Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqəyə qeydiyyatın başlaması ilə müəllim ehtiyacının ən çox hiss olunduğu fənlər və bölgələr yenidən gündəmə gəlib. Belə ki, son illərin MİQ nəticələri göstərir ki, bəzi fənlər üzrə vakant yerlər tam dolmur, xüsusilə region məktəblərində müəllim çatışmazlığı davam edir.
Maraqlıdır, hazırda ən çox hansı fənlər üzrə müəllimə ehtiyac var?
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Hədəf Liseyinin icraçı direktoru Elmin Yaqubbəyli qeyd edib ki, Azərbaycanda MİQ müsabiqələrinin nəticələri göstərir ki, vakant yerlərin tam dolmadığı fənlər əsasən namizədlərin sayının az olduğu və ya həmin fənn müəllimlərinin müəyyən bölgələrdə işləməyə maraq göstərmədiyi sahələrdir. Onun sözlərinə görə, rəsmi hesabatlarda əsas fənlər üzrə vakansiyaların böyük hissəsinin doldurulduğu qeyd olunsa da, hər il müəyyən sayda vakant yer boş qalır.
"Vakant yerlərin daha çox müşahidə olunduğu fənlər riyaziyyat, fizika, kimya, informatika, xarici dillər (xüsusilə bəzi regionlarda ingilis dili), texnologiya və peşəyönümlü fənlərdir. Bu vəziyyətin əsas səbəbi həmin fənlər üzrə məzunların bir hissəsinin məktəbdən kənar sahələrdə daha yüksək gəlir əldə etməsidir. Məsələn, informatika və riyaziyyat ixtisaslı şəxslər İT sektorunda, özəl kurslarda və ya korporativ sahələrdə işləməyi üstün tuturlar. Nəticədə məktəblərə, xüsusilə də ucqar bölgələrə müəllim cəlb etmək çətinləşir. Humanitar fənlərdə, o cümlədən Azərbaycan dili, tarix, coğrafiya və digər sahələrdə isə əksər hallarda namizəd sayı daha çox olduğundan vakansiyaların dolma ehtimalı yüksək olur".











































