Millət vəkili Qənirə Paşayeva Bakıda səfərdə olan Türkiyənin Anadolu Universitetinin rektoru, professor Davud Aydın və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.
AZXEBER.COM-un məlumatına görə, görüşdə Anadolu Universitetinin rektoru, professor Davud Aydını və onun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvlərini Bakıda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə daha da genişlənməsindən məmnunluğunu ifadə edib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan universitetləri ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Türkiyənin ən böyük universiteti olan və dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Anadolu Universitetinin Azərbaycandakı fəaliyyətinin getdikcə daha da genişlənməsindən məmnunluğunu ifadə edib. Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün istiqamətlərində olduğu kimi təhsil sahəsində də ildən-ilə əlaqələrin genişləndiyini vurğulayan millət vəkili Qənirə Paşayeva hər iki ölkənin orta və ali məktəblərində ortaq türk tarixinin, mədəniyyətinin tədrisinin vacibliyini də qeyd edib.
Azərbaycanla əməkdaşlığa və Azərbaycandakı fəaliyyətlərini daha da genişləndirməyə xüsusi önəm verdiklərini deyən Anadolu Universitetin rektoru, professor Davud Aydın Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirib. O, rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu da bildirib. Azərbaycan və Türkiyənin ümummilli lider H.Əliyevin dediyi kimi "bir millət iki dövlət" olduğunu vurğulayan rektor H.Əliyevin 90 illiyi yubileyi ərəfəsində Eskişehirde Anadolu Universitetində Türk dünyasının böyük lideri H.Əliyevin adını daşıyacaq bilim və araşdırma mərkəzinin açılacağını və insanların, gənclərin istifadəsinə veriləcəyini vurğulayıb və millət vəkili Qənirə Paşayevanı da bununla bağlı tədbirə dəvət edib.
Dəvət üçün Anadolu Universitetinin rektoru Davud Aydına təşəkkür edən millət vəkili Qənirə Paşayeva Anadolu Universitetinin Azərbaycana xüsusi münasibətinin məmnuniyyətverici olduğunu deyib və universitetin Azərbaycanla əməkdaşlığının daha da genişlənməsinin millətimiz və iki qardaş dövlət üçün də önəmli olduğunu qeyd edib. O, Anadolu Universitetinin yaxın günlərdə açılışı edəcəyi ümummilli lider H.Əliyev adına bilim və araşdırma mərkəzinin də dövlətlərimiz, millətimiz və xüsusilə böyüyən gənclik üçün gözəl işlər görəcəyinə inandığını deyib və belə bir mərkəzi yaratdıqları üçün Anadolu Universitetinin rektoru Davud Aydına və universitetin kollektivinə təşəkkürünü bildirib.
Görüşdə ATİB başqanı Camal Yanğın da iştirak edib.