məzuniyyəti verməkdən imtina edə bilməz. İşçi müvafiq iş ilində məzuniyyətdən hər hansı səbəbdən istifadə etmədikdə, həmin iş ili və ya illəri üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada kompensasiya ödənilməsi nəzərdə tutulur.
Məcəllənin 137-ci maddəsinə əsasən, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünə bilər. Bu zaman hissələrdən biri ən azı 14 təqvim günü olmalıdır.
Məzuniyyət dövrünə təsadüf edən iş günü hesab edilməyən bayram günləri isə məzuniyyətin təqvim günlərinə daxil edilmir.
Beləliklə, Azərbaycanda əmək məzuniyyətinin müddəti və istifadə edilməmiş günlərə görə kompensasiya qaydaları 1994-cü ildən indiyədək müxtəlif dəyişikliklərə məruz qalıb. Hazırda gündəmdə olan yeni təklif isə bu sahədə növbəti dəyişikliklərin edilməsini nəzərdə tutur.
Aynur Babazadə











































