Milli Məclisdə cəzalar sərtləşdirildi

Milli Məclisdə cəzalar sərtləşdirildi
Bütün Xəbərlər
14:14 29.10.2013
800

Mədəni sərvətlərin qorunması layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib

Mədəni sərvətlərin qorunması üzrə tələblərin pozulmasına görə cəzalar sərtləşdirilib. ANS PRESS-in verdiyi məlumata görə, yeni qanun layihəsi Milli Məclisin bu gün ki iclasında müzakirəyə çıxarılıb. İclasda qanun layihəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Layihədə dəyişikliyə görə, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycanın ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir. Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə isə fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir. Digər dəyişikliyə əsasən mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimələnir. Eyni zamanda yuxarıda qeyd olunan xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə olunur. Dəyişiklikdə edilən qeydə uyğun olaraq bu maddələrdə göstərilən əməllər Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

OXŞAR XƏBƏRLƏR