Aktyor, rejissor, karikaturaçı, naşir, kitab müəllifi və sair…Çox aktiv bir insan. Onu tanıtmaq üçünsə keçdiyi ömür yolunda addımladığı tək bir cığırının adını çəkmək kifayətdir. “KVN Parni iz Baku”nun tanınmış, sevilən aktyoru Bəhram Bağırzadəni Azərbaycanda tanımayan yoxdur. Yaradıcılığı çox şaxəlidir, amma tərəddüdsüz söyləmək olar ki, şən və hazırcavab oğlanlar dəstəsi onun həyatında önəmli iz qoyub.
Sevilən aktyorla, hələ 17 yaşında Bakı küçələrində “Şveçsar” ləqəbi” qazanmış, “Gün keçdi” filminin eşq, məhəbbət dolu davamını çəkmək arzusu ilə yaşayan dəyərli insanla, çox maraqlı müsahibimizlə söhbəti AZXEBER.COM-un oxucularına təqdim edirik.
Bəhram Bağırzadə haqqında tamaşaçıların bilmədiyi bir çox məqamlara AZXEBER.COM gün işığı tutdu.
- Bəhram, öncə təşəkkür edirik ki, bizim dəvətimizi qəbul etdiniz. Necəsiniz?
- Şükürlər olsun yaxşıyam. Mən AZXEBER.COM-a, Sizə təşəkkür edirəm ki, məni dəvət etmisiniz.
- 2015-ci il qədəmlərini yenicə basıb həyatımıza. Oxucularımız Sizin fikirlərinizi eşitmək istəyir. Öncə ondan başlayaq ki, 2014-cü il həyatınıza nələri yazdı, hansı izləri buraxdı ömür yolunuzda - yaxşısıyla-pisiylə?
- Bütün oxucularınıza dərin təşəkkürlərimi çatdırın. Mən çox pozitiv insanam və çalışıram ki, ətrafımda daima pozitiv məqamları görüm. Ötən il faciələr, problemlər çox olub və hiss edirəm ki, artıq bu ilə də keçib. Bu il isə mənim üçün ağır olacaq. İqtisadi, maddi problemlərimiz olacaq. Bizdən asılı olmayaraq bunlar gözlənilir. Hiss olunur ki, dövlətimiz yaxşı yaşamağımız üçün çalışır, amma qonşularımız bizi problemlərə çəkmək istəyirlər. Pis odur ki, baş verən faciələri daha çox yazırlar, nəinki yaxşı hadisələri. Çalışıram ki, Allah təalanın bizim üçün yaratdığı gözəl şeyləri görüm. Çətinliklərim çox olsa da, mən mübariz insanam. Biz nə qədər çox çalışsaq, bir o qədər rifah yaşayarıq. Çox çalışmalıyıq və israfçılığa yol verməməliyik. Nəfsimizlə mübarizə aparmağı bacarmalıyıq. Hər şeydə səfərbər olmalıyıq. Son zamanlar imkanlarımız artıb və bəzi adamlar israfçılığa yol verirlər. Bizsə gərək belə etməyək. Şüursuz, zəif insanların bu tip yaşam tərzi istər-istəməz ətrafa, insanlara pis təsir edir.
- Yaradıcılığınız şaxəlidir. Sizi əksəriyyət KVN-dən tanıyır. Jurnalların naşirisiniz, kitablar müəllifisiniz, karikatura çəkirsiniz. Bir anlıq düşünün ki, həyatınızda KVN yoxdur, olmayıb, həyatınız necə olardı?
- KVN-dən qabaq gənclik illərində mənim ləqəbim vardı – “şvecsar”.
- Niyə belə deyirdilər?
- Mərkəzi məktəblərdə hamı məni tanıyırdı. Hamıyla çox qaynayıb qarışmışdım. Buna görə belə deyirdilər. Tanınmamışdan öncə də hamıyla aktiv ünsiyyət edən insanam.
- Qayıdaq KVN-ə?
- KVN mənim üçün tramplin oldu. Əgər mənim həyatımda KVN olmasaydı, digər sahələrdə özümü fərqləndirəcəkdim. Əgər mən fəhlə işləsəydim, 3-4 ildən sonra həmin zavodun direktoru olacaqdım. 26 Bakı Komissarı mətbəəsində mən 114 manat məvaciblə fəhlə işləmişəm. Qısa zaman keçəndən sonra məni briqadir qoydular. Çox zəhmətkeşəm, amma eyni zamanda, çalışıram ki, halal yaşayım.
- Çoxları gileylənir ki, bu gün həyat problemlidir, halal yaşamaq çox çətindir. Deyirsiniz ki, halal yaşayırsınız, çətinlikləriniz varmı?
- Mənim üçün inanın ki, lap çox çətindir. Müəyyən bir təbəqəyə çatmışam və məndən tələblər çoxdur. Milyonçu da olmaq istəmirəm. Çünki milyonçuların aqibətini də görürəm. Allaha dua edirəm ki, məni milyonçu etməsin. İnanın ki, milyonçu olsam, varidatımın hamısını imkansızlara paylayacam. Ruzini ancaq halal yolla qazanmaq istəyirəm. Məni haram addım atan insan kimi göstərmələrini istəmirəm. Babam da, atam halal yaşayıb. Övladımı da belə tərbiyə edirəm, böyüdürəm.
- Həyatınıza böyük uğurlar gətirmiş KVN Sizə heç peşimançılıq hissi yaşadıbmı? Bu yolda olmağınız Sizə qırğınlıq, küskünlük hissləri gətiribmi?
- Öncə onu deyim ki, əgər məndə peşimançılıq hissi olsaydı, onda mən imansız adam olaram. Çünki “Şveçsar”dan Bəhram Bağırzadə olmuşam. Peşimançılıq yox, amma hərdən mənə ağır gələn anlar olub. Səndən sonra başlayan insanlar hansısa şeylərə nail olublar, amma mən yaddan çıxıram. Daima dua edirəm ki, Allah-Təalanın yadından çıxmayım. Kiminsə imzasıyla mənim işimin həll olunmasını istəmirəm.
- KVN-də Sizə qarşı haqsızlıqlar olub?
- O qədər.
- Bu Sizi qırmayıb?
- Əksinə, daha da möhkəmləndirib.
- Kinli deyilsiniz?
- Özümə qarşı kinliyəm, başqalarına qarşı yox. Böyük iddialar arxasınca getmirəm.
- Çevrənizdə, cəmiyyət içərisində sevilirsiniz, həm də sevirsiniz insanları. Dostlarınız çoxdur, yoxsa düşmənləriniz? Bir çoxları dostlarının, yaxınlarının, sevənlərinin xəyanətindən giley edirlər. Siz necə, xəyanət çox görmüsünüz?
- 20 il əvvəl Vaxtanq Kikabidzenin müsahibəsində bir fikrini oxumuşdum. O deyirdi ki, əsil kişinin düşməni olmalıdır. Çox bəyənmişdim bu fikri. Hər insan o kişiliyi qəbul edə bilmir və düşmənçilik yaranır. Mənim çox sadiq dostlarım var, tanışlarım var. Bu gün əgər mən nəyəsə nail oluramsa, bu dostlarımın köməkliyi ilə ərsəyə gəlir. Amma düşmənlərim də var. Çox maraqlıdır, insanlar var ki, üzümə gülürlər və elə bilirlər ki, mən bilmirəm onlar mənim düşmənlərimdir. Amma mən o insanların mənim düşmənlərim olduğunu çox yaxşı bilirəm.
- KVN-də oynayan dostlarınızın bir çoxu adlara layiq görülüb. Amma Siz yox. Niyə ad alanların arasında adınız olmadı?
- Bütün ad alan dostlarımı ürəkdən təbrik edirəm. Onlar hamısı zəhmətkeş insanlardırlar. Görünür, mən hələ ada layiq işlər görməmişəm.
- Bu Sizin səmimi cavabınızdır?
- Bəli.
- Maraqlı insansınız?
- Bəli. Çərçivələrə sığmayan biriyəm.
- Karikaturalar çəkirsiniz? Fərdi sərginiz təşkil olunub. 2006-cı ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüsünüz. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının) üzvüsünüz. Maraqlıdır, nə çəkirsiniz?
- Daha çox Bakını çəkirəm. Bu şəhəri çox sevirəm. Onun çirkli və hansısa problemlərini görəndə mənə pis təsir edir.
- Başqa?
- Son zamanlar bir neçə karikatura çəkmişəm və inanmıram ki, onları dərc etsinlər.
- Niyə? Siyasi çalarlıdır?
- Xeyr. Sadəcə, düşünürəm ki, dərc etməzlər.
- Azərbaycan səhnəsinin karikaturasını çəksəydiniz hansı mənzərəni görərdik?
- Ağ vərəq və üzərində bir neçə kiçik nöqtələr.
- Yəni vəziyyət bu qədər bərbaddır?
- Təəssüf ki…
- Bəs bu günki insanımızı necə çəkərdiniz? Odamı ağ vərəq nöqtələrlə?
- Bir az fərqli olardı. Çünki yaxşılar da var.
- Bir vaxtlar teatr rejissorluğu fakültəsini bitirmiş Bəhramın yaradıcılığında həyata keçirə bilmədiyi arzuları, xəyalları qalıbmı?
- Bəli.
- Maraqlıdır, nədir?
- “Gün keçdi” filminin davamını çəkmək istəyirdim. Özü də eşq, məhəbbət dolu. Heyf ki, Həsən Məmmədov dünyasını dəyişdi.
- Romantik insansınız?
- Çox.
- Rejissor Bəhramın teatrda səhnəyə əsər qoymaq və ya film çəkmək imkanı olsaydı, necə bir əsər səhnələşdirər, lentə alardı?
- Yalnız eşq, məhəbbət.
- Bəs “Şveçsar”a hansı rolu verərdiniz?
- Həqiqətən sevən bir obrazı.
- Bir qədər də, yaradıcılıqdan kənar suallarımızı cavablandırardınız. İmanlı insansınız. Son zamanlar ətrafımızda, cəmiyyətimizdə islam adıyla baş verənləri müşahidə edirsiniz. Sizcə, nə baş verir?
- Baş verənlərin islamla bir bağlılığı yoxdur. Bu hadisələrə çox təəssüf edirəm. İnsanın həyatına problemlər yaradan bütün baş verənlər pislənməlidir.
- Azərbaycanda islam adı altında radikal cərəyanlar, təriqətlər var. Onlar bir çox hallarda gənclərimizi təsir altına salaraq döyüşməyə getməyə təhrik edirlər. Bir çox gənclərimizin isə Vətənə meyidləri qayıdır. Bizim vasitəmizlə oxuculara bu məsələylə bağlı müraciət etmək istərdinizmi?
- Mən şeyxülsilam deyiləm. Onlar o yolu seçiblər gediblər. Amma ailəmdə, yaxın qohumlarımda belə hadisələr olarsa, o adamlara ərklə söz deyə bilərəm.
- Qarşıdan 2015-cil parlament seçkiləri gəlir. Seçkiyə namizəd olaraq qatılacaqsınzmı?
- Xeyr. Çünki mən bacardığım işlə məşğul oluram, bacarmadığımla deyil. İnanın ki, məni aparıb bir bankın rəhbərliynə qoysalar və ayda külli miqdarda vəsait qazanacağımı desələr, getmərəm. Niyə? Çünki bacarmıram o işləri.
- Tamaşaçıları 2015-ci ildə nələrlə sevindirəcəksiniz?
- KVN tamaşaçıların görüşünə yeni sürprizlərlə çıxacaq. Aprel ayında Heydər Əliyev adına sarayda gözəl proqramla tamaşaçılarımızın görüşünə gələcəyik.
Mətanət Əliyeva