Mirşahin ANS-i qınayanları yıxıb-sürüdü- VİDEO

Mirşahin ANS-i qınayanları yıxıb-sürüdü-  VİDEO
Bütün Xəbərlər
01:04 17.03.2014
2141

Bu dəqiqələrdə bütün dünyanın diqqəti Ukraynaya, daha doğrusu Krıma yönəlsə də mən birbaşa televiziyalarımıza aid olan, hər birimizə toxunan məsələdən başlamaq istəyirəm.

Ukrayna qaçmır ki... Elə Krım da. Amma bizim verilişlər qaçır. Çünki onları qovurlar. Kim? Və niyə? Son zamanlar tez-tez eşitdiyimiz bir mürəkkəb söz birləşməsi var. Doğrudan mürəkkəb. Qatı və hər birimizi asanlıqla bulaşdıran mürəkkəb.

Əslində milli-mənəvi dəyərlər tam konkret bir sistemdir. Bura daxildir millətə məxsus bayraq, gerb, himn, ana dili, vətəndaşlıq, dövlət sərhədi, milli valyuta. Təxminən bu qədər.

Mənəvi dəyərin isə millisi, milsizi olmur. Bu, halallıqdır, vicdanlılıqdır, imandır, doğruculluqdur. Niderlandda da belədir, Kanadada da, Azərbaycanda da, Tehranda da. Yəni bura “yaşlı girəndə ayağa durmadın”, “uşağını atanın yanında qucağına aldın”, yaxud da “böyüyün üzünə ağ oldun” tipli səthi xüsusiyyətlərin inkişafdan qalaraq oturuşmuş Allah bilir haradan qaynaqlanan nimdaş stereotipləri daxil deyil.

Ağsaqqallıq, ağbirçəklik institutu aradan çıxmaqdadır və bunun səbəbi heç də “Adam içində”, “Ümid var”, “Səni axtarıram” deyil. Səbəb ağsaqqallığın ağsaqqallar, ağbirçəkliyin ağbirçəklərlə birlikdə dünyadan getməsidir.

Mənəvi dəyər dəyməz

Amma Mirzə Cəlil və Mirzə Ələkbər Sabirin işi elə ağsaqqalları və ağbirçəkləri tərbiyə etməkdən ibarət idi də... “Hophopnamə”yə baxın və hamamda yatan ağsaqqallarımızdan feyziyab olun. Və ya “çatladı, Xanbacı, qəmdən ürəyim” deyən ağbirçəklərimizdən.

Və kim mənə zəmanət verə bilər ki, bugünkü ağsaqqallarımız və ağbirçəklərimiz Mirzə Cəlilin və Mirzə Sabirin ruhunun yeri üçün burnumuzun ucunu göynətmir?!

Təsəvvür edin də, indi Sabir durub hansısa rüşvətxor xoşqeyrəti tənqid etməyəydi ki, böyüyün üzünə ağ olmazlar. Ya da mən nə vaxtsa böyük yazıçı olmuş, sonra da elə ikiqat-üçqat balacalaşaraq boyu bərabərinə alçalmış Əkrəm Əylisliyə toxunmayım...

Deməli, məsələ heç də milli və mənəvi dəyərlərdə deyil, onların calaq edilmiş, heç milli Miçurinlərimizin özünə də düz-əməlli məlum olmayan milli-mənəvi olaraq defislənmiş məzmunundadır. Bu isə dəyər deyil, sadəcə soxulcandır, çörək qırıntısı, qurddur. Balıq tutmaq üçün istifadə olunan vasitədir, hiylədir.

Bu gün onun taxıldığı qarmaq asanlıqla kiminsə ağzına ilişdirilir. İndi isə bir az da konkret olaq. Cənablar, daha doğrusu, yoldaşlar! Biz milli dəyərə - bayrağa, gerbə, himnə, ana dilimizə, dövlət sərhədimizə, milli valyutamıza ehtiramla yanaşırıq. Mənəvi dəyəri - halallığı, imanı və doğruculluğu təbliğ edirik. Onlara düzlənirik. Milli-mənəvi dəyər müfəttişləri isə elə həmin o defislə millini mənəvidən ayırırlar.

Son zamanlar pristup kimi gah tutan, gah da buraxan, yalnız Azərbaycana məxsus keçmişpərəstlikdən danışaq. Sanki bizi gələcəyə yox, keçmişə hazırlayırlar. Tezliklə yəqin belə demək lazım gələcək: uşaqlar bizim keçmişimizdir. Özü də bunu ANS-ə deyirlər. O xəbər məmilərinə ki, vicdanlılığı, dəqiqliyi, qərəzsizliyi, Azərbaycanda informasiyanın kəlmeyi-şəhadətinə çevirib.

Ağır, qanlı-qadalı yollardan keçmişik. Müharibələr... Qarabağ, Əfqanıstan, Çeçenistan, Gürcüstan, Misir, Liviya, Suriya...

Bu dövlətimizin yolunda dayanacaq kimi dəyişdiyi çevrilişlərdən keçmişik. İnqilablar yaşamışıq. Biz toyunda dava düşmüş şadlıq saraylarının vestibüllərinə qaynar nöqtə kimi baxmamışıq. Dost itirmişik, qardaş itirmişik... İndi bir təşkilat yaradıb qürrələnən bəzilərindən fərqli olaraq bu dövlətin uğrunda canımızı, qanımızı, həyatımızı vermişik. Və ona görə vermişik ki, onun bir vətəndaşı millət vəkili olsun, biri nazir, biri əsgər, biri jurnalist..., biri həbsxana nəzarətçisi...

ANS kabinetlərdə yox, səngərlərdə yaranıb. Və əgər bu gün milli dəyərlər varsa, mənəvi dəyərlər varsa, onun yaranmasında elə ANS iştirak edib. O döyüşlərdə axan qanı göstərməklə, bayrağımızın rənginə qırmızı, türkçülüyü aşılmaqla mavi, dinimizi uca tutmaqla yaşıl qatıb. Və əgər biz bu gün cəmiyyətə “Adam içində” “Toy olsun” təqdim ediriksə, deməli, bizim hansısa bir məqsədimiz var və bu məqsəd böyük ideyaların təbliğində ola bilsin ki, kiçİk bir taktiki gedişdir. Bəlkə də dərmanın üzünə yaxdığımız şirin məhluldur kimi, xəstə acısını duymasın, ekranın qarşısında qalsın ki, xəbərə baxsın. Marşa baxsın...

Bu gün cəmiyyətdə efirin və mətbuatın sovet kraxmalı üçün qəribsəyənlər var. Bəs biz Avropaya qovuşmuruq?! Amma formaca avropalı, məzmunca asiyalı oLmaq mümkün deyil. Bizi heç kim zorla avropalı olmağa məcbur etməyib ki... Xoşumuza gəlmirsə, qayıdaq kəndimizə. Yenə də qızlarımızı soruşmadan ərə verək. oğlanlarımızı oxumağa “əlif-zəbər-bey-zəbərbə” ardınca göndərək. Noxud üstündə oturdaq...

Əziz ideologiya xətkeşləri, sayılıb-seçilən günlərdə, sınaq şüşəsinə çevirdiyiniz ekranın yuxarı başına Heydər Əliyevin şəklini elə ANS çıxarıb ki... Zəlzələdə yer ayağınızın altından qaçanda ANS başına torpaq tökülsə də camaatın daxili sabitliyini qoruyub. Sizə elə gəlmirmi ifrata varırsınız? Mozaikalanmış kadrların bizim milli mentalitetimizi pozduğunu güman edirik. Bəs fiqurlu konkisürmə, balet, bədii gimnastika?! Bəlkə qadağan edək Türkmənistandakı kimi?

Heydər Əliyev senzuranı ona görə ləğv etməmişdi ki...

Heydər Əliyev senzuranı ona görə ləğv etməmişdi ki, bu gün bir başqa ad altında hansısa məmur onu bərpa etmək iddiasına düşsün. Senzuranı aradan o qaldırdı.

Prezident İlham Əliyev isə mətbuatın, medianın sərbəst fəaliyyəti üçün əlindən gələni edir. Onlarla şəxsən görüşür, onları qəbul edir. Hətta jurnalistlərə ev də tikdirir. Dövlət başçısı jurnalistləri qəbul edir. O, bir dost kimi bizim yanımızdadır. Xəstələnəndə belə ona üz tuturuq. Məhz yuxarıdan başlanan səmimiyyət ən adi, sosial statusuna görə kiçik insanı belə ürəkli olmağa vadar edir.

Buna görə indi insanlar kamera qarşısına, “mışdırlar, muşdurlar” deyən köhnə adamlardan fərqli olaraq daha səmimi çıxırlar. Onlar rahatca öz dərdlərini televiziyalara, amma televiziyalar vasitəsilə də elə özlərinə, xalqa etibar edirsə, bunun nəyi pisdir ki? Bu gün cəmiyyətdə nə daha böyük bəladır: korrupsiya, rüşvət, haram yemək, dövlət məmurunun az maaşa milyonçu məhəlləsi yaratması, hərbi xidmətdə özünü asan əsgərin ölümündən əvvəl evə “komandirimə mütləq kontur göndər, yoxsa mənə pis olacaq” SMS-i?

Məncə, ritorik sual oldu. Amma biz şəffaf cəmiyyətdən danışırıqsa, xalqın verəcəyi, bəlkə də öz tarixi keçmişinə öyrəşdiyi adət ənənələrə zidd məlumat verəcəyinə hazır olmalıyıq. Vətəndaş tutaq ki, hansısa əcnəbi futbolçunun ayağına Azərbaycanda qoyulan və gizli saxlanan fantastik qiyməti öyrənə bilmir, amma heç olmasa kiminsə qapısı arxasında baş verənlərlə bu aclığının gözünü doyurmaq istəyir. Televiziyada olan belə verilişləri bağlamaq hasarlarla xaricilərdən ətrafı gizlətməyə çalışmaq kimi bir şeydir. Onsuz da əcnəbi barının, hasarın o tərəfinə keçəcək.

Bu gün milli-mənəvi dəyərlər sadəcə spekulyasiya üçün əlyeri olub. Axı kimdir Azərbaycanda milli-mənəvi dəyərləri müəyyənləşdirənlər? Bu milli-mənəvi dəyərləri müəyyənləşdirən adamın özünün hansı milli-mənəvi dəyərləri var? Belə bir etalon varsa, buyurun göstərin. Məsələn, deyin ki, İmadəddin Nəsimi və ya Nizami Gəncəvi zühur edib və gəlib bizə Milli Televiziya və Radio Şurasının binasında bu mövzuda mühazirə oxuyacaq.

Məgər hansısa Məmmədağa milli-mənəvi dəyərlərə Mirşahindən artıq sadiqdir? Kimdir axı o bu Məmmədağa???

Bağışlayın, amma mənə elə gəlir ki, milli-mənəvi dəyərlər haqqında danışmağa cəsarət tapmağın özü mənəviyyatdan kənardır. Bəli xaricdə mənəviyyat polisi var? Amma onlar televiziya ilə yox, küçələrdə, məsələn, fahişələrlə mübarizə aparırlar? Və onlar həmin qüsurları və ayıb yerləri məhz televiziyada görüb mübarizə aparmağa gedirlər, televiziya bu halda yardımçı olur?! Çünki hər bir insanın yanında polis qoymaq mümkün olmaz.

Televiziya isə bütün cəmiyyətdəki çirkinlikləri göstərir. Və onu göstərəndə də bir məqsədi olur. Birincisi, xalq görsün ki, nə yaxşıdır, nə pis və pisi təkrar etməsin. İkincisi isə televiziyaya baxan məmurlara birbaşa vəzifələrini yerinə yetirmək üçün məlumat mənbəyi rolunu oynayır. Yəni baxsın, görsün və gördüyü problemi də gedib həll etsin...

Qəribə bir vəziyyətlə üzləşmişik. Məmur tələb edir ki, onun dediyini və quraşdırdığı heç bir təbii qanunauyğunluqla uzlaşmayan psevdo-qaydalarını yerinə yetirək.

Amma ANS-in tarixi sübut edir ki, məmurların tapşırığını yerinə yetirməmək də olar. Və bu bir çox hallarda dövlətə fayda gətirir.

Sizə bir misal gətirim. Məsələn, Ayaz Mütəllibov 1991-ci ildə Heydər Əliyevi göstərməyi qadağan etmişdi. Amma ANS göstərdi. Məmur iradəsinin əleyhinə olaraq. Millət həqiqəti gördü və bu həqiqətin ardınca getdi.

1991-ci ildə məmur bar-bağırdı ki, helikopter dumana düşüb, qayaya dəyib qəzaya uğrayıb. ANS məmurun dediyini demədi, düzünü göstərdi. Millət gördü ki, həqiqəti duman arxasında saxlamaq olmaz.

1992-ci ilin fevralında məmur and-aman etdi ki, Xocalıda iki nəfər ölüb və hamı şəhərin müdafiəsinə qalxıb. Çingiz Mustafayev isə məmurun dediklərini yox, gördüklərini, çəkdiklərini göstərdi. Xalq hər şeyi gördü.

1992-ci ilin 8 mayında dövlət məmuru ANS-ə Şuşanın işğal xəbərini verməyi qadağan etdi. Yalandan dedi ki, Şuşa hələ bizdədir. Amma biz məmuru yox, həqiqəti üstün tutduq. Və millət doğrunu bizdən gördü...

Bütün bunları deməkdə məqsədim odur ki, hər kəs öz işi iplə məşğul olmalıdır. Biz nəyisə göstəririksə, demək, o var. Və bu gün sosial problemləri, məişət qayğıları ilə ANS-ə üz tutan insanlar da var, onları göstərmək bizim işimizdir.

Televiziya güzgüdür. Biz Lütfizadəni də göstəririk. Tahir Salahovu da. Heydər Əliyevi də göstəririk. Çingiz Aytmatovu da, Rostropoviçi də. Amma kiçik adamları da biz özümüz yaratmamışıq. Ona görə də doğma Rüstəm dayılarımızla işləyirik. Xəstə rentgen aparatından lüt görünə bilmək təhlükəsinə görə imtina etməməlidir.

Tutaq ki, biz bu insanları göstərmədik, onlar mövcud olmaqlarını dondururlar. Onda öz qızına sataşmaq istəyən ata sakit dayanacaq, yoxsa öz anasını döyməyə tolazlanmış biqeyrət övlad əllərini peşmançılıqla yanına salacaq? Əksinə, indi məhz “Adam içində”lərin sayəsində ictimai xof var. Bu verilişlər olmasa, “məni sabah bütün ölkədə biabır edərlər” xofu işləməyəcək. O insanların əl-qolu açılacaq. Onları göstərən tribuna olmayacaq. Qapazaltılar isə yenə də öz işgəncəli həyatlarını sürəcəklər. Sürüyəcəklər. Bax, budur əsas məsələ.

Biz kimə işləyirik? Biz gözümüzü yumsaq, onlar yox olacaq? Əlbəttə ki, yox. Biz o insanların əlinə işləməli olacağıq ki, anaya qalxır, qızının alt paltarına uzanır, atasını döyür, bacısını küçəyə itələyir...

Mən sizə dünyada onlarla veriliş göstərə bilərəm ki, orda biz, teleməmur dostlarımızı şoka salan epizodlar görə bilərik. Türkiyədə də, Britaniyada da... ABŞ-da da belədir. Biz inkişaf etməyi o dövlətlərdən öyrəniriksə, şəffaf olmaq istəyiriksə, xalqın hökumətə göstərdiyi nümunəni düz anlamalıyıq. Hökumət də xalq kimi açıq olmağa meylli olmalıdır.

Bu gün artıq bizə baxmırlar!!! Ona görə ki, camaata onun baxmaq istədiyini göstərmək lazımdır! Ona görə ki, insanlar daha “dırmaşenko” lətifəsinə gülmürlər. “Möhsün yaralanmışdır, bir bax, ürəyi qandır” kimi dayaz replikalara, “şoğərib əlimə yapışıb a”ya gülmür. Eləcə də “Sanqam”a ağlamır. Onlara bu gün Elgiz, Zaur, Xoşqədəm, “Alın yazısı” lazımdır.

Biz evimizi qorumalıyıq

Ağsaqqallar isə artıq uduzub. Müharibədə, inqilabda, öz yerlərini. Bir çevriliş baş verib. Bu məğlubiyyəti isə “Ümid var”ın ayağına yazmayaq. Dünya okeanında şirin sudan ibarət muxtar gölməçə-gölməçə salmaq olmur. İndi heç bir informasiyanın qarşısını almaq mümkün deyil. İnternet var. Sosial şəbəkə var.

Biz tez-tez Azərbaycanın ərazi bütövlüyündən danışırıq. “Filankəs tanıdı, filankəs tanıyacaq” deyirik. Bəs vətəndaşı qoruya bilirik? Tutaq ki, məmurlarının zövqünü oxşamayan, sadə camaatın xoşuna gəlməyən bir veriliş bağlandı. Bəs onun tamaşaçısı necə olsun? Doğrudanmı o başlayacaq avtomatik olaraq marş verilişinə və ya AzTV-nin “Mən azərbaycanlıyam” oyun şousuna baxmağa?

Oyununuz olsun. Yox, əlbəttə. Həmin tamaşaçı azmış durna balası tək başlayacaq başqa kanalı, öz karvanını axtarmağa. Daha bu, artıq başqa söhbətin mövzusudur ki, onun tapdığı veriliş hansısa xarici ölkənin televiziyasına məxsusdur.

Azərbaycan bu gün ilk dəfə ona nail olub ki, bizdə seçim var. Kim hansı kanalı istəyirsə, ona da baxa bilir. Amma məmurlar var ki, istərdi bütün kanallara o baxsın və sonda deyə bilsin bütün televiziyalar mənə baxır...

Əcnəbi telekanallar güclü siyasi vasitədir. Bu vasitə ilə Azərbaycanın evləri mənzilləri işğal oluna bilər və olunmaqdadır. Minlərlə, yüz minlərlə mənzil var ki, oranı artıq yadelli kanallar işğal edib. Azərbaycan tamaşaçısını tutub saxlayan iki cüt bir tək verilişin üzərində isə görün nə qədər qara kölgə hərlənir.

Ümid sonuncu ölür deyərdik. İndi əvvəldə ölür və tamaşaçı qaçır qonşu kanala ki, bəlkə orda ümid yeri var...

Biz hara gedirik, qardaşlar??? 70-ci illərin diktor televiziyasına? Niyə? Bəlkə mentalitet, milli-mənəvi dəyərlər söhbəti deyil heç?! Bələ sadəcə birbaşa efirdən, sərbəst söhbətdən, sərbəst düşüncə tərzindən qorxuruq. Niyə? Axı prezident bizim dostumuzdur? Bunu bilirik! Hamı bilir! Bəs o qüvvələrin dostu kimdir?

Biz evimizi qorumalıyıq. Azərbaycan tamaşaçısı qoy yaxşısı budur ki, saatlarla oturub hansısa rayonun adi insanının uğradığı sosial, mənəvi, maddi qəzaya, onun aradan qaldırılması üçün var gücü ilə çalışan xalq ekspertlərinə baxsın, nəinki eyni işi görən Rusiya, Türkiyə, İran kanalına...

Dövlət Sərhəd Xidmətinin sayəsində sərhədlərimiz pozulmur. Amma bu, yalnız bir sərhəddir. Bəs mənəvi sərhədlərimiz? Məncə, ciddi söhbətin üstünə çıxdıq. Bu sərhədi pozaraq evimizə, balalarımızın beyninə soxulan o qədər pozucu, xəfiyyə var ki... Bax, elə bizim də bayaq qeyd etdiyimiz məqsəd nə yolla olur-olsun tamaşaçımızı televiziyamıza qaytarmaqdır. Bu, baş verəndə isə cəza alırıq, cərimələnirik...

Azərbaycan tamaşaçısı bu gün başqa kanallara vərdiş edir. Vərdişi isə tərgitmək çox vaxt mümkün olmur.

Milli Televiziya və Radio Şurası yarananda sevindik. Prezidentə təşəkkür etdik. Düşündük ki, televiziyaların problemlərini həll etməyə kömək edən bir hami, əsl dost tapacağıq. Bu qurum bizim ümid yerimiz olacaq. Amma...

Bu “amma”nı bir kənara qoyub iki-üç sual vermək istəyirəm. Elə hamımıza.

Şura yaranandan bəri hansısa mötəbər bir seminarlar, treninqlər keçiribmi?

Ən yaxşı müxbirlərin, ən yaxşı operatorların müəyyənləşdirilməsi üçün hər hansı tədbir keçiribmi?

Dünyanın hansı tanınmış telejurnalisti ilə bir görüş keçirib?

İki il əvvəl əfsanəvi telejurnalist Lari Kinq Bakıda olanda hamımız gözləyirdik ki, Televiziya Şuramız bu peşəkarla master-klaslar təşkil edəcək. Ancaq ANS-in imkanı yalnız öz əməkdaşları ilə onun görüşünü təşkil etməyə çatdı.

Biz mühazirələrə peşəkar Leyn Devisi dəvət edirik ki, aparıcılarımıza efir davranışından kurs keçsin. Məncə, belə işlərlə Milli Televiziya və Radio Şurası məşğul olmalıdır. Televiziyaların koordinasiya mərkəzi kimi. Necə ki, bunu Mətbuat Şurası edir. Mətbuat Şurası özünü qamçıya bənzətməməlidir... (ANS TV).

OXŞAR XƏBƏRLƏR