"Milli Şura rəzil və mənasız bir qurum olduğunu nümayiş etdirdi. Milli Şura adını mənimsəyən, guya Azərbaycanın siyasi proseslərində fəal iştirak etmək niyyətini qarşısına qoyan bu amorf qurum, qeybətlə məşğul olur, ayrı-ayrı adamların şəxsi həyatı ilə oynayır. Müzakirələrdə iştirak edən xanımın davranışı isə hər bir dinləyici və tamaşaçıda ikrah hissi doğurur".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
O özünü "Demokratik Qüvvələrin Milli Şurası” adlandıran qrupun videokonfrans vasitəsi ilə keçirdikləri iclaslarına münasibət bildirib: "Milli Şuranın sədri Cəmil Həsənli olanları sakit şəkildə qəbul edir, digərlərinin də reaksiyaları ortadadır. Onlar bu cür davranışlarla, heç bir əhəmiyyət kəsb etməyən, hətta gülüş doğuran müzakirələr açmaqla özlərini tamamilə ifşa etdilər".
Partiya sədri Milli Şuradakı istefalar haqda danışarkən deyib: "Təsadüfi deyil ki, orada özünə hörmət edən bir şəxs kimi Eldəniz Quliyev istefa verdi. İndi bəlli olur ki, daha bir nümayəndə də istefa verib. Milli Şurada 5-6 nəfər var ki, onların da Azərbaycanın siyası mühitində heç bir çəkisi yoxdur. Və heç bir çəkisi olmayan insanlar Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizəni başlıca hədəf qoyublar. Özlərini idarə edə bilməyən, danışığı bacarmayan, siyasətçiyə yaraşmayan davranışlarını, sözlərini heç bir çətinlik çəkmədən, hətta utanmadan efirə buraxanlar baxın görün Azərbaycanın siyasi mühitində hansı mövqeyə malikdirlər.
Ona görə də düşünürəm ki, Milli Şura heç bir mövqeyə sahib deyil. O sadəcə olaraq bir dərnək idi. Əli Kərimlinin çətiri altında, onun demək istədiklərini deyən bir qurum idi. Cəmil Həsənli nə qədər çalışsa da siyasətçi ola bilməyib. O adam inni ABŞ-da oturub, fikirlərini cəmləyə bilmir. Kiminsə sifarişi ilə hərəkət edir. Nə özünə, nə də daşıdığı professor adına hörmət edir. O adam onun-bunun əlində maşa rolunu oynayır. Son olaraq deyim ki, Milli Şura özünə çox ciddi zərbə vurdu cə cəmiyyət tərəfindən ciddi nifrət qazandı".
Günel Hüseynli