Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafa bu dəfəki yazısında təhsildən, dərs ilindən, məktəblərdən söz açıb.
AZXEBER.COM-un məlumatına görə, "Facebook" sosial şəbəkəsinin aktiv istifadəçisi olan millət vəkili həmin yazısını öz rəsmi səhifəsində paylaşıb.
Həmin yazını sizə təqdim edirik:“Sabah sentyabr ayının birində yenə də Azərbaycanda Bilik günü olmayacaq. Tam əminliklə söyləmək olar ki, bu gedişlə Biliyin özü də olmayacaq. Yəni dərslər yenə də ciddi səbəb olmadan sentyabrın 15-i başlayacaq. 15 gün buradan göz görə-görə itiriləcək. Əvəzində isə Təhsil Nazirliyinin əcaib qərarı ilə iyun ayının 15-ədək dərs müddəti uzadılacaq. Faktiki olaraq isə şagirdlər və valideynlər mayın 15-dən ən azı düşüncə olaraq məktəbdən uzaqlaşırlar. Hər il onlarla adam müxtəlif vasitələrlə əməkdar müəllim adı almaq üçün çalışırlar, əslində bu ölkədə ən əməkdar müəllim şagirdlərinin qəbul faizinə görə qürur hissi keçirən repititorlardır. Allah bütün vicdanlı uşaq hazırlaşdıran repititor-müəllimlərdən razı olsun! Heç olmazsa cüzi maaş alan müəllimlərin müəyyən bir hissəsi bu vasitə ilə gündə üç dəfə mədəsinə yemək ötürmək şansı qazanırlar. Məktəblərin vəziyyəti barədə də danışmaq vacibdir. Həqiqətən də Bakıda və ucqar kənd rayonlarında həm Heydər Əliyev Fondunun, həm də digər qurumların inşa və təmir etdiyi modern məktəbləri görəndə sevinirsən ki, bu sahəyə ayrıca bir diqqət var. Ancaq ötən günlərin birində Sabunçu qəsəbəsi Bakı Fəhləsi zavodunun yanında yerləşən 148 saylı köhnə məktəb binasının vəziyyətini görəndə Təhsil Nazirliyinin təhsilə necə “qayğı” göstərdiyinin şahidi oldum. Ötən ilin dekabr ayından məktəbin əsas hissəsini söküb qoyublar yerə. Aylardır azsaylı sinif otaqlarında iki növbədə şagirdlər dərs keçirlər. Müəllimlər otaq olmadığına görə koridorlarda dəftərləri yoxlayırlar. Hələ ki, təmir-tikintyə başlamaq ehtimalı da yoxdur. Əgər belə bir fikir yox idisə, o zaman məktəbi hansı ağılla söküb şagirdlərin dərs prosessini pozublar? Keyfiyyətsiz təmir olunan məktəblərin sayı da kifayət qədərdir. Söhbət yalnız büdcəmizdən hər dəfə təmir üçün pul ayırmağın fəsadlarından getmir, təhsil prosessinin hər dəfə pozulmasından gedir.”