Milli Məclis amansız qətllərin qarşısını alır - VİDEO

SİYASƏT
10:30 17.12.2014
1287

“Qısqanan əlini qana bulamır, məhkəməyə üz tutur”.

Milli Məclisin müzakirə etdiyi digər bir məsələ isə ailədaxili münaqişələr idi. Cəmiyyətimizdə baş verən amansız qətllər nəhayət, ölkənin ən ali orqanında da narahatlıq yaratdı. Tükürpərdən cinayətlərin qarşısını almaq üçün hökumət hansı mexanizmi təklif edə bilər? Parlamentarilərin təklifləri də diqqətdən kənarda qalmamalıdır.

Son bir ildə ölkədə xüsusi amansızlıq və qəddarlıqla törədilən qətl hadisələri parlamentarilərin də diqqət mərkəzində oldu.

Ümumiyyətlə, 2014-cü ildə ailə münaqişələri ötən illərlə müqayisədə xeyli qabarıq oldu. Ərin bir müddət əvvəl ayrıldığı həyat yoldaşını xüsusi amansızlıqla öldürməsi, Masallıda isə kişinin həyat yoldaşının başını kəsməsinin səsi bitməmiş musiqiçi bacılardan birinin digərini xüsusi qəddarlıqla öldürməsi ölkədə şok effekti yaratdı.

İl ərzində baş verən hadisələrdən təxminən 20-si xüsusi amansızlıqla törədilib.

Ən səs-küylü qətl isə Goranboyda yaşandı. Səfikürd kəndində Məmmədovlar ailəsinə kürəkən Rafiq Hüseynovun əl qumbarası atması və bunun nəticəsində bir anın içində 7 nəfərlik bir ailənin məhvi pik nöqtə idi. Amma Bakıda qayınananın mübahisə zəminində gəlinini daşla, daha sonra isə 6 aylıq nəvəsini boğaraq öldürməsi isə sadəcə sözün bitdiyi yerdi.

Deputatlar hesab edirlər ki, ailə münaqişələrində qəddarlığın artmasının qarşısını almaq üçün hökumət addım atmalıdır.

Millət vəkili Fazil Mustafa bildirdi ki, müvafiq dövlət komitəsi səlahiyyətlərinin artırılması istiqamətində, ailə məsələləri ilə bağlı daha ciddi məşğul olması istiqamətində müəyyən tədbirlərin görülməsinə zərurət var. Bundan başqa, sahə müvəkkilləri institutunun Azərbaycanda bir daha fərqli formada dirçəldilməsinə ehtiyac var.

Onun həmkarı millət vəkili Zahid Oruc isə hesab edir ki, bütün dövlət qurumları dəhşətli hadisələrin qarşısını almağa səy göstərməlidirlər.

“Dəhşətli qətllərin qarşısını almaq üçün sadəcə məktəblərimizdə işləri yaxşı qurmaqla iş düzəlməz. Kompleks tədbirlər görülməlidir. Düşünürəm ki, müxtəlif dövlət qurumlarının birgə parlamentin ayrıca dinləmələrinə, müzakirələrinə çox ciddi ehtiyac var”.

Ümumiyyətlə, parlamentarilər hesab edirlər ki, bu hadisələrin qarşısını almaqda Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsilə yanaşı, hüquq-mühafizə orqanları, o cümlədən də yerlərdəki sahə müvəkkilləri aktiv olmalıdırlar.

Vətəndaşla birbaşa ünsiyyətdə olan sahə müvəkkilləri problemli ailələrin siyahısını hazırlamalı, komitə isə onlarla müvafiq iş aparmalıdır. Sosioloqlar bu tipli cinayətlərin artmasında psixoloji durumu, sosial məsələləri və mentalitetdən doğan bəzi adətləri səbəb görürlər.

İnkişaf etmiş ölkələrin təcrübəsi isə göstərir ki, vəziyyətdən çıxış yolu üçün xüsusi bir proqram tələb olunmur. Sosial qayğılarla sınağa çəkilməməklə, ailə həkimi, daimi psixoloq yoxlamasından keçməklə, bu mənada icbari tibbi sığortanı tətbiq etməklə problemli insan üzə çıxarılır və onlarla praktiki iş aparılır. Təbii ki, mentalitet də sözünü deyir. Qısqanan əlini qana bulamır, məhkəməyə üz tutur.

OXŞAR XƏBƏRLƏR